İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Rusiya qarşısında Kadırovun istefası tələbini qoyub? - ŞOK DETALLAR

Putin ona “yaşıl işıq” yandırdı; Kadırovu vazkeçilməz edən hansı səbəblərdir?

AZAL təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğramasından yarım il ötdü. Keçən bu müddət ərzində Rusiya-Azərbaycan münasibətlərində enişli-yoxuşlu günlər yaşandı. Səbəb isə tam aydın idi. Azərbaycanın haqlı tələbləri yerinə yetirilməli idi. Amma şimal qonşumuz hər vəchlə bu tələblərin bir qismini yerinə yetirməkdən boyun qaçırmaqdadır.

Yalnız Azərbaycan tərəfindən üzr istənilməsi tələbi qismən yerinə yetirilib. Günahkarlar hələ də cəzalandırılmayıb. O günahkarlar ki, sıralarında Çeçenistanda yaşayanlar da var.

Onların başında isə Çeçenistan rəhbəri Ramzan Kadırov durur. O lider ki, hadisədən dərhal sonra Çeçenistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan qardaşı oğlu Həmzəti “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edib.

Putin Kadırovun istefası ilə bağlı şayiələrə cavab verib: Ölümüm haqda xəbərlər xeyli şişirdilib

Həmzət Kadırov da dekabrın 25-də səhər saatlarında sosial şəbəkələrdə məlumat verib ki, Çeçenistana hücum edən bütün PUA-lar vurulub. Elə həmin gün də Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda qəzaya uğradığı məlum olub. Kadırovun bu mükafatlandırması hadisənin hələ şokundan ayılmayan Azərbaycan tərəfinin dərin hiddətinə səbəb olmuşdu. Qeyri-rəsmi məlumatlara görə, bundan sonra hadisə ətrafında Azərbaycan tərəfin Rusiyadan həm də əsas tələblərindən biri çeçen liderin istefaya göndərilməsi olub. Hətta Azərbaycan kimi yaxın, etibarlı bir tərəfdaşı itirmək istəməyən Rusiyanın bu tələbi əvvəlcə qəbul etdiyi iddia olunur. Rusiya Federasiyası Federal Məclisi, Federasiya Şurasının sədri Valentina Matviyenkonun bu ilin martında Bakı səfərində, eləcə də, bu ayın ilk günlərində Moskva və bütün Rusiyanın Patriarxı Kirillin Bakıya rəsmi səfəri Kadırovun vəzifəsindən göndərilməsi tələbinin müzakirələr sırasında olduğu iddia edilir.

Lakin Kirillin səfərindən sonra sanki Rusiya-Azərbaycan münasibətlərində son 20 gündə durğunluq yaşanmaqdadır. Əvvəlcə mayın 6-da Kadırovun istefa verdiyi barədə xəbərlər yayıldı. Amma bundan bir gün sonra onun Kreml sarayında Vladimir Putinlə görüşü baş tutdu və Kreml sahibi açıq şəkildə Çeçenistan rəhbərinin “hələ çox işi var” deyə açıqlama verdi. Kadırovun açıqlaması isə belə oldu: “mən Ali Baş Komandanın əmrini yerinə yetirirəm”.

Kadırov, əslində, bununla istefasının Putin tərəfindən qəbul olunmadığı barədə üstüörtülü şəkildə mesajlar verib. O, bu azmış kimi Putinlə görüşdən sonra Federal Xəzinədarlığın departament mükafatını da alıb...

Bununla da çeçen liderinin hakimiyyətdən yaxın müddətdə getməyəcəyi dəqiqləşib. 

Rusiya son andamı Kadırovun gedişinə izn vermədi? Kreml ona görə Bakıya verdiyi sözü tutmadı? Çeçen rəhbəri Rusiya üçün Azərbaycanla münasibətləri bu qədər gərginləşdirəcək qədər önəmlidir, ya burada başqa məsələlər var?

Aydın Mirzəzadə: Ermənistan işğal dövründə minalara 400 milyon dollar  xərcləyib | Baku.ws Xəbər saytı - Son xəbərlər və Hadisələr

YAP-çı deputat Aydın Mirzəzadə Musavat.com-a açıqlamasında istənilən halda Rusiya tərəfinin Azərbaycanla yaxın münasibətlərdə maraqlı olduğunu qeyd etdi:

“Digər ölkələrdə kimin hansı vəzifədə işləməsi və yaxud istefaya getməsi həmin ölkələrin daxili işidir. Azərbaycan heç bir zaman heç bir ölkənin daxili siyasət məsələlərinə qarışmayıb. Biz bütün ölkələrlə normal, qonşuluq siyasəti yürüdürük. Həmin ölkələrdən də bu cür münasibət gözləyirik. Rusiya ilə də münasibətlər məhz bu səpkidədir. Şimal qonşumuzla münasibətlərimizin çox böyük bir tarixi var. Amma ötən ilin dekabrında baş verən təyyarə qəzası əlbəttə ki, müəyyən məsələlərin sona qədər həll olunmasını tələb etdi. Biz Rusiya tərəfindən üzr istənilməsini, müəyyən məsələlərin sona qədər araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb etdik. Görünən ondan ibarətdir ki, Rusiya tərəfi Azərbaycanla yaxşı münasibətlərin olmasında maraqlıdır. Rusiya parlamentinin yuxarı palatasının sədrinin Matviyenkonanın, rus patriarxının Azərbaycana səfərləri Moskvanın ölkəmizə böyük önəm verdiyinin göstəricisi idi. Bu yaxınlarda Rusiya xarici işlər nazirinin İrəvana səfəri zamanı rus silahları ilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi fikrini bildirməsi ərazi bütövlüyümüzə hörmətlə yanaşdığını göstərdi. Bu gün bizim Rusiyadan gözlədiyimiz təyyarə qəzası ilə bağlı daxili tədqiqatın ədalətlə aparılıb nəticələrin ortaya çıxarılmasıdır. Bu məsələ barəsində Kremlin vaxtaşırı cəmiyyəti məlumatlandırması əlbəttə, düzgün olardı. Hesab edirəm ki, qonşu ölkələr həmişə bir-birilərinin suverenliyinə hörmətlə yanaşmalı, bir-birinə olan münasibətləri yüksək səviyyədə qorumağa çalışmalıdır. Azərbaycan tərəfindən Rusiyaya çox normal münasibətlər var. Ölkəmizdə rus məktəbləri fəaliyyət göstərir. Ali məktəblərdə rus sektorları var. Rus Pravoslav kilsəsinin Azərbaycanda fəaliyyətinə müvafiq şərait yaradılıb. 200 mindən çox rus əsilli insan Azərbaycan vətəndaşlarıdır. Onların bütün hüquqları qorunur. Eyni zamanda, biz Rusiyadakı azərbaycanlıların hüquqlarının tam şəkildə qorunmasını ölkələrarası münasibətlərdə daim diqqətdə saxlayırıq”.

Asif Nərimanlı yazır...

Siyasi analitik Asif Nərimanlı son nəticədə Rusiyanın Azərbaycanın tələblərini qəbul edəcəyini istisna etmir: “Kadırovun istefası məsələsi müəmmalıdır. Çünki hər şeydən öncə Kadırovun doğrudan istefa vermək istədiyi, yoxsa bu məsələni gündəmə gətirməklə qiymətini qaldırmaq istədiyi şübhəli olaraq qalır. Çeçenistan lideri daha öncə də belə gedişlər etmişdi, istisna deyil ki, yenə eyni gedişi edir. Hərçənd, Kadırov istefa vermək istəsə belə Putinin bunu qəbul etməyəcəyi əvvəldən bəlli idi, xüsusilə Rusiyanın müharibə apardığı vaxt Kadırov Putin üçün müharibədə döyüşmək üçün “kadr bankı” rolunu oynayır. Ukrayna müharibəsində çeçen döyüşçüləri ön cəbhədə yer alırlar. Bununla yanaşı, Kadırovun çeçenlərdən ibarət qurduğu silahlı birləşmələr Putinin gələcəkdə də “cəza legionlerləri” rolunu oynacağı istisna edilməməlidir. Belə demək mümkünsə, çeçenlər Rusiya üçün müasir dövrün kazakları ola bilər. Bu baxımdan, Kadırov Kremlə hələ də lazımdır. AZAL təyyarəsinin vurulmasında Kadırovun istisna edilməyən roluna gəlincə, mümkündür ki, Bakının tələblərindən biri çeçen lideri cəzalandırmaq – istefaya göndərmək ola bilərdi. Fikrimcə, az da olsa belə ehtimal var. Bu ehtimal ona görə azdır ki, Kreml istəsəydi təyyarə böhranına görə hücumu edən hərbçilərdən birini cəzalandıra və Bakının istəyini icra edə bilərdi. Rusiya rəhbərliyi faktiki olaraq məsuliyyətdən qaçır, Kadırovun AZAL təyyarəsinə görə cəzalandırılması bu kontekstdə də az ehtimal olunandır. Rusiya-Azərbaycan münasibətlərinə gəlincə, Moskvanın təyyarə məsələsində qeyri-konstruktiv mövqeyi problemlərin yaranmasına səbəb olub. Fikrimcə, Rusiya tərəfi son nəticədə Azərbaycanın haqlı tələblərini qəbul etmək məcburiyyətində qala bilər. Çünki Azərbaycanla münasibətlər Rusiyanın Cənubi Qafqazdakı mövqeləri baxımından önəmlidir”.

Cavanşir ABBASLI,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR