Onlayn ictimai-siyasi qəzet
Ukrayna Rusiyanın Kursk bölgəsində irəliləyir və bəlli olur ki, ABŞ Prezidenti hər üç saatdan bir bu mövzuda bilgiləndirilir. Ukraynanın təqribən 20 faiz ərazisi Rusiya tərəfindən tutulub; Ukrayna da Rusiyanın bəlkə 0,000020 faizdən də az ərazisini tutmaqdadır.
Biz Ukraynanın cavab tədbirlərinə beynəlxalq ictimaiyyətin anlayışlı yanaşmasını anlayırıq - buna biganə qalmaq mümkün də deyil. Azərbaycan Ukraynanın da, bütün ölkələrin də, ərazi bütövlüyünü, necə deyərlər, qanuni sınırlarını tanıyır, sayğı duyur - bu, öz yerində. Lakin biz öz başımıza gələnləri də unuda bilmərik; axı bizim öz respublikmız işğala uğramışdı və biz üç onillik boyu işğalın ağır ağrı-acılarını yaşamışıq. Biz ATƏT-in keçmiş Minsk Qrupu adlanan soyxanın hər üç həmsədrindən ədalət uma-uma ədalətsizlik görmüşük. Axır, vaxt gəlib-vədə yetişincə, özümüz öz içimizdəki gücə, haqqın incəlsə də üzülməyəcəyinə dərin güvənimizlə əks-hücuma keçib, ərazi bütövlüyümüzü bərpa etmişik. Amma məhz öz ərazilərimiz içində apardığımız qaçınılmaz, ertələnməz əməliyyatlarla bağlı ünvanımıza necə türlü-türlü ittihamlar səsləndirildi və o ittihamlar hələ də tam son bulmayıb… Sanki işğalçının başını sığallamalıymışıq və daha neçə onilliklər boyu işğala dözmək borcumuz varmış… İndi Kurska cavab hücumu etmək zorunda qalan Ukraynaya dəstək nümayiş etdirən ölkələr, qurumlar, liderlər bəs biz Ermənistan Respublikasının bir şəhərini tutmaq zorunda qalsaydıq, nə hoqqalardan çıxardı? - Tanrı eşqinə, bir düşünün: biz Qafanı tutmuşuq, ABŞ, digər önəmli dövlətlər bizim bu zorunlu addımımıza anlayış göstərir - mümkün olardımı? Mümkünsə, Zəngəzurla bağlı Ermənistanın öz öhdəliyini yerinə yetirməsini azca yüksək pərdədən səsləndirərkən, konqresdən, senatdan, ekran-efirdən, telefondan, “yutub”dan, nə bilim, daha haralardan üstümüzə niyə tökülüşürlər?.. Ağevlərin qaranlığı bitməzmi ola?..
Bizi beynəlxalaq hüququ (?!), ermənilərin guya milli, dini hüquqlarını (!?), daha nələri pozmaqda ittihama cəhd edənlər heç öz gözlərindəki tiri gördülərmi bir kərə? Yer üzündə əsərləri ən çox oxunan yazıçı Tolstoy nə deyirdi? - “Hər kəs insanlığın pisliyə doğru getdiyini qəbul edər, amma heç kimsə özünün pisliyə getdiyini qəbul etməz. Hər kəs insanlığı dəyişdirməyi düşünür amma heç kimsə öncə özünü dəyişdirməyi düşünməz”... Bu düşüncələr, Tolstoyun doğma ölkəsi başda olmaqla, Fransa, ABŞ daxil, “ittihamçı modu”nda olan ölkələrin hər birinə şamil oluna bilər. - Eynən, Tolstoyun başqa bir cümləsində deyildiyi kimi: “Bil ki, yaşadıqlarınla deyil, yaşatdıqlarınla anılırsan. Və unutma: nə yaşatmısansa əlbət, bir gün onu yaşarsan”! Rusiya indi yaşayır, Fransa yaşamağa çox yaxındır, ABŞ da tarixdən, kainatın ruhundan dərs çıxarmasa, yaşar, əlbət!..
Tolstoyun bu sözü isə daha çox bizim ovqatımızı söylər: “Ən güclü iki savaşçı səbr və zamandır”. - Azərbaycan dövlətinin, dövlət başçımızın səbri və zamanlaması xarüqələr yaratdı, “olmaz!” deyilənlər oldu! Daha da olacaq (inşallah)!
Böyük qonşularımızın başı dərddədir; yaxın-uzaq coğrafiyalarda barışdan çox savaş havası hakim… Keçmiş işğalçı Ermənistansa silah tədarük edir…
Deyirəm, nə yaxşı, biz beynəlxalq durumun bugününə ərazi bütövlüyü, suverenliyi təmin olunmuş gəldik.
Bu, böyük tarixi uğurdur! Biz tarixi uğurlara dik duruşumuzla, əyilməzliyimizlə, liderimizin siyasi iradəsi, şəhidlərimizin, qazilərimizin yenilməzliyi ilə yetişdik. Yenə Tolstoy demiş: “İnsanın gerçək gücü sıçrayışda deyil, sarsılmaz duruşdadır”.
Ey, Tolstoyun vətəni,
ey, ATƏT-in keçmiş Minsk Qrupu həmsədrləri,
ey, Avropa Birliyi,
ey, G7, G20 və başqaları,
eşidin, bilin:
“Kimsə, kimsəyi küçümsəyəcək qədər böyük deyildir, bilməlisən. Küçümsədiyin hər şey üçün gün gələr, önəmsədiyin bir bədəl ödərsən” (L.N.Tolstoy)!..
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ