İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Ermənistan müdafiə nazirləri Pekində - Papikyanın Çindən umacağı

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 10-cu Pekin Syanşan Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasında işgüzar səfərdədir.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, səfər çərçivəsində müdafiə nazirinin Çinin hərbi rəhbərliyi ilə görüşü, eləcə də bu ölkənin müdafiə sənayesi kompleksinə daxil olan bir neçə şirkətini ziyarəti nəzərdə tutulur.

Keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.

Bildirək ki, Ermənistanın müdafiə naziri Suren Papikyan da Çindədir.

Məlumdur ki, neçə vaxtdır İrəvan Rusiya xaric, bir sıra  silah tədarükçüləri olan ölkələr (Fransa, Hindistan, İran) hesabına cidd-cəhdlə silahlanmağa çalışır. Çin bu xüsusda nə dərəcədə Ermənistana kömək edə bilər? Ermənistanın Çindən silahlar alması üçün iqtisadi-maliyyə imkanları yetərlidirmi?

Bəs Azərbaycan-Çin hərbi əməkdaşlığı nə yerdədir və dərinləşmə perspektivi varmı?

Yusif Bağırzadə: "Ədliyyə Nazirliyi tərəfindən siyasi partiyaların qeydə  alınması təqdirəlayiq haldır"

Yusif Bağırzadə: “Ermənistanın indiki imkanları və hərbi büdcəsi ilə Çinlə böyük həcmli müqavilələr imzalaması mümkün deyil”

Siyasi ekspert Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Pekinlə Bakı arasında müxtəlif istiqamətlərdə kifayət qədər yaxşı əməkdaşlıq əlaqələri mövcuddur: "Energetika, kənd təsərrüfatı, nəqliyyat, yüngül sənaye və digər sahələrdə əməkdaşlıq hər keçən il daha da genişlənir. Bu ölkə Azərbaycanın neft-qaz layihələrində iştirak edir. Bundan başqa, son zamanlar maşınqayırma sahəsinə də xüsusi maraq göstərir. Tarixi “İpək Yolu” layihəsinin bərpasında da Azərbaycanın ən yaxın tərəfdaşlarından biri təbii olaraq Çin Xalq Respublikasıdır. Çinin digər dövlətlərlə münasibətlərində beş əsas prinsip, yəni dövlətlərin suverenliyi, ərazi bütövlüyü, münaqişələri dinc yolla, müdaxilə etmədən tənzimləmək, dövlətlərin beynəlxalq hüquq qarşısında bərabərliyi və müxtəlif quruluşlu ölkələrin dinc-yanaşı yaşaması prinsipi dayanır: “Bu da öz növbəsində bizim maraqlarımıza cavab verdiyi üçün Azərbaycanın Çinlə hərbi-texniki sahə də daxil olmaqla, bir çox sahələrdə paralel əməkdaşlıq etməsi təbiidir.

ÇXR dünyada 200 milyard dollardan çox hərbi büdcə ilə silah ixracına görə ABŞ-dan sonra ikinci yeri tutur və 1964-cü ildən etibarən rəsmən nüvə dövlətidir. Son 25 il ərzində sürətlə inkişaf edən Çin hərbi sənaye kompleksi nəticəsində Çin dünyada ABŞ-dan sonra ən müasir 5-ci nəsil qırıcılara sahib ikinci ölkəyə çevrilib. Hipersəs silahlar, aviadaşıyıcılar, yeni ÖAQ, tanklar və s. avadanlıqlar bu ölkə ilə hərbi sahədə əməkdaşlığı zəruri edir.

Çin hərbi sənaye kompleksinin istehsal etdiyi müasir silahlar siyahısına təkrar istifadə olunan hipersəs təyyarə, süni intellekt sistemləri, supersəs mühərriklər, lazer silahları, relsli aparatlar, peykləri və dronları məhv etmək üçün müxtəlif vasitələr daxildir. Son onilliklər ərzində Çin hərbi texnikanın modernləşdirilməsində, o cümlədən Rusiya və Ukraynadan əldə etdiyi sovet texnologiyalarının yenilənməsi ilə bağlı ciddi irəliləyişlər əldə edib. Odur ki, Azərbaycan Respublikasının da ÇXR-in hərbi nailiyyətlərindən yararlanması tamamilə gözləniləndir. İstənilən halda Çindən hərbi sənaye kompleksinin inkişafı baxımından öyrənilməli çox şey var.

Bu baxımdan da müdafiə naziri Zakir Həsənovun Çin Xalq Respublikasına səfəri və səfər çərçivəsində Çinin Mərkəzi Hərbi Şurasının sədr müavini general-polkovnik Can Yousia ilə görüşü iki ölkə arasında hərbi əməkdaşlıq imkanlarının genişlənməsi baxımından olduqca əhəmiyyətlidir.

Hələ bir neçə ay bundan əvvəl Çin Xalq Respublikasının ölkəmizdəki səfiri də Azərbaycanla Çin arasında hərbi sahədə əməkdaşlıq imkanlarına toxunarkən bu münasibətləri “Daim dəyişən dünyada iki ölkənin silahlı qüvvələri arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşməsi köklü maraqlara cavab verir”, - deyə xarakterizə etmişdi".

Ermənistana gəldikdə isə ekspert qeyd etdi ki, bu ölkə artıq uzun müddətdir Çinlə hərbi sahədə əməkdaşlığa can atır. Hətta 2018-ci ildə Ermənistanın o zamanki müdafiə naziri bu məqsədlə Çinə səfər də etmişdi. Lakin məsələ ondadır ki, həmin vaxt faktiki olaraq Rusiyanın forpostu qismində çıxış edən Ermənistan rəsmi Kremlin sərt təpkisi ilə üzləşdi və Çində istədiyini əldə edə bilmədi: “Rusiyadan faktiki olaraq su qiymətinə silah alan Ermənistanın Çin silahlarına maraq göstərməsi təbii olaraq Rusiyanı qıcıqlandırmışdı.

Məsələ burasındadır ki, indi də vəziyyət dəyişməyib. Sadəcə, Ermənistan oz ağalarını dəyişməyə cəhd göstərir. Və bu gün Ermənistana silah satan Hindistan, Fransa kimi ölkələr təbii olaraq onun Çindən silah almasında maraqlı deyillər. İkincisi isə Çin kimliyindən asılı olmayaraq heç kimə havayı silah vermək niyyətində deyil. Odur ki, Ermənistanın indiki imkanları və hərbi büdcəsi ilə Çinlə böyük həcmli müqavilələr imzalaması mümkün deyil".

Fikrət Yusifov İctimai Nəzarət Mərkəzinin icraçı direktoru seçilib

Fikrət Yusifov: “Azərbaycanın müdafiə vnazirinin bu səfəri heç də təsadüfi sayıla bilməz”

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov isə bildirdi ki, hərbi gücün nə demək olduğunu biz 44 günlük Vətən savaşında bir daha əyani şəkildə gördük. Dünya hərb sənayesinin son nailiyyətləri əsasında istehsal edilmiş hərbi texnikaya sahiblənmiş Azərbaycan Ordusu düşmənə göz açmağa aman vermədi: "Dünya hərb tarixində ilk dəfə Azərbaycan Ordusu pilotsuz uçuş aparatlarından geniş miqyasda istifadə etməklə keçirdiyi hərbi əməliyyatlarla master-klass göstərdi. Böyük məharətlə aparılan bu uğurlu hərbi əməliyyatlar sonradan aparıcı ölkələrin orduları tərəfindən öyrənilməyə başladı. Eyni zamanda dünyanın qabaqcıl silah istehsalçılarının Azərbaycanla əməkdaşlığa marağı artdı. Məhz 44 günlük müharibədəki qələbəmizdən sonrakı dövrdə Çin və digər vacib silah istehsalçısı olan dövlətlərlə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları genişlənib. Azərbaycan Ordusu   eyni uğura cari ilin 19 sentyabrında bir sutkadan bir qədər də az vaxtda keçirdiyi əməliyyatla imza atdı. Ordumuz Qarabağda 35 il kök salıb qara yaraya çevrilmiş separatizmin kökünü kəsməklə dünyaya yeni bir hərb nümunəsi təqdim etdi. Ordumuzun sahib olduğu yüksək dəqiqliyə malik müasir silahlardan istifadə etməklə keçirdiyi hərbi əməliyyat zamanı bir nəfər də olsun mülkü şəxsə xətər yetirilmədi.

Bu gün dünya hərb sənayesi sürətlə inkişaf edir. Dünən modern hesab edilən silahlar sabah və ya bir neçə gün sonra artıq mənəvi köhnəlmiş silahlar qrupuna aid edilə bilər. Odur ki, biz daima yenilik axtarışında olmalıyıq. Qonşuluğumuzda bu qədər mənfur, məkrli və qisas hissi ilə nəfəs alan bir xalqın olması səbəbindən biz Ordumuzun ən müasir silahlarla təchiz olunmasını təmin etməyə borcluyuq. Bu məsələdə vəsaitə qənaət etməkdən söhbət gedə bilməz. Azərbaycan hökuməti ölkəmizin 30 ildə yaşadığı işğal məşəqqətlərinə rəğmən öz ordusunu mütəmadi olaraq günün ən müasir silahları ilə təmin etməlidir. Dövlət başçısı bununla bağlı verdiyi bəyanatlarda kursumuzun məhz belə olduğunu dəfələrlə bəyan edib.

Azərbaycan müdafiə nazirinin Çinə səfəri və bu səfər zamanı Çinin hərbi sənaye kompleksinə daxil olan şirkətlərə baş çəkməsi də yuxarıda dediyimiz kursun reallaşdırılması istiqamətində atılan addımlardır".

F.Yusifov qeyd etdi ki, Çin bu gün yüksək dəqiqliyə malik hərbi məhsullar istehsalı kursunu götürüb. Ona görə də Azərbaycan müdafiə nazirinin bu səfəri heç də təsadüfi sayıla bilməz. Ermənistana gəldikdə isə bu ölkə Azərbaycanla müqayisə aparıla biləcək heç nəyə sahib deyil. Ermənistanın büdcəsi də Çindən ən müasir silah və hərbi texnikalar almasına mütənasib deyil".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR