İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan dünya silah bazarında yerini möhkəmlədir - hərbi ekspertlər açıqladı

Ölkəmiz Bakıda keçiriləcək “ADEX” 4-cü beynəlxalq müdafiə sərgisinə ötən müddət ərzində istehsal etdiyi bir sıra yeniliklərlə çıxmağa hazırlaşır

Sentyabrın 6-dan 8-dək Bakıda keçiriləcək “ADEX” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisində 26 ölkədən 200-dən çox şirkət iştirak edəcək. Tədbirin təşkilatçısı olan “Caspian Event Organisers” şirkətindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, iştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri olacaq.

İlk dəfə İordaniyadan olan şirkətlərin də qatılacağı builki sərgidə Belarus, İran, İsrail, Qazaxstan, Pakistan, Rusiya, Türkiyə və digər ölkələr milli stendləri ilə iştirak edəcək. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin stendlərində yerli istehsal olan ən son silah və hərbi texnika nümayiş etdiriləcək. Tədbir iştirakçıları ölkənin müdafiə kompleksindəki yeniliklərlə, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin mövcud və artmaqda olan imkanları ilə tanış ola biləcəklər.

“ADEX”də ən müasir silah növlərinin genişmiqyaslı nümayişi Silahlı Qüvvələrin texniki cəhətdən yenidən təchiz olunmasına töhfə verəcək, konstruktiv ünsiyyətə, təcrübə mübadiləsinə, hərbi-texniki sahədə yerli və xarici mütəxəssislər arasında səmərəli əlaqələrin qurulmasına şərait yaradacaq.

Sərgidə təyyarə və aviasiya sistemləri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, radioelektron sistemlər, C4ISR, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, hərbi geyim və ləvazimatlar, silah və sursat, simulyatorlar və təlim sistemləri, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr və s. sektorlar təmsil olunacaq.

Bundan başqa, sərgi iştirakçıları ilə beynəlxalq heyətlərin, həmçinin Azərbaycanın müvafiq qurumlarının nümayəndələri arasında ikitərəfli görüşlər keçiriləcək.

“Beləliklə, ”ADEX" sərgisi beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində ən müasir silahların nümayişi və yeni müqavilələrin bağlanması üçün əla platformaya çevriləcək", - deyə təşkilatçılar vurğulayıblar. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun araşdırmasına görə, hərbi sənaye bazarında ilk yeri ABŞ şirkətləri tutur.

Qlobal silah sektorunda 100 nəhəng müəssisədən 41-i, ümumi gəlirlərin isə 54 faizi bu ölkənin payına düşür. Həmin şirkətlərin ötən ilki gəliri 285 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə təxminən 2 faiz çoxdur. Azərbaycan artıq yerli istehsalı ilə dünya bazarlarına çıxış əldə edib. Xarici ölkələrin hərbi texniki avadanlıqlarımıza göstərdiyi maraq həmin texnikaların ixracını genişləndirməyə şərait yaradır. Yəni Azərbaycan artıq silah istehsal edən ölkədən həm də ixrac edən ölkəyə çevrilir.

Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaranmasından  17 il ötüb. Bu  müddətdə günün tələblərinə cavab verən silah istehsal etmək olduqca məsuliyyətli və çətin bir məsələdir. Azərbaycan bunun öhdəsindən gələ bildi. Bu müddətdə təkcə hərbi sursatlar deyil, eyni zamanda, hərbi texnika və silah istehsalına nail oldu. Azərbaycan bir sıra hərbi texnikanın özündə istehsalını təşkil etdi, bu isə xarici bazardan asılılığımızı azaldı. Bu gün Azərbaycan müdafiə sənayesinin buraxdığı məhsullar təkcə Azərbaycan Silahlı Qüvvələrinin deyil, eyni zamanda, xarici ölkələrin də ordularında arzuolunan silahlardır. Belə bir sərginin Azərbaycanda təşkil edilməsi ölkəmizin beynəlxalq nüfuzu ilə əlaqədardır. Heç bir şübhə yoxdur ki, bu sərgi zamanı ikitərəfli və çoxtərəfli əlaqələr qurulacaq, Azərbaycan silahlarının satılması, diqqəti cəlb edən silah və texnikanın alınması və hətta birgə silah istehsal edilməsinə dair razılıqlara gəlinəcək.

Azərbaycan Ordusunun 44 günlük müharibədə “21-ci əsr silahları” ilə düşmənə od qoyduğunu ermənilər elə savaşın ilk günlərindən etiraf etmişdilər. Üstəlik, dünyanın bəzi hərbi mərkəzləri də ordumuzun uğurlu döyüş əməliyyatlarını öyrənməyə başlamışdı. Bu uğurların postmüharibə dövründə davam etdirilməsi də qürurvericidir. Xüsusulə də NATO-nun ən güclü ordularından birinə sahib olan qardaş Türkiyə ilə birgə hərbi əməkdaşlığımızın uğurla davam etdirilməsi, Şuşa Bəyannaməsindən irəli gələrək ordu quruculuğu və hərbi sənaye sahəsində atılan addımlar daha böyük perspektivlər açır. Qardaş ölkə ilə birg hərbi təlimlər artıq adi hal alıb. Digər nümunələrlə bağlı da qısaca məlumat verək. Rusiya Federasiyasının Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçirilən ”Tank biatlonu" müsabiqəsinin yarımfinal mərhələsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.

Komandaların rəhbərləri, məşqçilər və hakimlərin iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 24-də yarımfinal mərhələsində Qazaxıstan, Çin və Vyetnam komandaları ilə mübarizə aparacaqlar.

Başqa bir nümunə: İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsində ikinci mərhələnin növbəti çalışmaları yerinə yetirilib. Azərbaycan snayperləri “Cütlər sıralaması” mərhələsinin “Şəhər əməliyyatı” və “Tənzimləmə” çalışmalarını müvəffəqiyyətlə yerinə yetiriblər. Çalışmalar zamanı snayperlərimiz cütlük şəklində atəş mövqeyinin seçilməsi, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra ediblər.

Uzeyir Ceferov ordudan ehtiyata buraxildi

Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, sentyabr ayının əvvəllərində Bakıda keçiriləcək beynəlxalq silah-sursat müdafiə sərgisində yenə maraqlı mənzərələri müşahidə etmək mümkün olacaq: “Pandemiya səbəbindən bir dəfə ertələnən bu tədbirə yenə dünyanın aparıcı hərbi sənaye istehsalçılarının böyük marağının şahidi olacağıq. Bu gün müasir tələblərə cavab verən silah-sursatları, avadanlıqları istehsal edən aparıcı ölkələrlə yanaşı Azərbaycan Müdafiə Sənayesi Nazirliyi də növbəti dəfə iştirak edəcək. Hansı yeniliklərin olacağını isə biz yaxın günlərdə yəqin ki, eşidəcəyik. Hazırda dünyada baş verən proseslər ölkələri öz müdafiə və təhlükəsizlik məsələlərinə bir daha diqqət yetirməyə vadar edib. Məhz Rusiyanın suveren Ukraynaya qarşı qəddar və amansız təcavüzü dünyada son aylar sürətlə hərbi sahəyə həm diqqəti artırıb, həm də yaxın perspektivdə bu sahəyə əlavə maliyyə vəsaitlərinin ayırılmasını zərurətə çevirib. Bu tendensiya yaxın onilliklərdə daha da artacaq. Sözsüz ki, Bakıdakı bu mühüm beynəlxalq sərginin əhəmiyyətlərindən biri də orada nümayiş ediləcək silah və sursatlarla bağlıdır. Hərbi avadanlığın ölkələrin müdafiə və təhlükəsizliyinə verə biləcək töhfələr baxımından da tədbir daha çox böyük maraq doğurur. Həm də bir sıra ölkələr öz ordularının döyüş qabiliyyətini artırmaq üçün bu sərgidə nümayiş ediləcək yeni texnologiyalardan əldə etməyə çalışacaq”. Ü.Cəfərov bildirdi ki, Azərbaycan MSN də bu ilki sərgidə ötən müddət ərzində istehsal etdiyi bir sıra yeniliklərlə çıxmağa hazırlaşır: “Düşünürəm ki, azərbaycanlı mütəxəssilərin hazırladaqları hərbi təyinatlı məhsullar da sərgidə iştirak edəcək digər iştirakçıların və potensial alıcıların ciddi marağına səbəb olacaq. Bir sözlə, 3 günlük müdafiə sərgisi hər mənada maraqlı olacaq”. Polkovnik bildirdi ki, qardaş Türkiyə ilə son dönəmlər bir sıra mühüm və maraqlı layihələr işlənib və hazırda da bu istiqamətdə işlər davam edir: “İnanıram ki, ya bu sərgidə, ya da yaxın 1-2 ilə iki qardaş ölkənin birgə istehsalı olan elə müasir hərbi sənaye məhsullarımız haqqında eşidə biləcəyik. Bu, bir çoxları üçün yaxın illərdə sadəcə bir arzu və istək idi. Amma mütəxəssislər gecə-gündüz bu işləri görür və yaxın dönəmdə bu müştərək işlərin nədən ibarət olmasını bütün dünya həm eşidəcək, həm də görəcək. Hərbi sənayesi günü-gündən daha da təkmilləşən qardaş Türkiyəmizin təcrübəsindən, eyni zamanda öz mütəxəssislərimizin bilik və bacarıqlarından geniş istifadə olunur. Bu sahə spesifik sahə olduğuna görə, birgə işlər haqqında mətbuatda o qədər də geniş bilgilər verilmir. Bu da təbidir. İnanmaq lazımdır ki, çox böyük və yaxın gələcəyə hesablanmış işlər görülür və planlarda daha möhtəşəm işlər vardır”.

Ədalət Verdiyev: Erməni terrorunun qurbanı olmuş azərbaycanlı  jurnalistlərin xatirəsi daim qəlbimizdə yaşayacaq - AZƏRTAC

Ədalət Verdiyev

Hərbi ekspert Ədalət Verdiyev öz növbəsində bildirdi ki, Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılmasında əsas məqsəd Azərbaycanın xarici silah istehsalçılarından asılılığını azaltmaq məqsədi daşıyıb: “17 il ərzində Azərbaycan ordusunun istifadə etdiyi və bir çox ölkələrə ixrac edilən 1000-dən çox müxtəlif növ məmulatlar Müdafiə Sənayesi Nazirliyinin müxtəlif müəssisələrində istehsal olunub, yaxud modernləşdirilib. Hazırda müdafiə sənayesinin ən çox istifadə olunan və mənimsənilən məmulatlarına biz ”Mübariz", “İstiqlal”, “Yalquzaq”, “Yırtıcı” snayper tüfəngləri, müxtəlif növ atıcı avtomat silahları, tapançalar, minaatanlar, qumbaraatanlar, onların sursatlarını, optik cihazları, “Matador” və “Marauder” tipli zirehli maşınları, “Gürzə”, “Əqrəb”, “Bəbir” kəşfiyyat-patrul maşınlarını, “Orbiter” ailəsinin müxtəlif növ PUA-larını, “Aerostar”, “Zərbə” və “İtiqovan” tipli PUA-larının yerli istehsalını artıq təşkil etmişik".

Ə.Verdiyev qeyd etdi ki, sentyabrın 6-dan 8-dək keçirilən müdafiə sərgisinin bir çox yeni məhsulların təqdimatı ilə yadda qalacağını güman edir: “Mən bir çox MSN rəsmiləri, orda çalışan həmkarlarımızla apardığım müzakirələrdə Azərbaycanın yerli istehsalı olan bir çox maraqlı məhsulların bu sərgidə ilk dəfə ictimaiyyətə təqdim olunacağı qənaətinə gəlmişəm. Vətən müharibəsində qələbənin əldə edilməsində MSN  müəssisələrində istehsal olunan silah və sursatların, o cümlədən də texniki vasitələrin  böyük əhəmiyyəti olub. Ona görə də iştirakçılar üçün Azərbaycanın yerli istehsal imkanları da kifayət qədər maraq doğuracaq. Bundan başqa, MSN yəqin ki, qardaş Türkiyə və digər ölkələrlə əlaqələr nəticəsində yaradılan yeni məmulatların, yaxud yeni silah modellərini də ictimaiyyətə təqdim edə bilərlər”. Ekspert bildirdi ki, istənilən halda Azərbaycan MSN hazırda regionda ən geniş potensiala malik qurumdur: “Onların istehsal potensialı ilə nə Gürcüstanın, nə də Ermənistanın potensialını müqayisə etmək düzgün deyil. Hər bir halda, MSN Silahlı Qüvvələrimizin silah arsenalının genişlənməsində, ordumuzun qüdrətinin və döyüş gücünün artırılması, başqa ölkələrdən asılılığın aradan qaldırılması üçün bundan sonra da fəaliyyətinə davam edəcək”.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR