Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın su mənbələrinin 70%-i başqa ölkələrdən gələn sular hesabına formalaşır.
Musavat.com xəbər verir ki, bunu "Su aydınlıqdır" adlı tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müavini Cabbar Cabbarlı deyib.
O qeyd edib ki, Azərbaycan su ilə bağlı risk qrupuna daxil ölkələr siyahısındadır:
"Bunun üçün də ölkə Prezidenti tərəfindən müntəzəm tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də 2024-cü ildə su strategiyası ilə bağlı verilmiş fərmandır. Bu istiqamətdə Agentlik olaraq planlı formada üç mərhələli işlərimiz aparılır. İlk növbədə fəaliyyətin təkmilləşdirilməsi, problemlərin aradan qaldırılması üçün təkliflər hazırlanması və yekunda ölkə əhalisini təmiz, keyfiyyətli su ilə təmin etmək bizim üçün əsas vəzifələrdəndir".
Qeyd edək ki, Ceyranbatan sutəmizləyici qurğular kompleksində su iki pilləli texnoloji təmizləmə prosesindən keçir. Birinci və ikinci mərhələdə inşa olunan qurğularda su şəffaflandırıcı və sürətli süzgəclər, üçüncü mərhələdə tikilən qurğularda isə üfüqi durulducu və sürətli süzgəclər vasitəsi ilə təmizlənir.
Bu gün Sumqayıt şəhəri, Abşeron, Xəzər, Sabunçu və Suraxanı rayonlarının əksər hissələrinə verilən su Ceyranbatanda emal olunur.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi 2011-ci il sentyabrın 8-də Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan su təchizatı idarəsinin ərazisində məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan ultrasüzgəcli sutəmizləyici qurğunun təməlqoyma mərasimi keçirilib.
Bakı şəhəri və ətraf qəsəbələrlə yanaşı Xırdalan şəhərinin içməli su təchizatı da bu anbar vasitəsilə təmin edilir.
Ceyranbatan və Oğuz-Qəbələ-Bakı mənbələrinin alternativ istismarı, mövcud mənbələrəin qidalandırdığı ərazilərin şəbəkə sistemlərinin əlaqələndirilməsi məqsədilə anbarın Oğuz-Qəbələ-Bakı su kəmərinin bölüşdürücü kamerası ilə əlaqəsi də yaradılıb. Bu məqsədlə Abşeron anbar kompleksində yeni qaldırıcı nasos stansiyası quraşdırılıb, buradan Oğuz-Qəbələ-Bakı su kəmərinin bölüşdürücü kamerasına qədər 2 km uzunluğunda daşıyıcı kəmər tikilib.
Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi və 83,5 km uzunluğunda Ceyranbatan-Zirə magistral su kəməri layihələri Pirallahı qəsəbəsi də daxil olmaqla Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edir.
Şahanə Rəhimli
Musavat.com
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ