İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan seçicisinin Türkiyədəki seçkilərə münasibəti - STM ölkəmizdə keçirilən rəy sorğusunun nəticələrini açıqladı - FOTOLAR

 Sosial Tədqiqatlar Mərkəzi Türkiyədəki seçkilərlə bağlı Azərbaycanda ictimai rəy sorğusu aparıb.

Musavat.com xəbər verir ki, bununla bağlı təşkil edilən mətbuat konfransında sorğunun nəticələri açıqlanıb.

STM-in rəhbəri Zahid Oruc qeyd edib ki, Türkiyənin siyasi və mənəvi coğrafiyasının genişlənməsi 2023-cü ilin mayında keçiriləcək seçkiləri yalnız daxili hadisə, müstəsna olaraq seçicilərin hüququ olan ölkədaxili məsələ olmaqdan çıxarırır, onu mühüm beynəlxaq siyasi hadisəyə çevirir. Z.Oruc bildirib ki,

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Türkiyədəki seçkilərlə bağlı Azərbaycanda aparılan ictimai rəy sorğusu ölkə əhalisinin Türkiyənin siyasi gələcəyinə müstəsna marağından, seçkilərin Azərbaycan üçün tarixi əhəmiyyətindən, ictimaiyyətin tanıdığı və dəstəklədiyi namizədlərin vəd etdiyi gələcəyin milli maraqlarımıza nə dərəcədə cavab verdiyini qiymətləndirmək ehtiyacından irəli gəlmiş, vətəndaşlarımızın, rəy və gözləntilərini, o cümlədən istəklərini öyrənmək zəruri sayıb: "Azərbaycan ictimaiyyətinin mövqeyi Türkiyə xalqına necə təsir edəcəkdir? Söhbət əsla müdaxilə cəhdi və ya təsirdən getmir, Azərbaycanın gələcək mənafeləri baxımından Türkiyə ilə əməkdaşlığı zəruri hesab etməsi (84.1%), postmüharibə dövründə hər iki ölkənin və regionun sülh, əməkdaşlıq taleyi baxımından strateji müttəfiqliyinin davam etməsi və bu səbəbdən regional, milli maraqlar baxımından Türkiyə üçün tarixi yolayrıcı hesab edilən 14 may tarixində keçiriləcək seçkilərin nəticəsini ölkəmiz üçün çox əhəmiyyətli kimi qiymətləndirməsi (73.3%) ilə izah etmək olar.

WhatsApp Image 2023-04-27 at 14.28.33 (1).jpeg (109 KB)

Məlum olduğu kimi, seçkilər dörd namizədin rəqabəti ilə keçirilir və sorğular da məhz namizədlər arasında müqayisəli dəyərləndirməni özündə əks etdirir. Azərbaycan xalqı seçkilərə milli mənafeyimiz, eləcə də regional maraqlar prizmasından yanaşır və dəyərləndirir.

Tədqiqat kəmiyyət metodologiyası əsasında aparılıb. Topludan nümunənin seçilməsində sistematik ehtimallı seçmə üsulundan istifadə olunub. Seçmə çərçivəsi ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub.

Sorğuda iştirak edənlərdən seçkilərdəki dörd namizəddən hansını dəstəklədiyi və hansı namizədin qalib gələcəyini ehtimal etdiyi barədə rəylərini qeyd etməsi istənilib.

Respondentlərin mütləq əksəriyyəti, yəni 90.4%-i keçiriləcək seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini dəstəkləyib. Onların 5.1%-i Kamal Kılıçdaroğlunu, 0.8%-i Məhərrəm İncəni, 0.1%-i Sinan Oğanı qalib görmək istədiyini bildirib. İştirakçıların 3.5%-i hansı namizədi dəstəkləməsi ilə bağlı rəyini bölüşməyib.

İştirakçılar arasında Kamal Kılıçdaroğlunu tanıyanların 89.5%-i, Sinan Oğanı tanıyanların 89.8%-i, Məhərrəm İncəni tanıdığını qeyd edənlərin 87.8%-i prezident vəzifəsində yenidən Rəcəb Tayyib Ərdoğanı görmək istədiyini ifadə edib".

WhatsApp Image 2023-04-27 at 14.28.33.jpeg (173 KB)

Bildirilib ki, sorğular 14 iqtisadi rayondan 13-ü üzrə (Şərqi Zəngəzur istisna olmaqla), 10-u respublika tabeli şəhər, 54-ü inzibati rayon olmaqla ümumilikdə 64 rayon və şəhərdə keçirilib. Bu məqsədlə sözügedən inzibati rayon və şəhərlərə aid stasionar telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistematik qaydada seçilərək zənglər olunub: "Sorğularda 18 yaşından yuxarı 1070 respondent iştirak edib. Sorğular telefonla müsahibə formasından istifadə olunmaqla ev təsərrüfatları arasında aparılıb və respondentlər sonuncu ad günü prinsipi ilə müəyyən edilib. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir (Yəni sorğu eyni şərtlər daxilində 100 dəfə keçirilərsə, 95-də cari nəticələrdən 3% yuxarı və ya aşağı nəticələr ola bilər).

Sorğunun sahə işi (məlumatların toplanılması) 16 aprel – 20 aprel 2023-cü il tarixləri arasında icra olunub. Sahə işində SurveyToGo proqramı tətbiq edilərək kompüter dəstəkli telefonla müsahibə (Computer Assisted Telephone Interview) sistemindən istifadə olunub.

Sorğu anketinə 10 əsas, 8 sosio-demoqrafik olmaqla ümumilikdə 18 sual daxil edilib. Sorğunun hər bir respondentlə orta davametmə müddəti 6 dəqiqə 16 saniyə təşkil edib.

Sahə işinə başlamamışdan əvvəl intervüyerlər iki ayrı qrup olaraq təlimatlandırılıb. Həmçinin onlar tərəfindən bütün müsahibələrdə anonimlik təmin edilib, respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı, məlumatların yalnız ümumiləşdirilmiş qaydada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb.

Sorğu prosesinin gedişatında sahə işinə nəzarət olunub və yekun mərhələdə nəticələr təsadüfi qaydada yoxlanılıb. Sorğu nəticələri SPSS (Statistical Package for the Social Sciences) proqramı vasitəsilə təhlil edilib, nəticələrin tutarlılığı müxtəlif kombinasiyalarda yoxlanılıb".

 Z.Oruc vurğulayıb ki, bütövlükdə dünya mediasında, Türkiyə seçkilərini 2023-cü ilin ən önəmli seçkiləri elan edən “Vaşinqton Post” (Washington Post), “Blumberq” (Bloomberg) kimi məşhur media orqanlarında qeyd olunduğu kimi, seçki nəticələri Vaşinqton və Moskva ilə birlikdə, Avropa, Yaxın Şərq, Mərkəzi Asiya və Afrika ölkələrində geosiyasi və iqtisadi hesabları yenidən formalaşdıracaq: "Həmçinin rusdilli mətbuatda Türkiyənin hazırkı iqtidarı ilə Rusiyanın maraqları arasında paralellik aparanlarla yanaşı, Prezident Ərdoğanın qələbəsini Türkiyənin Qərb və Rusiya arasında balans yaradaraq regionda və dünyada nüfuz dairəsini genişləndirməsi baxımından təhlükəli hesab edən təhlillər də mövcuddur. Fərqli yanaşma və gözləntilərə baxmayaraq, seçkilərin dünya ictimaiyyəti və mediasının diqqətində olduğu bir reallıqdır.

WhatsApp Image 2023-04-27 at 14.28.32.jpeg (188 KB)

Türkiyədəki seçkilər ortaq geosiyasi maraqlara və strateji hədəflərə sahib Azərbaycan dövləti və cəmiyyəti üçün də aktualdır, rəy sorğularının nəticələri bunu təsdiq edir.

Türkiyədə qarşıdan gələn seçkilərə region və dünyada görünməmiş diqqəti, xüsusilə, ölkəmiz üçün müstəsna əhəmiyyətini nəzərə alaraq, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən rəy sorğusunda ölkə ictimaiyyətinin Türkiyənin seçki ilə bağlı siyasi gündəminə olan marağını öyrənmək məqsədilə respondentlərə bu istiqamətdə sual ünvanlanıb. Ümumi nəticələrə əsasən, respondentlərin 83.8%-nin Türkiyənin seçkilərlə bağlı siyasi gündəmini izlədiyi məlum olub. Onların 31.0%-i seçkilərlə bağlı gündəmi tez-tez izlədiyini, 52.8%-i bəzən izlədiyini bildirib. Respondentlərin 16.1%-i heç izləmədiyini qeyd edib.

Nəticələr Türkiyənin seçki gündəminə olan ictimai maraq göstəricilərində gənclərdən orta və yuxarı yaş qruplarına doğru artan tendensiya olduğunu göstərib. Seçki gündəmini tez-tez izləyənlər 18-24 yaş qrupu üzrə 19.7%, 35-44 yaş qrupu üzrə 20.8%, 55-64 yaş qrupu üzrə 35.2% təşkil edib. Siyasi gündəmi heç izləmədiyini bildirənlər 18-24 yaş qrupu üzrə 36.0% təşkil edərkən, 25-34 yaş qrupu üzrə 26.2%, 45-54 yaş qrupu üzrə 13.3% və yaşı 65-dən yuxarı olanlar üzrə 5.1%-ə bərabər olub.

Orta təhsilə malik olanların 24.7%-i, ali təhsillilərin isə 41.7%-i seçki ilə bağlı siyasi prosesləri tez-tez izlədiyini qeyd edib.

Azərbaycan cəmiyyəti seçkilərin nəticələrinin ölkə və region üçün mühüm əhəmiyyətə malik olduğu mövqeyini bölüşüb. Bu, təkcə geosiyasi maraqlar zəminində deyil, həm də Azərbaycan dövlətinin və cəmiyyətinin Türkiyəyə olan yüksək diqqəti, yaxın dostluq və qardaşlıq münasibətləri kontekstində dəyərləndirilə bilər.

Sorğu nəticələrinə əsasən, ictimaiyyətin 73.3%-i Türkiyədə keçiriləcək seçkilərin nəticələrinin ölkəmiz üçün çox əhəmiyyətli, 21.6%-i əsasən əhəmiyyətli olduğunu qeyd edib. Sorğuda iştirak edənlərin cəmi 2.3%-i nəticələrin ölkəmiz üçün əhəmiyyətsiz olduğunu hesab edib, 2.9%-i hər hansı rəy bildirməyib.

WhatsApp Image 2023-04-27 at 14.28.31 (1).jpeg (126 KB)

Respondentlər arasında orta təhsillilərin 69.4%-i, ali təhsillilərin 79.3%-i seçkilərin nəticəsini ölkəmiz üçün çox əhəmiyyətli olaraq dəyərləndirib. Başqa sözlə, iştirakçıların təhsil səviyyəsindən asılı olmayaraq, əksəriyyəti Türkiyədəki seçkilərlə bağlı bənzər mövqeyi bölüşüb.

Kənd ərazi vahidlərində yaşayan respondentlərin 73.1%-i, qəsəbələrdə yaşayanların 78.0%-i, şəhərdə məskunlaşanların 72.6%-i seçkilərin ölkəmiz üçün çox əhəmiyyətli olduğunu bildirib.

Türkiyənin seçki ilə bağlı siyasi gündəmini tez-tez izləyənlərin 87.7%-i, heç izləmədiyini bildirənlərin 59.0%-i seçkilərin nəticəsini ölkəmiz üçün çox əhəmiyyətli hesab edib.

Sorğu əsasında iştirakçıların prezident seçkilərindəki namizədlər haqqında məlumatlılıq səviyyəsi öyrənilib.

 Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri beş ildən bir keçirilməklə, hazırkı seçkilərin tarixi Prezident Rəcəb Tayyib Ərdoğanın 10 mart 2023-cü tarixli qərarı ilə təsdiqlənib.

Seçkilərində dörd namizədin iştirakı rəsmi olaraq təsdiq edilib.

2018-ci ildə səslərin 52.3%-ni toplayaraq prezident seçilən Rəcəb Tayyib Ərdoğanın 2023-cü il üzrə namizədlik müraciəti Yüksək Seçki Qurumu tərəfindən 23 mart 2023-cü il tarixində təsdiq olunub. Beş partiya onun xeyrinə namizədlikdən çəkilib və Ərdoğan prezident seçkilərində “Cümhur İttifaqının” vahid namizədi olub.

Altı partiyanın vahid bloku olaraq “Millət İttifaqı”nın prezident seçkilərindəki namizədi 6 mart tarixində Kamal Kılıçdaroğlu elan edilib. Onun namizədlik müraciəti 24 mart 2023-cü il tarixində Yüksək Seçki Qurumu tərəfindən təsdiq olunub.

Seçkilərin digər iki namizədi olaraq Məmləkət Partiyasının sədri Məhərrəm İncə və dörd partiyanın vahid blokundan Sinan Oğanın müraciətləri də Yüksək Seçki Qurumu tərəfindən təsdiqlənib.

Rəy sorğusu Azərbaycan ictimaiyyətinin sözügedən namizədlərlə bağlı məlumatlılığının müxtəlif səviyyələrdə olduğunu göstərib.

Bütün sorğu iştirakçıları namizədlər arasında Rəcəb Tayyib Ərdoğanı tanıdığını bildirərkən, digər namizədlərlə bağlı məlumatlılıq səviyyəsi fərqli olub. Belə ki, 58.9% Kamal Kılıçdaroğlunu, 29.6% Məhərrəm İncəni, 25.4% Sinan Oğanı tanıdığını qeyd edib.

Respondentlərin sosio-demoqrafik xüsusiyyətlərindən asılı olmayaraq, onların hamısı Rəcəb Tayyib Ərdoğan haqqında məlumatlıdır.

İştirakçılar arasında ali təhsillilərin 75.8%-i, orta təhsillilərin 51.6%-i Kamal Kılıçdaroğlu barədə məlumatlı olduğunu bildirib. Ali təhsilə malik hər üç respondentdən biri (33.4%) Sinan Oğanı, 41.4%-i Məhərrəm İncəni tanıdığını qeyd edib.

Respondentlərin yaş qrupları üzrə seçki gündəmini izləmə göstəricilərindəki müxtəlifliyə baxmayaraq, namizədləri tanıma ilə bağlı rəylərində əhəmiyyətli fərq qeydə alınmayıb. Xüsusilə də, 18-24 yaş qrupu üzrə respondentlərin 50.0%-i Kamal Kılıçdaroğlunu, 32.0%-i Məhərrəm İncəni, 26.0%-i Sinan Oğanı tanıdığını bildirib.

WhatsApp Image 2023-04-27 at 14.28.31.jpeg (163 KB)

Sorğu iştirakçılarının namizədlərə olan dəstəyi ilə yanaşı, hansı namizədin qalib gələcəyi ilə bağlı ehtimalları öyrənilib. Respondentlərin 87.8%-i 14 mayda keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qalib gələcəyini düşünür. Cəmi 6.3% Kamal Kılıçdaroğlunun qalib gələcəyi ehtimalını bölüşərkən, Məhərrəm İncə və Sinan Oğan cavabını qeyd edənlər 0.8% və 0.3% təşkil edib. Respondentlərin 5.9%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Ərdoğanı dəstəkləyənlərin 96.7%-i onun qalib gələcəyini ehtimal edib. Həmçinin Kılıçdaroğlunu dəstəkləyənlərin (6.3%) yarısı seçkilərdə Ərdoğanın qalib gələcəyi ehtimalını bölüşüb.

Respondentlərdən adını qeyd etdiyi namizədi hansı səbəblərlə dəstəklədiyi soruşulub və onlara ən çox 3 cavab variantı qeyd etmək imkanı verilib.

İştirakçıların mütləq əksəriyyəti tərəfindən dəstəklənən Rəcəb Tayyib Ərdoğanla bağlı rəylərini nəzərdən keçirdikdə, onların əsas hissəsi, yəni 55.7%-i öz mövqeyini Ərdoğanın Vətən müharibəsində Azərbaycana göstərdiyi dəstəklə əsaslandırıb.

Göründüyü kimi, respondentlərin 87.8%-i keçiriləcək seçkilərdə Prezident Ərdoğanın qalib gəlməsini dəstəkləyir. Məhz Qarabağ müharibəsində Azərbaycana olan dəstəyinə görə (55.7%), Azərbaycanın maraqlarını müdafiə etdiyinə görə (51.1%), liderlik keyfiyyətlərinə görə 29.4% və digər səbəblər burada vətəndaşlarımızın mövqelərinin formlaşmasına təsir edir.

Sorğuda iştirak edənlərin 68.7%-i namizədlər arasında yalnız Ərdoğan seçilərsə, Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olmağa davam edəcəyini qeyd edib. (Bu göstərici eyni zamanda Türkiyə dövlətinin Azərbaycana olan münasibətində siyasi liderin həlledici xarakter daşıdığını göstərir). Respondentlərin 26.0%-i isə namizədlərin hansının seçilməsindən asılı olmayaraq, Türkiyə dövlətinin Azərbaycana dəstəyinin davam edəcəyini düşünür.

Respondentlər arasında bu mövqe müqayisə etibarilə ən çox 35-44 yaş qrupunda olanların (67.1%), tələbələrin (66.7%) və orta təhsillilərin (58.9%) rəylərində qərarlaşıb. Həmçinin kişilərlə müqayisədə (51.5%) bu cavab qadınlar tərəfindən (59.7%) daha çox qeyd olunub.

Sorğu iştirakçılarının 55.1%-i Prezident Ərdoğanı Azərbaycanın maraqlarını müdafiə etdiyi üçün dəstəklədiyini bildirib.

Bu fikir ən çox yuxarı yaş qrupuna mənsub respondentlərin (61.7%), ali təhsillilərin (56.4%), dövlət sektorunda çalışanların (54.3%) cavablarında üstünlük təşkil edib. Hər hansı bir partiyaya üzv olanların 59.1%-i, bitərəflərin 48.7%-i bu fikri təsdiqləyib.

Rəcəb Tayyip Ərdoğanın Vətən müharibəsində Prezident İlham Əliyevin liderliyi və Ali Baş Komandanlığı altında əldə olunan Qələbəyə göstərdiyi prinsipial siyasi və mənəvi dəstəklə, azad olunan torpaqlara olan tarixi səfərlərlə və Zəfərimizin simvolu olan Şuşada imzalan hərbi-siyasi müttəfiqlik bəyannaməsi ilə, həmçinin İranın ölkəmizə artan təzyiqlərinə qarşı göstərdiyi əhəmiyyətli dəstəklə, Ermənistanla aparılan “sülh gündəliyi”nin Azərbaycanla birgə koordinasiya edilməsindəki roluna görə, eləcə də beynəlxalq platformalarda, xüsusilə Rusiya-Ukrayna müharibəsi zamanı Türkiyənin liderliyinə xidmət edən müstəqil siyasəti ilə əlaqəli olduğunu deməyə imkan verir.

Respondentlərin 29.4%-i Ərdoğanı dünya miqyaslı lider olduğu üçün dəstəyini ifadə edib.

Aşağı yaş qruplarından orta və yuxarı yaş qruplarına doğru bu mövqedə olanların sayında artan tendensiya müşahidə olunub. 18-24 yaş qrupunda olanların 8.9%-i, 35-44 yaş qrupunda olanların 28.2%-i, yaşı 65-dən yuxarı olanların 40.0%-i bu fikri bölüşüb. Həmçinin bu cavab variantı qadınlarla müqayisədə kişilər tərəfindən daha çox qeyd olunub.

Hər dörd respondentdən biri (26.1%-i) Ərdoğanın türk və islam dünyasının yanında olduğunu bildirib.

Bu rəy yuxarı yaş qrupları ilə müqayisədə gənclər tərəfindən daha çox ifadə olunub. 25-34 yaş qrupunda olan hər üç iştirakçıdan biri (33.1%) Ərdoğanı türk və islam dünyasının yanında olmasına görə dəstəkləyib.

Sorğu iştirakçılarının 13.0%-i mövqeyini öz xalqının etimadını qazanması, 10.2%-i terrorla mübarizədə qətiyyətli olması ilə izah edib.

18-24 yaş qrupunda olan hər dörd iştirakçıdan biri (24.4%) xalqının etimadını qazandığını ifadə edib.

Növbəti sıralarda Ərdoğanın Türkiyənin gələcəyi ilə bağlı dəqiq hədəflərə malik olması (7.1%), müstəqil xarici siyasət yürütməsi (6.2%), beynəlxalq münaqişələrə təsir etmək gücünə malik olması (5.6%) və digər cavablar (5.2%) qərarlaşıb.

Digər namizədlərə dəstək dərəcəsi aşağı olduğu üçün rəyləri ümumiləşdirərək dəyərləndirmək mümkündür.

Kamal Kılıçdaroğlunu dəstəkləyənlərin təqribən yarısı öz mövqeyini Türkiyənin hazırkı iqtisadi vəziyyəti və Kılıçdaroğlunun gələcək iqtisadi planları ilə izah edib. Nisbətən az bir qisim isə rəyini ölkənin daxili və xarici siyasəti ilə əsaslandırıb.

Digər namizədlərin qalib gəlməsini istəyənlər rəylərini şəxsi keyfiyyətləri, siyasi vədləri və gənclərə olan dəstəyi, eləcə də türk siyasətində yeni simalara ehtiyac olması amilləri ilə izah edib.

Seçkilərdən sonrakı mərhələdə Türkiyənin Qarabağ məsələsi və Azərbaycana dair siyasəti ilə bağlı gözləntilər sorğu əsasında öyrənilib. İctimaiyyət Türkiyə-Azərbaycan münasibətlərində hazırda tarixi dönüm nöqtəsindən keçildiyi mövqeyini bölüşüb. Belə ki, respondentlərin 68.7%-i seçkilərdə yalnız Rəcəb Tayyib Ərdoğan qalib gələrsə, Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib. Sorğu iştirakçılarının 26.0%-i isə qeyd edilən hansı namizədin qalib gəlməsindən asılı olmayaraq, Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olacağını qeyd edib. Nəticələr göstərir ki, Azərbaycan ictimaiyyəti Türkiyənin xarici siyasət kursunda və regional hədəflərlə bağlı prinsipial mövqeyində davamlılığın, yaxud dəyişikliyin seçki nəticələrindən asılı olaraq müəyyənləşəcəyini düşünür. Ümumiyyətlə, qeyd edək ki, çoxaktorlu müxalifətin üzərində uzlaşa biləcəyi xarici siyasi kursun mümkünlüyü bir sıra ekspertlər tərəfindən də riskli hesab olunur. Bu təhdid Türkiyənin təkcə Azərbaycana yönəlik siyasət üçün deyil, bütövlükdə region, Yaxın Şərq, türk-islam dünyası və Rusiyaya yönəlik siyasəti üçün də xarakterik hesab olunur.

Respondentlərin rəylərində onların təhsil səviyyələri üzrə əhəmiyyətli fərq qeydə alınmadığı halda, yaş qrupları üzrə maraqlı tendensiya müşahidə olunub. Aşağı yaş qrupundan orta və yuxarı yaş qruplarına doğru “Yalnız Ərdoğan seçilərsə, Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaq” cavabını qeyd edənlərin göstəricilərində artım qeydə alınıb. 18-24 yaş qrupuna aid respondentlərin 44.0%-i bu rəyi bölüşərkən, 35-44 yaş qrupu üzrə sözügedən göstərici 66.7%, yaşı 65-dən yuxarı olanlar üzrə 77.4%-ə bərabər olub.

Nəticələrin ümumi şərhi Azərbaycan ictimaiyyətinin namizədləri məhz Türkiyə-Azərbaycan münasibətlərinin hərbi, iqtisadi, siyasi, mədəni və digər sahələrdə qalıcı inkişafı və gələcək perspektivləri baxımından dəyərləndirdiyini deməyə əsas verir. Xüsusilə də, hazırkı postmüharibə mərhələsində iki ölkənin müxtəlif cəbhələrdə davam edən birgə hərbi-siyasi mübarizəsi kontekstində bu, daha da aktual xarakter daşıyır. Bu təsbiti ictimaiyyətin “Azərbaycanın gələcək hədəfləri baxımından hansı ölkələrlə əməkdaşlığını zəruri hesab edirsiniz? sualı ətrafında rəylərindən də doğrulamaq mümkündür. Qeyd edək ki, sözügedən sual respondentlərə cavab variantları təqdim edilmədən ünvanlanıb.

WhatsApp Image 2023-04-27 at 14.28.32 (1).jpeg (114 KB)

Nəticələrə əsasən, ilk yerdə mütləq üstünlüklə Türkiyə, növbəti sıralarda Pakistan və Rusiya cavabları qərarlaşıb. İştirakçıların 84.1%-i Azərbaycanın gələcək hədəfləri baxımından Türkiyə ilə, 34.2%-i Pakistan ilə, 19.7%-i Rusiya ilə əməkdaşlığını zəruri hesab etdiyini bildirib. Respondent rəylərində növbəti sıralarda İsrail (19.6%), türk dünyası (13.5%) və digər ölkələrin adları (8.7%) öz əksini tapıb.

Türkiyə ilə əməkdaşlıq iştirakçıların sosio-demoqrafik xüsusiyyətlərindən asılı olmayaraq, onların əksəriyyəti tərəfindən dəstəklənib və ən yüksək göstərici 18-24 yaş qrupuna aid respondentlərin rəylərində qeydə alınıb. Sözügedən qrupun mənsubları digərləri ilə müqayisədə türk dünyası ilə əməkdaşlığı daha zəruri hesab edib.

Rusiya ilə əməkdaşlığı daha çox ali təhsilə malik olanlar və özəl sektorda çalışanlar dəstəkləyib.

İsrail ilə əməkdaşlıq isə xüsusən orta və yuxarı yaş qrupunda olanlar, ali təhsillilər və dövlət sektorunda çalışan respondentlər tərəfindən zəruri hesab edilib.

Yekun olaraq, sorğunun nəticələrinin təhlili Azərbaycan ictimaiyyətinin Türkiyədə keçiriləcək prezident seçkilərinin nəticələrinə yüksək diqqətlə yanaşdığını və nəticələri ölkəmiz üçün əhəmiyyətli hesab etdiyini göstərib. Türkiyə siyasi həyatında baş verən konstitusion dəyişikliklər, parlamentar sistemin prezident idarəetməsi ilə əvəzlənməsi eyni zamanda ənənəvi siyasi koalisiyalar qarşısında lider amilini önə çıxarıb. Bu isə öz növbəsində Türkiyənin daxili və xarici siyasətdə, xüsusilə də regional maraqlarla bağlı prinsipial yanaşmasına və vahid xətt tutmasına imkan yaradıb.

Vətən müharibəsində göstərdiyi siyasi və mənəvi dəstəyi, ölkəmizlə sıx münasibətləri, regionda sülh və sabitlikdə maraqlı olması, eləcə də yüksək liderlik xüsusiyyətləri və şəxsi keyfiyyətləri baxımından Azərbaycan ictimaiyyəti keçiriləcək seçkilərdə öz dəstəyini hazırkı Türkiyə prezidentinə göstərib. Lakin xüsusi olaraq vurğulayaq ki, bütün hallarda seçkilərin nəticələrini müəyyən etmək türk xalqının müstəsna konstitusion hüququdur və hansı namizədin seçilməsindən asılı olmayaraq, Türkiyənin Azərbaycana öz dəstəyini bütün sahələrdə davam etdirəcəyi labüddür.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR