İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Ermənistan qoşunları geri çəkə bilər iddiası - “Bufer zona”...

Rəsmi İrəvanın hiyləgər gedişi: Azərbaycan sərhədçilərinin geri çəkilməsi halında strateji yüksəklikləri zəbt etmək, Avropa İttifaqının missiyasını bu ərazilərə yerləşdirmək planı ortada

Rəsmi İrəvan müxtəlif yollarla 2020-ci ilin üçtərəfli razılaşmasında əksini tapan öhdəliyə əməl edərək Zəngəzur dəhlizinin açılması istiqamətində addım atmaqdan yayınır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, ölkəsi Gümrü-Qars və Arazdəyən - Naxçıvan dəmir yollarını bərpa etməyə hazırdır.

Azərbaycan və Türkiyədə Zəngəzur dəhlizinin tikintisi ilə bağlı işlər sürətli şəkildə icra olunduğu halda, A.Mirzoyan hələ indi dəmir yolunun bərpasından danışmağa başlayıb, lakin ölkəsi hələ də daşı daş üstə qoymayıb.

Bu, Ermənistanın sülhün dayanıqlı olmasına maraq göstərmədiyini bir daha isbatlayan faktdır. Amma təkcə budurmu? Növbəti Mirzoyan “nümunə”sindən bəhs edək. “Ermənistan və Azərbaycan qoşunların dövlətlərarası sərhəddən çıxarılması ideyasını müzakirə edir”. “Yeni Müsavat” “Armenpress”ə istinadən bildirir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Ermənistan XİN başçısı qeyd edib ki, “qoşunların çıxarılması müsbət effekt verəcək və mümkün yeni eskalasiyanın qarşısını almağa kömək edəcək. Bununla belə, nazir hələlik razılığın əldə olunmadığını vurğulayıb.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl keçirdiyi mətbuat konfransında tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması ilə yanaşı, sərhəddə bufer zonanın yaradılması təklifini edib. Belə görünür ki, Ermənistan, həmişəki kimi, ikili oyun oynayır. Sərhədyanı bölgədən qoşunların güzgü effekti ilə geri çəkilməsinə gəlincə, ermənilərə etibar yoxdur. Əgər biz çəkilsək, bufer zona yaratsaq, onlar yenə nə isə edəcəklər. Bu arada, Avropa İttifaqı müşahidəçilərinin sayını artırır Ermənistanda. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bildirib ki, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri qurumun Ermənistandakı mülki missiyasının sayını artıracaq. “Bu gün Aİ Şurası Ermənistandakı mülki missiyamızı gücləndirmək, oradakı mövcudluğumuzu 138 nəfərdən 209 nəfərə çatdırmaq qərarına gəlib” - Borrel deyib.

Beləcə, Aİ sülhün əldə olunması üçün heç bir rola malik olmayan, əksinə, gərginliyi tətikləyən missiyasını genişləndirir, hətta qarşıdakı günlərdə İrəvana texniki heyətin göndəriləcəyi anonsunu verir, Ermənistan isə bu məkrli proseslərin fonunda Azərbaycana qoşunlarını geri çəkmək təklifini verir. Bu, o demək deyilmi ki, İrəvan Aİ-nin missiyası üçün yeni ərazilər hazırlayır?

Göründüyü ki, Ermənistan XİN rəhbərinin özünü “mələk” libasında təqdim etməyə cəhd göstərməsi, guya eskalasiya riskini aradan qaldırmaqdan ötrü qoşunların güzgü prinsipi əsasında geri çəkilməsi təklifini irəli sürməsi səbəbsiz deyil. Qarabağ hadisələri başlayandan bəri Azərbaycan dəfələrlə xoş məram nümayiş etdirib. Yada salaq ki, hətta azərbaycanlılardan ov tüfəngləri yığışdırıldığı halda, Qarabağdakı separatçılar, saqqallı quldurlar sürətlə silahlanır və əhalimizə qarşı soyqırım törədirdilər. Bu mənada Fransa, Kanada, Almaniya və digər ölkələrin Ermənistanda öz “mülki” missiyası ilə mövcudluğu halında, üstəlik, bu ölkənin zirehli hərbi texnika, raket və radar sistemləri ilə təchiz olunması şəraitində Azərbaycanın öz qüvvələrini geri çəkməsi növbəti sərhəd təxribatlarına gətirib çıxara bilər. Yeri gəlmişkən, bu gün Azərbaycanın sərhəd bölgəsində, hətta Laçının Zabux kəndində insanlar sakit və firavan həyatını yaşayırlar. Hansısa istiqamətdə geriçəkilmə insanlarımızın rahat həyatını poza bilər ki, dövlətimiz heç zaman buna getməz. Ekspertlərimiz necə düşünür: İrəvan bu kimi ikibaşlı təkliflər irəli sürməklə nəyə nail olmaq istəyir? Yeni  erməni kələyidirmi?

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

Elxan Şahinoğlu

 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan öz ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini bərpa edib: “Əsirlərin dəyişdirilməsi və Ermənistanın Bakıda gələn il iqlim dəyişikliyi ilə bağlı beynəlxalq konfransa razılıq verməsi iki ölkə arasında inam atmosferinin yaradılması üçün atılmış addımlardır. İnam atmosferinin gücləndirilməsi üçün başqa addımlar da atıla bilər. Qoşunların sərhəddən geri çəkilməsi o şərtlə mümkündür ki, Azərbaycanın nəzarətdə saxladığı strateji yüksəkliklərə təhlükə yaranmasın. Çünki Ermənistan iddia edir ki, guya həmin yüksəkliklər Ermənistana aiddir. Həmin yüksəkliklərin nəzarətə götürülməsi yolunda şəhidlər vermişik və düşməni geri çəkilməyə məcbur etmişik. Ermənistan 30 il əvvəl həm torpaqlarımızı, həm də sərhədimizi işğal etmişdi. Biz həm torpaqlarımızı geri qaytardıq, həm də sərhədi nəzarətə götürdük”. E.Şahinoğlunun sözlərinə görə, əlbəttə, sərhədə yaxın ərazidə böyük qoşun hissələrinin hər iki tərəfdən geri çəkilməsi müzakirə oluna bilər: “Ancaq bu, sərhədin və strateji yüksəkliklərin boşaldılması anlamına gəlmir, sərhədçilərimiz xidmətlərinə davam edəcəklər, qoşunlar qarşılıqlı olaraq geri çəkildikdən sonra qarşı tərəf bizə problem yaratmaq istəyərsə, ordumuz və komandolarımız yenidən sərhəddə mövqe tuta və mümkün təxribata cavab olaraq hətta Ermənistanın içərilərinə doğru irəliləyə bilər”. O ki qaldı Avropanın sərhəddə artan missiyasına, politoloq hesab edir ki, onlar yerlərindən tərpənə bilməzlər: “Əslində onların sayının artırılması məntiqsizdir, 19 sentyabr antiterror əməliyyatından bu yana sərhəddə gərginlik yoxdur. Sakitlikdirsə, sayı niyə artırırlar? Demək, Avropa missiyasının Ermənistan ərazisində sayının artırılması və sərhəddə monitorinq aparılması Azərbaycanla əlaqəli deyil, Brüsselin məqsədi Rusiyanı Ermənistanda sıxışdırmaqdır. Bu isə bizim problem deyil, Rusiya ilə Ermənistan arasındakı məsələdir”.

Sahib Məmmədov: “Azərbaycanda Əmək Məcəlləsi yenidən yazılmalıdır” -  12.06.2018, Sputnik Azərbaycan

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədovun sözlərinə görə, əgər söhbət silahlı qüvvələrin qoşun birləşmələrindən gedirsə, onların dislokasiya yerinin qismən dəyişməsi bəlkə də mümkündür: “Amma sərhəd qoşunlarının mövqelərindən geri çəkilməsi ağlabatan görünmür və fikrimcə, bunun üçün hər hansı zərurət yoxdur. Bizə bufer zona yaratmaq deyil, demilitasiya və sonradan demarkasiya proseslərini həyata keçirmək lazımdır”. S.Məmmədov hesab edir ki, bundan sonra münasibətlər yaxşılaşdıqca müxtəlif növ qoşun birləşmələrinin nisbi yerdəyişməsi baş verə bilər: “Bufer zona yaratmaq və həmin hissələrə sonradan beynəlxalq müşahidəçi adı altında qüvvələr yerləşdirmək hansı zərurətdən irəli gələ bilər? Əgər sərhədlər müəyyən edilsə və imzalanacaq sülh müqaviləsində hər iki tərəf öz üzərinə ərazilərin bütövlüyü və toxunulmazlığı, hücum etməmək haqqında öhdəlik götürəcəksə, o zaman bu, dəfələrlə ciddi qarantiya olacaq, nəinki qoşun birləşmələrinin nisbi olaraq yerdəyişməsi. Azərbaycan heç bir halda bütün sərhəd boyu möhkəmləndiyi strateji nöqtələri tərk edə bilməz. Bəlkə də bu, bəzi kiçik ərazilərdə, o da müvəqqəti olaraq edilə bilər ki, delimitasiya prosesləri həyata keçirilsin”. STM təmsilçisi qeyd etdi ki, Avropa İttifaqının təqaüddə olan kəşfiyyatçılarının, hərbçilərinin hər hansı ad altında Azərbaycanın suveren ərazilərinə ayaq basmasını yolverilməz hesab edir.

AbzasMedia - Qafar Çaxmaqlı: "Erməni dilini bilmək ermənilərlə işləmək üçün  vacibdir"

Qafar Çaxmaqlı

Erciyes Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı isə bu fikirdədir ki, Ermənistanın xarici siyasəti ölkəsinin “təhlükəsizliyini” təmin etmək üçün beynəlxalq sülhməramlıların bölgəyə gətirilməsinə nail olmaqdır: “Avropa İttifaqının müşahidəçilərinin burada bulunması və onların son günlər sayının artırılması Ermənistanın bu siyasətinə Qərbin dəstək verməsi anlamına gəlir. Azərbaycanın sərhəd xəttində əlverişli mövqelərdə olmasını da beynəlxalq güclərin köməyi ilə minimuma endirmək istəyirlər. Bufer zona təklifi də bundan qaynaqlanır. Onlar beynəlxalq təzyiqi artıraraq Azərbaycan Ordusunu bu əlverişli mövqelərdən uzaqlaşdırmaq istəyirlər. Son günlərdə XİN başçısının və Paşinyanın bəyanatları buna hesablanıb. Sülh müqaviləsini imzalamadan öncə Ermənistan mövqe üstünlüyünə nail olmaq istəyir”. Q.Çaxmaqlı qeyd etdi ki, hələlik bunlar təklifdir və beynəlxalq birliyin hələ buna reaksiyası olmasa da, danışıqlar predmeti kimi ortaya atılması faktdır və Azərbaycanın sərt reaksiyası olmalıdır: “Ermənistan özünü guya sülh müqaviləsi tərəfdarı kimi göstərir, amma bu ölkənin dərdi anlaşmaya varmaq kimi bir dərdi yoxdur. Sadəcə olaraq, sülhlə bağlı manipulyasiya edir. Qalib ölkə kimi biz Ermənistanın nazı ilə oynamamalıyıq, ermənilər bizim güclü tərəf olmağımızı bilirlər. Onların təklif və hansısa şərt irəli sürməsi qəbul edilə bilməz. Lap təzyiqlər Avropadan, Amerikadan gəlsə, belə...”

Ümumiləşdirsək, Ermənistan unutmamalıdır, proseslərdə diktə edən tək tərəf var, o da qalib Azərbaycandır! Bundan sonra hər hansı hiylələr keçərli deyil, bizə bir əsrlik təcrübə yetərlidir...

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR