İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan xalqı xilaskarını unutmur

Deputat: “Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü milli bayram kimi qəbul edilir”

Azərbaycan xalqı Ümummilli lider, müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü qeyd etdi. Ulu öndərlə bağlı keçirilən tədbirlərin bir çoxunda müstəqil Azərbaycanın Konstitusiyasının müəllifinin məhz Heydər Əliyev olduğuna xüsusi diqqət ayrıldı. Bu da təsadüfi deyil. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin əsas qanunu olan konstitusiyanın müəllifidir. Bu ifadə Azərbaycan Respublikasının Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu ilk konstitusiyasının 30, tariximizə qızıl hərflərlə yazılmış böyük qələbəmizin 5 illiyi münasibətilə “Konstitusiya və Suverenlik İli”ndə keçirilən tədbirlərin şüarına və rəmzinə çevrilib. 

Bu barədə “Yeni Müsavat”a danışan deputat Aydın Hüseynov bildirib ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü milli bayram kimi qəbul edilir: “Çünki Heydər Əliyev zəngin dövlətçilik irsi və mütərəqqi ideyaları, xilaskarlıq missiyası ilə əbədiyaşarlıq qazanıb: "Müdrik dövlət xadimi hələ sovet dövründə Azərbaycan SSRİ-nin rəhbəri kimi respublikamızın intibahına nail olub, gələcək müstəqilliyinin əsaslarını formalaşdırıb. Heydər Əliyevin həmin dövrdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində böyük siyasi-ideoloji əhəmiyyətə malik fəaliyyəti, o cümlədən Azərbaycan dilinin respublika konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olması və azərbaycançılıq ideologiyasının təşviqini daim diqqətdə saxlaması bu baxımdan xüsusi qeyd edilməlidir".

Deputat Aydın Hüseynov sosial şəbəkədə barəsində gedən yazıya aydınlıq  gətirdi - FOTO

Deputat əlavə edib ki, xalqımız hələ ötən əsrin 70-ci illərindən başlayaraq Ulu öndər Heydər Əliyevin Azərbaycanın taleyində yeni mərhələnin başlanğıcını qoyduğunu, müstəqilliyə gedən yolun təməllərini formalaşdırdığını, soy-kökümüzə, milli adət-ənənələrimizə qayıdış prosesinin böyük çətinliklə ilk cığırlarını açdığını çox yaxşı dərk edir və qiymətləndirir: “Məhz ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan Ulu öndərin inanılmaz səyləri ilə keçmiş sovetlər birliyinin geridə qalmış respublikasından sənayenin inkişaf etdiyi bir respublikaya çevrildi. İqtisadiyyat, sənaye, elm, təhsil, mədəniyyət sahələrində inanılmaz uğurlara imza atıldı. Sonralar - SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə də Ulu öndər bu vəzifənin ona verdiyi imkanları doğma xalqının rifahı və tərəqqisinə yönəltdi”.

Deputat qeyd edib ki, SSRİ-nin çöküşündən sonra yenicə müstəqillik əldə edən Azərbaycan parçalanmaq, bölünmək təhlükəsi ilə üzləşdiyi illərdə Ulu öndər Heydər Əliyev xalqımızın yenidən nicatı oldu:  “Ölkədə xaosun hökm sürdüyü, qonşu Ermənistanın ozamankı geosiyasi şəraitdən və respublikanın ağır vəziyyətdə olmasından istifadə edərək torpaqlarımızı işğal etdiyi bir vaxtda xalqın çağırışı ilə 1993-cü il iyunun 9-da Bakıya qayıdan və 15-də Ali Məclisin sədri, oktyabrın 3-də isə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev Azərbaycanı ciddi siyasi və iqtisadi problemlərdən, böhran vəziyyətindən xilas edərək inkişaf yoluna çıxarıb və ölkəmizə real müstəqillik qazandırıb. İctimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, milli birliyin təmini, ardıcıl sosial-iqtisadi və siyasi-hüquqi islahatların reallaşdırılması, müstəqillik dövründə ilk parlament seçkilərinin keçirilməsi və müstəqillik dönəminin ilk konstitusiyasının qəbul edilməsi Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edib. Bununla yanaşı, milli maraqlara əsaslanan uğurlu xarici siyasət kursu dünya birliyindən təcrid olunmuş Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmlənməsini və etibarlı tərəfdaş kimi tanınmasını şərtləndirib. Ulu öndər tərəfindən tez bir zamanda qüdrətli Azərbaycan dövlətinin inkişaf strategiyası müəyyən edildi. Bu strategiyanın siyasi, iqtisadi, hərbi, sosial sferalarda uğurla gerçəkləşdirlməsi üçün böyük layihələr həyata keçirildi. Azərbaycan etibarlı tərəfdaş kimi dünyada qəbul olundu. Ölkəyə yatırılan investisiyalar, həyata keçirilən beynəlxalq layihələr, misilsiz neft strategiyası dövlətimizi qüdrətləndirdi. Yenidən əldə edilən müstəqilliyimizin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi istiqamətində misilsiz işlər görüldü”.

A.Hüseynov vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixinə qızıl dövr kimi yazıldı: “Azərbaycanın bir dövlət kimi prioritetlərini, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyasını müəyyənləşdirən Ulu öndər Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi isə heç şübhəsiz ki, bu gün dünya siyasətinin fenomeni olan İlham Əliyev kimi siyasi varisini yetişdirməsi oldu. 2003-cü ildə xalqımızın birmənalı dəstəyi ilə Prezident seçilən İlham Əliyev ötən illər ərzində sarsılmaz təməlləri Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətini əzmlə inkişaf etdirərək, ölkəmizi dünyanın modern və qüdrətli dövlətlərindən birinə çevirdi, müqəddəs ata vəsiyyətini, xalqımızın ən ülvi arzusunu şərəflə yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyü və suverenliyini tam bərpa etdi”.

Hazırladı: Etibar SEYİDAĞA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR