Onlayn ictimai-siyasi qəzet
İtaliyanın paytaxtı Roma iyulun 10-11-də Ukraynanın Bərpası Konfransına ev sahibliyi edəcək. İtaliya və Ukrayna hökumətləri konfransda iştirakla bağlı 100-dək ölkəyə, onlarla beynəlxalq və maliyyə təşkilatına, 2500 şirkətə, yerli hakimiyyət orqanlarına, iki ölkənin və beynəlxalq vətəndaş cəmiyyəti birliklərinə dəvət göndərib.
Konfransda Ukraynanın yenidən qurulması, islahatlar və modernləşdirilmə planları kimi məsələlər müzakirə olunacaq.
Ukraynanın xarici işlər naziri Andriy Sıbihanın Bakıya son səfərində Azərbaycan XİN rəhbəri deyib ki, Azərbaycan Ukraynanın Bərpası Konfransına önəm verir və bunun bərpa prosesi üçün əhəmiyyətli tədbir olduğunu düşünür: “Ona görə Azərbaycan da bu tədbirin iştirakçısı olacaq”. XİN başçısı vurğulayıb ki, Azərbaycan tərəfindən Ukraynaya bu günə kimi 40 milyon dollardan artıq humanitar yardım göstərilib.
Azərbaycan xarici siyasətində iqtisadi əməkdaşlıqla yanaşı, humanitar diplomatiyaya da önəm verir. Böhranlara operativ reaksiya verməsi və infrastrukturun bərpasına töhfə verməsi onun etibarlı tərəfdaş kimi beynəlxalq mövqeyini möhkəmləndirir.
Rəşad Bayramov
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın Romada keçirilən Ukraynanın Bərpası Konfransında iştirakı həm humanitar diplomatiya baxımından, həm də ölkəmizin özünün maraqları baxımından olduqca önəmlidir: “Bu günə qədər Azərbaycan və Ukrayna arasında imzalanmış bütün sənədlərdə hər iki ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi xüsusi olaraq qeyd olunub. Uzun bir dövr ərzində əraziləri işğal altında olan, suverenliyi və ərazi bütövlüyü pozulmuş, separatizmlə mübarizə aparan ölkə olaraq bu gün Ukraynanın düşdüyü vəziyyəti kifayət qədər yaxşı başa düşür və anlayırıq.
Azərbaycan olaraq bu günə qədər bütün təzyiqlərə baxmayaraq, nə Krımı, nə də Rusiyanın işğalı altında olan digər əraziləri Rusiya ərazisi olaraq tanımamağımız da həm beynəlxalq hüquq, həm də Ukraynaya dəstək baxımından xüsusi önəm daşıyır. Bəli, Azərbaycan öz xarici siyasətində balanslaşdırılmış mövqe ortaya qoyur və hər hansı məsələyə münasibətdə də ilk olaraq dövlət maraqlarından çıxış edir. Humanitar diplomatiya isə xarici siyasətimizin prioritet sahələrindən biri olmaqla bizə ölkəmizin beynəlxalq arenadakı mövqeyini daha da gücləndirmək və eləcə də əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək üçün imkanlar açır. COVİD dönəmində ölkəmizin ayrı-ayrı humanitar dəstək proqramlarına töhfəsi, vaksinlərin əlçatmaz olduğu az inkişaf etmiş ölkələrə yardımların edilməsi, Pakistanda dağıdıcı daşqınlar zamanı edilən maliyyə yardımı və əhali üçün ərzaq göndərilməsi, Əfqanıstana dərman preparatları və ərzaq da daxil olmaqla, humanitar yardımların göndərilməsi, eləcə də qardaş Türkiyədə zəlzələdən əziyyət çəkən regionlara göndərilən yardımlar və infrastrukturun bərpasında iştirakımız ölkə olaraq humanitar fəaliyyətə həssaslığımızın və sadiqliyimizin göstəricisi hesab oluna bilər. Keçən dövr ərzində bu istiqamətdə Ukrayna ilə bağlı da xeyli fəaliyyət həyata keçirilib. Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri Azərbaycanın bu ölkəyə yardımları 2022-ci ildə 17 milyon, 2023-cü ildə 16 milyon, 2024-cü ildə 7 milyon ABŞ dolları olmaqla artıq 40 milyon dolları keçib. Ukraynaya dəstək özündə təkcə dərman preparatları və ərzaq göndərilməsini yox, həm də ölkənin enerji sisteminin bərpasını ehtiva edib. Bu çərçivədə elektrik kabelləri, naqillər, transformatorlar və komplekt transformator yarımstansiyalarının göndərilməsini qeyd edə bilərik. Müharibə şəraitində enerji təchizatında fasilələr yaşayan ölkə üçün bu avadanlıqların həyati əhəmiyyət daşıdığı hər kəsə məlumdur. Əminəm ki, Ukraynanın Bərpası Konfransında qəbul olunmuş razılaşmaların icrasında, istər humanitar yardımların çatdırılmasında, istərsə də gələcəkdə ölkənin infrastrukturunun bərpasında ölkəmiz də fəal şəkildə iştirak edəcək və humanitar təşəbbüslərdə mühüm oyunçulardan biri olduğunu bir daha hər kəsə sübut edəcək".
Məhəmməd Əsədullazadə
MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə isə qeyd etdi ki, Ukraynanın yenidən qurulması üçün İtaliyada dəstək konfransına əsasən beynəlxalq hüquqa hörmət edən dost və tərəfdaş ölkələr dəvət edilib: “Bu konfrans bir daha Rusiyanın işğalı fonunda hansı dövlətin beynəlxalq hüquqa üstünlük verdiyini də nümayiş etdirir. Azərbaycan regional və beynəlxalq müstəvidə öz mövqeyi olan, beynəlxalq hüquqa daima hörmət edən dövlətdir. Ölkəmiz humanitar missiyaların yerinə yetirilməsi və bu müstəvidə keçirilən konfranslarda daima yer alıb. Qeyd edim ki, Azərbaycan hər zaman Ukraynaya humanitar yardımlar edir. Buçada yaşayış məskənlərinin yenidən inşası, məktəb və bağçaların təmiri, elektirik avadanlıqlari ilə təchiz etmə və digər humanitar missiyalarda fəal şəkildə iştirak edir. Ukrayna hər zaman digər ölkələrlə əməkdaşlıqda Azərbaycanın humanitar missiyalarını nümunə olaraq önə çəkir. Azərbaycan Prezidenti beynəlxalq təşkilatlar çərçivəsində həmişə ukraynalı həmkarı ilə görüşür, bundan sonra da humanitar yardımın göstəriləcəyini qeyd edir. Ukrayna xalqı Azərbaycan xalqının bu yardımlarını qardaş yardımı kimi qəbul edir. Romada Ukraynanın yenidən qurulması üçün təşkil olunan konfransa Azərbaycanın dəvət edilməsi ölkəmizin artan siyasi nüfuzu və etimadının göstəricisidir. Ora yalnız Ukraynanın dostları və Qərbin önəm verdiyi ölkələr dəvət edilir. Azərbaycanın Ukraynaya humanitar yardımları və bərpa prosesinə töhfəsi Qərblə strateji tərəfdaşlığını inkişaf etdirəcək. Qeyd edək ki, Birinci Qarabağ müharibəsində Ermənistan Azərbaycanın şəhərlərini və kəndlərini yer üzündən silib. Böyük humanitar böhran törədib. Amma heç bir beynəlxalq təşkilat və dövlət Ukraynanın bərpa edilməsi kimi Azərbaycan üçün belə bir konfrans təşkil etmədi. Buna baxmayaraq, Azərbaycan işğaldan və bu kimi dağıntılardan əziyyət çəkdiyi üçün bu gün qardaş Ukrayna xalqına humanitar yardımlar edir. Romada keçirilən bu konfransa ABŞ başda olmaqla, Qərb ölkələri və tərəfdaş ölkələr qatılır. ABŞ və Avropa da görür ki, Azərbaycan bu prosesdə onların yanındadır. Rusiya ilə qonşu olmasına baxmayaraq, beynəlxalq hüquqa uyğun siyasət yürüdür. Qərb buna qiymət verməlidir. Bu gün dünyada təhlükəsizliyə təhdid riskləri böyükdür. Azərbaycan da bundan sığortalanmayıb. Ona görə də Azərbaycan daim Qərbin siyasi dəstəyini görməlidir. Ölkəmiz necə onların humanitar və siyasi platformasına dəstək verirsə, onlar da eyni addımı atmalıdır. Romada qurulan siyasi və humanitar konfrans yeni dünya siyasi nizamında kimin hansı cəbhədə olduğunu göstərir”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
11 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ