İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan Respublikası 1918-20-ci illərdəki torpaqlarımızın sahibidir”-Tarixçi deputat



“Ermənistan Paris Sülh Konfransında de-fakto tanınmadı. Azərbaycan Cənubi Qafqazdan gedən yeganə dövlət oldu ki, de-fakto tanındı. Paris Sülh Konfransının Ali Şurasının tövsiyəsi də oldu ki, gedin, üç respublika, üç xalq öz aranızda ərazi məsələsini həll edin, ondan sonra de-yure tanınmaq olacaq”.

Milli Məclisin üzvü, tarixçi alim, professor Anar İsgəndərov bunu Musavat.com-a açıqlamasında bildirib. O qeyd edib ki, Rusiyanın işğalının baş verməsi bölgədə vəziyyəti dəyişdi:

 “Ardınca Ermənistan Zəngəzuru işğal etdi. Azərbaycan işğal olunandan sonra nə Paris Sülh Konfransı bu məsələyə qayıtdı, nə də biz bu məsələni həll edə bildik. Çünki sovet Rusiyası öz maraqlarına uyğun olaraq o əraziləri böldü və idarə etməyə başladı”.

A.İsgəndərov bildirdi ki, Zəngəzur sovet Rusiyasının təkidi ilə Azərbaycandan qoparılaraq ermənilərə verildi. Ancaq o zaman Naxçıvanın da Azərbaycandan qoparılması planı olub: “Naxçıvan nə üçün Ermənistana verilə bilmədi? Çünki Naxçıvanın əhalisinin qəhrəman mübarizəsi nəticəsində Naxçıvan Ermənistana verilmədi. Çünki əhali bir nəfər kimi ayağa durdu, “öldü var, döndü yoxdur”, dedi. Ona görə də sovet Rusiyası və xarici dövlətlər heç nə edə bilmədi. Həm də ki, Mustafa Kamal Atatürk başda olmaqla, “kamalist”lər Naxçıvanı öz doğma torpağı kimi müdafiə etdilər”.

16271418515525359173_1200x630.jpg (66 KB)

Tarixçi alim qeyd etdi ki, dünya bu gün Ermənistanın böhtanlarını “tarixi həqiqət” kimi qəbul edir, bizim haqqımıza girir: “Ədalətsiz dünya bizi ədalətsiz adlandırır, bizi etnik təmizləmədə günahkar bilir. Dünya əslində, ermənilərin 30 ildə bizə qarşı etdiklərinin hansı birisinin üzərində dayanır? Heç birinin. Bu mənada Ermənistanın ərazisi də saxtadır. Verdiyimiz İrəvanın da haqqını tələb edə bilərik. Çünki biz insani hisslərə əsaslandıq, dostluq, normal qonşuluq, əmin-amanlıq olsun, dedik. Hətta ümumi düşmənə qarşı mübarizədə ermənilərə federasiya təklif etmişdik. Amma ermənilər bizim xoş məramımızdan sonra nəinki geri çəkildi, artıq Qarabağla, Naxçıvanla bağlı iddialarını bir az da artırdı, sürətləndirdi”.

A.İsgəndərov bildirdi ki, Paris Sülh Konfransının Ali Şurası o dövr üçün çox böyük təşkilat idi, qalib və məğlub dünyanı müəyyən edirdi: “Biz də sözün həqiqi mənasında böyük uğur qazandıq. Amma sonrakı dövrdə bolşevik işğalı bu hadisələrin sona çatdırılmasının qarşısını aldı, hər şeyi yarımçıq qoydu. Bir də fikirləşin, 23 ay bir dövlətin həyatında nədir ki? Bir an bir məqamdır. Ona görə dövlətin ordusu, ərazisi, iqtisadiyyatı ilə bağlı istədiyi, arzuladıqları hamısı yarımçıq qaldı, elə işlər var idi ki, heç başlanmadı. Amma bütün bunlara baxmayaraq, Cümhuriyyət tarixi Azərbaycanın tarixində şərəfli bir dövrdür, 23 aylıq hakimiyyəti dövründə 350 ilkə imza atıb. Bakının Azərbaycanın paytaxtı olması, Azərbaycan kimi coğrafi məfhum olan Azərbaycan ifadəsinin siyasi məfhuma çevrilməsi, parlamentli respublika, nələr-nələr, bütün bunlar hamısı Cümhuriyyətin xidmətin xidmətləridir. Azərbaycan Respublikasını onun siyasi varisi hesab edirik. Çünki hər şeyin bünövrəsi onda qoyulub”.  

Ermənistan rəsmilərinin Ermənistan konstitusiyasının dəyişdirilməsi zərurətinin qarşılığında Azərbaycanın da “güzgü effekti ilə” öz konstitusiyasını dəyişməli olduğu barədə sərsəm bəyanatlarına gəldikdə, deputat bunları bildirdi: “Erməni qədər hiyləgəri yoxdur. Erməni üçün namus, qeyrət məfhumu mövcud deyil. Ona görə də min sifətə girə, min söz deyə bilər. Amma daha bunlar keçmir. Erməninin 30 il ərzində etdikləri həm də ibrət tarixidir. Biz bildik ki, ilk dövrdə düşmən niyə bizə qalib gəldi. Bizim torpaqlarımızı necə oldu işğal etdi? Biz harada səhvlər etdik? Nə üçün birləşə bilmədik, ordu yarada bilmədik, nə üçün siyasi hakimiyyət zəif idi? Biz bu tarixi öyrəndik və nəticə çıxartdıq. Ona görə də erməni bu gün nə edirsə, etsin, artıq öz düşüncəsi, “məntiqi” ilə bizi aldada bilməz, mümkün deyil!”

A.İsgəndərov əminliklə bildirdi ki, Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikası tarixi ərazilərinə də iddia ortaya qoya bilər: “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğu üçün 1918-20-ci illərdəki torpaqlarımızın sahibidir. Çünki o torpağın sahibi biz olmuşuq. Hansı sənədlərə baxılsa, o sənədlərə baxılsa, orada adımız, imzamız, ərazilərimiz, toponimlərimiz var. Bir sözlə, hamısı Azərbaycan torpaqlarıdır”.

E.Paşasoy,
Musavat.com  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR