Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində bir sıra mühüm görüşlər keçirib. Musavat.com Minval.az-a istinadla bildirir ki, Hikmət Hacıyev İran Prezidenti Məsud Pezeşkiyanın siyasi müşaviri Mehdi Saneyi ilə görüşüb və iki ölkə arasındakı münasibətlərin inkişafını müzakirə edib.
İRNA agentliyinin məlumatına görə, görüş zamanı Hikmət Hacıyev Azərbaycanla İran arasında əməkdaşlığın bütün sahələrdə möhkəmləndirilməsinə xüsusi önəm verdiyini vurğulayıb. O bildirib ki, rəsmi Bakı İranla siyasi, iqtisadi və mədəni əlaqələri heç bir məhdudiyyət olmadan, qarşılıqlı maraqlara əsaslanaraq inkişaf etdirməkdə maraqlıdır.
Hacıyev əlavə edib ki, əsas məqsəd iki ölkə arasında etimadın gücləndirilməsi və mümkün anlaşılmazlıqların aradan qaldırılmasıdır. O, həmçinin Azərbaycanın İran üçün heç bir təhlükə yaratmadığını xüsusi vurğulayıb.
İran Prezidenti Məsud Pezeşkiyanın siyasi müşaviri Mehdi Saneyi, öz növbəsində, Azərbaycanın İran üçün təkcə mühüm qonşu deyil, həm də möhkəm tarixi, qohumluq və dostluq bağları ilə bağlı olan bir ölkə olduğunu bildirib.
O qeyd edib ki, hazırkı ikitərəfli münasibətlərin səviyyəsi hər iki ölkənin potensialına uyğun deyil və yalnız diplomatik əlaqələrlə məhdudlaşmamalıdır. Bu baxımdan, xüsusilə özəl sektor və xalq diplomatiyası sahəsində daha geniş əməkdaşlığa ehtiyac var.
Saneyi İranın qonşuları, o cümlədən Azərbaycanla strateji tərəfdaşlıq qurmaq niyyətində olduğunu və ikitərəfli münasibətlərdə gərginliyin yaranmasını yolverilməz hesab etdiyini vurğulayıb.
O bildirib ki, hazırda Azərbaycan və İran arasında ticarət dövriyyəsi kifayət qədər aşağı səviyyədədir və bu göstərici artırılmalıdır. Mehdi Saneyi iki ölkə arasında davamlı iqtisadi əlaqələrin qurulması üçün biznes dairələrinin və özəl sektorun daha aktiv cəlb edilməsinin, həmçinin genişmiqyaslı iqtisadi və ticarət layihələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Musavat.com
02 Fevral 2025
01 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ