İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Ermənistan münasibətlərində “proqnozlaşdırılması çətin” SSENARİLƏR

“Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə Azərbaycanın Ermənistanla münasibətlərində potensial risklər və regional təhlükəsizlik mövzularında diqqətçəkici açıqlamalarla yadda qalıb. Dövlət başçısı Azərbaycan-Ermənistan münasibətlərində gələcəkdə mənfi tendensiyaların ola biləcəyini istisna etməyərək prosesi iki əsas məqamla izah edib: birincisi, Azərbaycanla Ermənistan arasında Vaşinqtonda əldə edilmiş razılıqlara xarici müdaxilə hələ də ehtimal olaraq qalır; ikincisi, Ermənistanın daxili siyasi mozaikasında proqnozlaşdırılması çətin olan ssenarilər növbəti parlament seçkiləri fonunda reallaşa bilər”.

Bu barədə Musavat.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı və siyasi şərhçi Aqşin Kərimov bildirib.

Onun fikrincə, Prezident Əliyev bununla Azərbaycanın Ermənistanda baş verə biləcək və region üçün risk yaradacaq hadisələrə, o cümlədən Nikol Paşinyanın devrilmə ehtimallarına eyham vurub:

“Bunun regional nəticələri ondan ibarət ola bilər ki, Ermənistandakı xaos ssenarisi İrəvanın yalnız ABŞ ilə deyil, həm də Avropa İttifaqı, Türkiyə və ərəb dünyasındakı münasibətlərinə xələl gətirə bilər. Paşinyanın devrilməsi üçün isə ehtimalla Rusiya ilə bərabər, İranın da prosesdə rol ala biləcək potensialı nəzərə alındı. İlham Əliyev bununla hadisələrə çevik və operativ reaksiya vermək üçün Azərbaycan dövlətinin strategiyasının olduğunu önə sürüb. Bu, Azərbaycanın proseslərə müdaxiləsini və Ermənistan üzərində nəzarət əməliyyatlarını gücləndirməsini prioritetləşdirən məqamları ehtiva edir”.

Aqşin Kərimov qeyd edib ki, Əliyevin Zəngəzurun Sovet Rusiyasının qərarı ilə Ermənistana verilməsini xatırlatması gələcək ssenariləri də motivasiya edir. Bu yanaşma, Ermənistandakı qarışıqlıqlar fonunda Azərbaycanın hərbi və kəşfiyyat əməliyyatları ilə dəhlizi əldə etmək imkanlarını nəzərdən keçirir.

Siyasi şərhçi vurğulayıb ki, Nikol Paşinyanla Ağ Evdə 8 avqustda keçirilən görüş və müzakirələrdə Donald Trampın brokerliyi Azərbaycan üçün strateji qazancdır:

“Vaşinqton sammitindən gələn müsbət siqnallardan biri də ABŞ-ın Azərbaycanla birlikdə regional təhlükəsizliyin təmin edilməsində iştiraka hazır olmasıdır. Bu əməkdaşlıq Bakıya Zəngəzur dəhlizinin təminatı ilə bərabər Xəzər dənizi hövzəsində də təhlükəsizlik dividentləri gətirir. İlham Əliyevin Kəlbəcərdə Xəzər dənizindəki mümkün təhdidlər barədə xəbərdarlıqları da bu məntiqlə mənalandırılır.

Prezident müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı İran elitasındakı fikir ayrılıqlarının gələcək üçün ciddi əhəmiyyət daşımadığını vurğulayıb. İlham Əliyev, İranın ali rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayətini hədəf göstərərək, Tehrandakı radikal qüvvələrin prosesə maneə yarada bilməyəcəyini, geosiyasi imkanlarının olmadığını bildirib. Bu açıqlama, İranda mötədillərlə mühafizəkarlar arasındakı geosiyasi hadisələrə yanaşmalardakı fərqlilikləri də vurğulayır və Zəngəzur dəhlizinə dair İranın islahatçı rəsmilərinin çağırışlarının əhəmiyyətinin məhdud olduğunu göstərir”.

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR