Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, “ASAN Xidmət” “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi vasitəsilə innovasiya ekosisteminin inkişafına və startaplara dəstək mexanizmlərinin təşviqinə görə “Qafqazda ən yaxşı startap nəticələri” mükafatına layiq görülüb.
Qlobal startap ekosistemi üzrə mükafatlandırma mərasimi 9 yanvarda “StartupBlink” təşkilatı tərəfindən keçirilib.
“StartupBlink” hər il dünyada startap ekosisteminin ən uğurlu olduğu 100 ölkə və 1000 şəhər seçməklə qlobal startap xəritəsi formalaşdıran mötəbər beynəlxalq təşkilatdır.
Qlobal reytinqə görə, 2023-cü ildə ölkəmiz bu sahədə ən uğurlu 100 ölkə siyahısında 84-cü yerdə qərarlaşıb.
““ASAN Xidmət” heyətinə təbriklərimizi çatdırır və biznes mühitinin inkişafına verdiyi töhfələrə görə təşəkkürümüzü bildiririk”, - deyə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz təbrikini çatdırıb.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində dövlət xidmətlərinin dizaynı və innovasiyalar şöbəsinin müdiri Semral Əliyev isə Musavat.com-a açıqlamasında “ASAN Xidmət” - “StartupBlink” əməkdaşlığından danışıb, uğura aparan detalları incələyib:
“Biz 2022-ci ildən “StartupBlink”lə əməkdaşlıq edirik. “StartupBlink” dünyada bütün ölkələr üzrə startap nəticələrini qeydə alan qlobal xəritədir. Orada bütün ölkələr üzrə startaplar, innovasiya mərkəzləri, mentorlar, investorlar, ümumi startap nəticələrinə dair məlumatlar qeyd olunur. Azərbaycan üzrə bu mükafatı almaq üçün biz həm ölkədə olan uğurlu startapların reyestrini orada xəritə üzərində yerləşdirmişik, həm də Azərbaycanda olan innovasiya mərkəzləri, kovorkinq mərkəzləri, innovasiya sahəsində işləyən şəxslər, yəni mentorlar barədə məlumatların hər birini qeyd etmişik. Xüsusilə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin nəticələri qeyd olunub. Əvvəlcə məlumatlar kifayət qədər az idi.
2023-cü il Qafqazda olan ölkələr içərisində ən aktiv startap nəticələri Azərbaycanda qeydə alınıb. Bura ümumi startapların sayı, keyfiyyəti, cəlb olunan investisiyanın həcmi, eyni zamanda mövcud innovasiya mərkəzlərinin həcmi və həyata keçirilən beynəlxalq proqramlar daxildir. Bizim daxil etdiyimiz məlumatların böyük əksəriyyəti məhz “INNOLAND” tərəfindən həyata keçirilən tədbirlər və “INNOLAND”də yerləşən startaplar barədədir, bu göstəricilər “StartupBlink”də həm Azərbaycanın reytinqinin artmasına səbəb olub - 2022-ci ildən bu günə qədər 5 pillə irəliləyib, həm də Bakı şəhəri dünyanın 1000 ən yaxşı startap şəhəri siyahısına daxil olub – 431-ci yerdə. Bu nəticələrə görə “ASAN Xidmət” “Qafqazda ən yaxşı startap nəticələri” mükafatına layiq görülüb. Bu, “ASAN Xidmət”in tarixində bir ilkdir. İlk dəfədir “StartupBlink” tərəfindən Azərbaycana belə bir mükafat təqdim olunur.
Bizim daxil etdiyimiz məlumatlar mütəmadi olaraq “StartupBlink” tərəfindən dünya üzrə bütün innovasiya ekosistemi oyunçularına göndərilir. Bura daxildir – beynəlxalq innovasiya mərkəzləri, beynəlxalq investorlar şəbəkəsi, beynəlxalq startap şəbəkələri. Nəticədə Azərbaycanda həm innovasiya və startap ekosisteminin təşviqi həyata keçirilir, həm də bizim startaplar barədə məlumatlar artıq beynəlxalq platformada olduğu üçün investisiyanın cəlb olunması asanlaşır və beynəlxalq proqramlara qoşulmaq imkanı artır. Bir sözlə, Azərbaycanın innovasiya ekosisteminin təşviqi həyata keçirilir”.
Şöbə müdiri vurğulayıb ki, əsas məqsəd Azərbaycanın reytinqdə daha da irəliləməsidir:
“Azərbaycan hazırda 100 ən yaxşı ölkə içərisindədir, 80-ci yerlərdədir. Hazırda 100 ölkənin içərisində də daha irəli mövqelərdə olmaq üzərində işləyirik.
Üstün cəhətlərimiz mövcud startapların, istedadların olmasıdır. Potensial xarici şəbəkələrə çıxış imkanlarımız var, ölkədə bir sıra innovasiya proqramları həyata keçirilir – bütün bunlar irəliləmək üçün çox müsbətdir. Mənfi cəhətlərə gəlincə, reytinqdə olan bəzi göstəricilər barədə məlumatlar müvafiq qlobal hesabatlarda yerləşdirilməlidir. Bunlar patentlərlə, tədqiqatla bağlı məlumatlardır, onlara çəkilən xərclərin artırılmasıdır. Bunların bəziləri məlumat azlığındandır, bəziləri isə ölkədə o istiqamətdə inkişafın bir az zəif getməsi ilə bağlıdır. Məsələn, vençur investisiyasının həcmi azdır, bu isə reytinqdə irəliləməyə mane olan amildir. Ona görə də bu istiqamətdə işləyirik ki, ekosistemdə canlanma, inkişaf olsun və bu da öz növbəsində reytinqdə irəliləməyə səbəb olacaq”.
Semral Əliyev Ermənistanın göstəricisindən də danışıb:
“100 ölkənin içərisində Ermənistan da var idi. Ermənistanın bu günə qədər olan nəticələri bizdən daha yüksək olub, amma sırf 2023-cü il üzrə Azərbaycanın startap nəticələri daha yüksək olub. Ona görə bu mükafat məhz Azərbaycana təqdim olunub”.
“Uğur, irəliləyiş yolunda hansı addımlara ehtiyac var?” sualına şöbə müdiri belə cavab verib:
“Uğura getmək üçün innovasiya ekosisteminin təşviqi mütləq şəkildə lazımdır. İrəliləmək yalnız reytinqdə deyil. Təşviqat məsələlərində, Azərbaycanın startap ölkəsi kimi tanınmasında sırf “ASAN Xidmət” olaraq digər qurumlarla gücləri birləşdirib həm startapların sayının və keyfiyyətinin artırılması, startaplara cəlb olunan yerli və xarici investisiyanın həcminin artırılması, həm də qlobal şəbəkəyə çıxış mütləqdir. Çünki yalnız Azərbaycan bazarı üçün deyil, qlobal bazar üçün hesablanmış startapların artırılması lazımdır. Bizim fəaliyyətimiz də o istiqamətdədir”.
“İnvestorların startaplara marağı varmı?” sualına isə Semral Əliyevin cavabı belədir:
“Bəli, investorların bu sahəyə marağı var. 2022-ci ildə yaradılmış ilk vençur investisiya şirkəti “Caucasus Ventures” vasitəsilə artıq startaplara investisiya yatırılır. Amma bunun həcmi genişlənməlidir. Bu istiqamətdə ölkə olaraq işlər görülür. Digər dəstək mexanizmi - startaplara startap şəhadətnaməsi verilir və bunun vasitəsilə onlar vergilərdən azad olunur. Bu da təbii ki, onların inkişafı üçün mühüm rol oynayır. Eyni zamanda innovasiya sahəsində yeni qanunvericilik təkliflərinin hazırlanması nəzərdə tutulub ki, bu da startaplara dəstək üçün mühüm rol oynayacaq. Əlavə olaraq həm dövlət, həm də özəl innovasiya mərkəzləri var ki, orada da inkubasiya, akselerasiya proqramları həyata keçirilir. Həm yerli, həm regional startapların demək olar ki, əksər hallarda ödənişsiz olaraq bütün zəruri infrastrukturdan istifadə etməsinə şərait yaradılır. Həmçinin ölkədə həyata keçirilən innovasiya sammitləri var ki, bu sammitlər qlobal innovasiya oyunçularının ölkəyə gəlməsinə kömək olur və onların Azərbaycan bazarıyla, Azərbaycanın startap mühiti ilə tanış olmasına imkan yaradır. Bunlar startaplara göstərilən dəstək mexanizmlərindən biridir”.
Aytən Novruz
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ