Onlayn ictimai-siyasi qəzet
Paşinyan Ermənistanı ilə Putin Rusiyası arasında gərginlik artan xətlə davam edir. Hər halda, kənardan daha çox belə görünür. Hərçənd bəzi siyasi müşahidəçilər bunu “razılaşdırılmış oyun” da adlandırırlar. Baş verənlərin fonunda isə avtomatik şəkildə Bakı-Moskva əlaqələrinin xarakteri gündəmə gəlir. Ən azından o səbəbə ki, İrəvanla hələ də sülh müqaviləsi imzalanmayıb.
“Yeni Müsavat” xəbər verir ki, siyasi ekspert və məsləhətçi, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko bu barədə müzakirə açıb. Onun sözlərinə görə, Ermənistanla münasibətlərin kəskin pisləşməsi fonunda Rusiya-Azərbaycan əməkdaşlığı bütün sahələrdə bu gün əsl müttəfiqlik, qarşılıqlı fəaliyyət səviyyəsinə çatmaqdadır". Analitik ardınca qeyd edib: “Aydındır ki, indi tərəflər əsas diqqəti üç istiqamətə yönəltməli və dərinləşdirməlidir. 1. Rusiya və Azərbaycan təhlükəsizlik şuralarının katibləri vasitəsilə məsləhətləşmələr; 2. Rusiya Federal Təhlükəsizlik Xidməti ilə Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti arasında antiterror əməkdaşlığı; 3. Rusiya və Azərbaycan Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq, o cümlədən birgə təlimlər”. Qeyd edək ki, İqor Korotçenko Azərbaycana münasibətdə ədalətli və obyektiv mövqe sərgiləyən azsaylı Rusiya ekspertlərindəndir. Bəs onun yuxarıdakı fikirləri nə dərəcədə istəkdən və ya reallıqdan doğur? İrəvanın məlum xarici siyasəti Bakı və Ankaranı hara qədər yaxınlaşdıra bilər? Ümumiyyətlə, Azərbaycanla Rusiyanın müttəfiq olması mümkündürmü, yoxsa hazırkı münasibətlər geosiyasi şəraitin diktə etdiyi epizodik mərhələdir?
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya-Azərbaycan əlaqələri 2022-ci il, 22 fevralda imzalanmış Moskva bəyannaməsi ilə yeni mərhələyə daxil olub. Onun fikrincə, rəsmi Bakı Moskva ilə siyasətini bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində qurmağa çalışır. Professor hesab edir ki, Azərbaycanın Rusiya ilə əlaqələrinin inkişafını Kremlin İrəvanla arasının pozulmasına tam bağlamaq düzgün deyil: “Rusiyanın bizdən çox istəkləri ola bilər. Məsələn, onlar arzu edərdi ki, Avrasiya İqtisadi Birliyinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olaq. Ancaq Azərbaycan öz siyasətini balanslı qurub və Moskvanın gözləntiləri də bu gün üçün reallaşa bilməz. Hazırda Rusiya-Azərbaycan arasında ticarət dövriyyəsi artmaqdadır, biz sanksiyalara qoşulmamışıq, amma Ukraynanın ərazi bütövlüyünü də dəstəkləyirik, humanitar yardım göndəririk. Bunu da bizi özünə müttəfiq görən Rusiya müşahidə etməkdədir. Yəni Azərbaycan həmişə Rusiya ilə münasibətlərdə dəqiq, səmimi olub və dostluğa söykənən tərəfdaşlıq qurub. Ancaq biz deməliyik ki, Rusiya sülhməramlı kontigentini Qarabağdan çıxarmaq istəməzdi, lakin Cənubi Qafqazdakı proseslər, ən əsası Rusiya-Türkiyə-Azərbaycan münasibətləri, sanksiya altında olan bir dövlətin iki türk ölkəsinə ehtiyacı rus hərbçilərin bölgədə qalmasını uzatmağı qeyri-mümkün edib”.
Q.Hüseynlinin fikrincə, Korotçenko təklif irəli sürüb, rəsmi şəkildə bir təşəbbüs yoxdur: “Onsuz da ikitərəfli əlaqələr bütün sahələr üzrə inkişaf etdirilir. Bugünlərdə Rusiyanın baş naziri Mixail Mişustinin ölkəmizə səfəri oldu və bir sıra məsələlər ətrafında danışıqlar aparıldı. Bir sözlə, biz Rusiya ilə münasibətləri Qərblə əməkdaşlığı pozmadan inkişaf etdirməkdəyik. Hətta Ermənistanda hakimiyyət dəyişikliyi olsa, Paşinyanın yerinə kremlpərəst bir qüvvə gəlsə belə, düşünmürəm ki, Azərbaycanla münasibətlərdə narahatlıq yaratmaq istəyəcək. Artıq qarşılıqlı etimad formalaşıb və Moskva bu addımı atmaqla Bakını özündən uzaqlaşdırmış ola bilər”.
Qeyd edək ki, Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasından 32 il ötür. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər 4 aprel 1992-ci il tarixində Bakıda imzalanmış müvafiq protokol əsasında qurulub. 1992-ci ildə Moskvadakı Daimi Nümayəndəlik əsasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi təşkil olunub. Azərbaycan və Rusiya arasında münasibətlərin, əməkdaşlığın daha da səmərəli və keyfiyyətli olmasını şərtləndirən önəmli normativ hüquqi baza mövcuddur. Yəni Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti Haqqında Bəyannamə imzalanana qədər də Azərbaycanla Rusiya arasında münasibətləri və əməkdaşlığı inkişaf etdirən bir sıra sənədlər mövcud idi. 1997-ci ildə iki ölkə arasında dostluq, əməkdaşlıq, qarşılıqlı təhlükəsizlik haqqında müqavilə, 2008-ci ildə ölkələr arasında dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə, 2018-ci ildə Rusiya və Azərbaycan prezidentləri arasında birgə bəyanat imzalanıb.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ