Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyev İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ölkəmizdə səfərdə olarkən mətbuata verdiyi bəyanatında olduqca mühüm məqamlara toxundu.
Öncə o məqama diqqət yetirək ki, diplomatik əlaqələr tarixi boyunca, bu, İraq prezidentinin Azərbaycana ilk rəsmi səfəri idi. Şübhəsiz ki, bu səfər ölkələrarası münasibətlərin daha da güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq.
Qeyd edilib ki, İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik.
Heç şübhəsiz ki, İraq-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri, strateji, iqtisadi, biznes əlaqələrinin yüksəldilməsi baxımından bu səfərin gələcək üçün faydaları çox böyük olacaq.
Fikrət Yusifov
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, İraq Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olub: “İki ölkə arasında bu günə qədər mövcud olmuş iqtisadi əlaqələr hər iki ölkənin potensial imkanlarından aşağı olsa da, beynəlxalq platformalarda bir-biri ilə həmrəylik nümayiş etdirən İraq və Azərbaycan iqtisadi müstəvidə də əlaqələrini yetərincə genişləndirə bilərlər. Bu imkanlar var və hesab edirəm ki, İraq prezidentinin Azərbaycana ilk səfəri zamanı müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanmış 4 sənəd iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinin başlanğıcı hesab edilməlidir. İmzalanan sənədlər içərisində əhalinin sosial müdafiəsi və turizm sahəsində əməkdaşlığa dair memorandumlar diqqəti daha çox cəlb edir. Azərbaycan əhalinin sosial müdafiəsinin təşkili sahəsində çox yaxşı innovativ yanaşmaların müəllifidir və bu yanaşmaların İraq tərəfi üçün yetərincə maraqlı olacağına şübhə yoxdur. Turizm sahəsində əməkdaşlığın da geniş perspektivləri mövcuddur. Azərbaycan son illər turizmin sürətli inkişafı istiqamətində ciddi addımlar atır. İraqdan Azərbaycana çoxsaylı turistlərin gəlməsi mümkündür. Eyni qaydada Azərbaycandan İraqa hər il minlərlə dindar insanlar o torpaqlardakı müqəddəs yerləri ziyarət etmək üçün səfər edir. İki ölkə arasında turizm sahəsində əməkdaşlıq belə ziyarətlərin daha sivil bir formada təşkil olunmasına xidmət edə bilər. Hava əlaqələrinə dair saziş də iki ölkə arasında bu sahədə işlərin daha yaxşı təşkili üçün zəmin yaradır.
Siyasi məsləhətləşmələr sahəsində əməkdaşlığa dair Momerandum isə Azərbaycanla İraqın beynəlxalq müstəvilərdə bu günə qədər nümayiş etdirdikləri birliyin daha da möhkəmlənməsinə xidmət edəcək.
Gələcəkdə iki ölkə arasında yanacaq-energetika sahəsində əməkdaşlığın da böyük potensialı var. Çünki hər iki ölkənin böyük yanacaq enerji ehtiyatları var. Hesab edirəm ki, bu sahədə əməkdaşlıq yaxın perspektivdə hər iki ölkəyə həm iqtisadi, həm də siyasi müstəvidə yaxşı töhfə verə bilər".
“Bir neçə gün əvvəl İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir göstəricisidir. Bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin daha da güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq”.
Çingiz Qənizadə
Bu fikirləri qəzetimizə açqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib: “Dövlətimizin başçısı görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti, ümumiyyətlə, 1990-cı ildən bəri baş verənlər barəsində məlumat verdi. Bu da ondan irəli gəlirdi ki, İraq prezidenti ölkəmizə səfərini başa vurduqdan sonra Ermənistana səfər edəcəkdi. Ona görə də o, əsl həqiqətləri bilməli idi. Prezident həmçinin bildirib ki, Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Fransanın müstəmləkəçi olması artıq beynəlxalq ictimaiyyətə də bəllidir. Bugünlərdə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən "Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişafı" mövzusunda konfransın iştirakçılarına ünvanlanmış müraciətində dövlətimizin başçısı bildirdi ki, Fransa digər ölkələrdə etnik təmizləmə siyasəti həyata keçirir. O qeyd etdi ki, Fransa öz müstəmləkəçilik tarixinə görə üzr istəməlidir".
Hüquq müdafiəçisi deyib ki, Afrikadan qovulan Fransa indi də Cənubi Qafqaza göz dikib və çirkin niyyətini Ermənistanı silahlandırmaqla həyata keçirmək istəyir. O, dövlətimizin başçısının İraq Prezidenti ilə görüşündə Azərbaycanın qəti mövqeyini bir daha ortaya qoyduğunu xatırladıb: “Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Azərbaycan sülhə hazırdır. Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq”.
Aqşin Kərimov
Siyasi şərhçi Aqşin Kərimov çox maraqlı faktlara toxundu: “İraq prezidenti Əbdüllətif Camalın Azərbaycana səfər edərək Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ikitərəfli əlaqələri inkişaf etdirməyin düsturlarını tapmaq və onu dəyişən regional konfiqurasiyanın arasında mövqeləndirmək baxımından diqqətəlayiq idi: "Hər iki prezident mətbuata birgə bəyanat zamanı Azərbaycan-İraq münasibətlərinin səmərəli dərinləşməsini özündə ehtiva edən formulu qarşılıqlı iqtisadi əməkdaşlıq modeli qurmaq çağırışları ilə səsləndirdi. Amma Əliyevlə Camalın görüşünün daha geniş regional gündəliyi əhatə edən fazası da mövcuddur.
Niyə Fransa?
Əliyevin mətbuata birgə bəyanat zamanı Azərbaycan-Ermənistan münasibətlərindən bəhs etməsi, Fransanın regionda gizli və ambisiyalı gündəlik qurmaq planlarını qabartması Cənubi Qafqazla Yaxın Şərqin əlaqəli ola biləcək konteksti fonunda əhəmiyyətlidir. Bunun batinində duran motivləri təhlil etmək üçün Fransanın Cənubi Qafqaz və Yaxın Şərqin İraq cinahındakı mövqelərini bir-biri ilə calaq etmək tendensiyasına diqqət etmək lazımdır.
Yəqin ki, İlham Əliyev fikri Azərbaycanın İraqdakı iqtisadi iştirakında Fransanın maneəyaradıcı səylərinə yönəldir. Yoxsa çox asanlıqla və ilkin qənaətlə sual etmək olardı ki, Azərbaycan Prezidenti niyə məhz iraqlı həmkarının yanında Fransa ilə əlaqədar bəyanat səsləndirir?
Mövzu üzrə daha da dərin qatlara enmək üçün Fransa ilə İraqın münasibətlər sisteminə konseptual baxışla nəzər yetirmək ehtiyacı yaranır.
Öncəliklə bunu diqqətdən qaçırmayaq ki, Fransanın Yaxın Şərq regionu boyunca maraqları Böyük Britaniya və ABŞ ikilisinin enerji tədarükündəki üstünlük təşkil etdiyi məsələlərə ehtiyatla baxaraq şişir. Fransa 1920-ci illərdən bəri İraqın neft hasilatında 25 faizlik paya malik idi. Nəticədə, 1970-ci illərin sonunda İraq Fransanın özünün əsas ticarət, hərbi və nüvə texnologiyası tərəfdaşına çevrildiyini yeganə istisna kimi təqdim edib. Fransa da bunun qarşılığı olaraq İran-İraq müharibəsi zamanı Bağdadı yüksək texnoloji avadanlıqlarla silahlandırıb və onu Tehrana qarşı dəstəkləyib.
Amma Fransa 1990-cı ildə İraqın Küveyti işğal etməsinə qarşı ABŞ və Böyük Britaniya koalisiyasına qoşuldu, bununla da Parislə Bağdad körpüsü dağılmağa başladı. Bundan 13 il sonra - 2003-cü ildə ABŞ, Böyük Britaniya və Fransa üçlü ittifaqı İraqdakı müharibə nəticəsində dağıldı, çünki Parisin London və Vaşinqtonla prinsiplərinin toqquşması yenidən baş qaldırmışdı.
Vəziyyət o yerə çatmışdı ki, o dövrdə Fransanın prezidenti olmuş Jak Şirakın administrasiyası İraqın ABŞ tərəfindən işğalına etiraz etmişdi və Vaşinqtonun birtərəfli gündəlik formalaşdırmaq cəhdinə qarşı müxalif mövqedə idi. Amma bunun özü belə, Fransa ilə İraqın yenidən yaxınlaşmasını təmin etmədi.
Yaxın Şərqdə İŞİD terrorizmi səhnəyə çıxdıqda isə Fransa Yaxın Şərqdəki mövcudluğunu daimi əsasa çevirmək üçün siyasi, hərbi və humanitar vasitələrlə dəstək paketini xərclədi və bunun fonunda İraqla əməkdaşlığı canlandırdı. Sonradan, 2020-ci ildə İraq Fransanın yardımından faydalanan dövlətlər arasında ön sıralarda oldu.
- 2017-21-ci illər arasında Fransanın İraqa yardımı 60 milyon avroya çatıb;
- 2019-cu ilə qədər iki ölkə arasında ticarət mübadiləsinin həcmi 1,3 milyard dollar olub.
Deməli, Fransanın Yaxın Şərqdəki dirçəlişində İraqla münasibətlər alternativ pəncərələrdən biridir və indi Parisin regionda artan ambisiyaları Azərbaycanın İraqdakı maraqlarına qarşı stimullaşa bilər. Azərbaycana bu baxımdan Fransanın İraqdakı ambisiyalarını təhlil etmək əhəmiyyətlidir, burada təkcə iqtisadi əməkdaşlığa qarşı Parisin qura biləcəyi oyunlardan bəhs oluna bilməz. Çünki Fransanın İraqa doğru addımları Parisin Türkiyə əleyhinə şəbəkəsində birləşdirici halqadır. Fransa regional güc mərkəzi olan Türkiyənin İraqda dominantlıq etdiyi bölgələrdə mövcudluğunu artırmaq cəhdlərini gizlətməkdən qaçmır. Fransanın belə fürsətçi radarlar quraşdırması Bakı-Ankara strateji müttəfiqliyinin regiondakı birgə maraqlarına qarşı qiymətləndirilir. Mənim düşüncəmə əsasən, İlham Əliyevin iraqlı həmkarına Azərbaycan-Ermənistan münasibətləri fonunda Fransa ilə bağlı mövqeyini çatdırması daha böyük bir gündəliyin ortaya çıxardığı çağırışın qiymətləndirilməsidir".
Cavanşir ABBASLI
“Yeni Müsavat”
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ