Azərbaycanın tanınmış siyasi xadimlərindən olan Xəlil bəy Xasməmmədov Gəncədə orta təhsilini aldıqdan sonra Moskva Dövlət Universitetinin hüquq fakultəsinə daxil olmuş və 1895-ci ildə oranı bitirmişdir. 1895-1919-cu illərdə Yekaterinodar və Yelizavetpol qəzalarının məhkəmələrində işləmişdir. 1913-1918-ci illərdə o, Yelizavetpol şəhər bələdiyyə rəisi, Yelizavetpol qəza İcraiyyə Komitəsinin sədri olmuşdur.
Xəlil bəy Xasməmmədovun bir siyasətçi və hüquqşünas olaraq formalaşmasında Rusiya Dövlət Dumasının mühüm rolu olmuşdur. 1907-ci ilin 20 fevralında Rusiyada II Dövlət Duması fəaliyyətə başladı (I Dövlət Dumasına müsəlman-azərbaycanlı əhali arasında seçkilər 1906-cı ilin 31 mayında keçirilmiş və sonradan çar tərəfindən buraxılmışdı). II Dövlət Dumasında 5 azərbaycanlı deputat var idi: Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtlı və Zeynal Zeynalov. II Dövlət Duması 1907-ci ilin iyununda II Nikolayın fərmanı ilə buraxıldı. Bir qədər sonra, 1907-ci ildə fəaliyyətə başlayan III Dövlət Dumasında Cənubi Qafqazın müsəlman əhalisini bir deputat − Xəlil bəy Xasməmmədov təmsil edirdi. X.Xasməmmədov burada III Dövlət Dumasının fəaliyyətinin sonunadək − 1912-ci ilin iyununa qədər çalışdı.
II Dövlət Dumasında azərbaycanlı deputatlar müsəlman parlament fraksiyasına, F.X.Xoyski və X.Xasməmmədov isə onun bürosuna daxil oldu. Qeyd edək ki,Duma üzvləri tərəfindən fraksiya proqramını əks etdirən bir kitabça da nəşr etdirmişdi.
Fraksiya üzvü olan X.Xasməmmədov həmin proqramı bütövlükdə qəbul etmədi. Qeyd edək ki, X.Xasməmmədov Dövlət Dumasında F.X.Xoyski ilə birlikdə milli dini bərabərlik komissiyasının üzvü idi.
İxtisasca hüquqşünas olan X.Xasməmmədov Duma komissiyasının yerli məhkəmə haqqındakı məruzəsini maraqla dinləmiş və F.X.Xoyski ilə birlikdə Rusiyanın bütün yerlərində islahat keçirilməsi, məhkəmənin yerli əhalinin dilində aparılması zəruriliyinə tərəfdar çıxmışdılar.
Qeyd edək ki, X.Xasməmmədovun Rusiya Dövlət Dumasındakı fəaliyyətinə aid məktublaşması onun bu dövr fəaliyyətinin öyrənilməsində ciddi sənədlərdir. Arxiv sənədləri arasında X.Xasməmmədovun Bakıya − Ə.M.Topçubaşovun həyat yoldaşı Pəri xanım Topçubaşovaya 1908-ci ilin mayın 8-də göndərdiyi bir teleqram da vardır. Həmin teleqramda X.Xasməmmədov Ə.M.Topçubaşovun böyük nüfuza malik olduğunu xatırladaraq onun “Vıborq işi” ilə bağlı olan məşhur çağırışını qeyd edir.
1917-ci ilin Fevral burjua inqilabından sonra X.Xasməmmədov Zaqafqaziyada gedən proseslərdə yaxın iştirak etdi.1918-ci ilin fevralında yaradılan Zaqafqaziya Seymində müsəlman fraksiyasının üzvü oldu.O,fraksiyada “Müsavat” və demokratik bitərəflər qrupunun təmsilçisi idi.
X.Xasməmmədov 1918-ci ilin mayın 27-də Seymin süqutundan bir gün sonra keçirilən Seymin müsəlmanlardan ibarət üzvlərinin fövqəladə iclasında yaradılan Azərbaycan Milli Şurası Rəyasət heyətinin üzvü seçildi.
1918-ci ilin 28 Mayında Azərbaycan istiqlalı elan edildikdən sonra F.X.Xoyskinin başçılıq etdiyi birinci müvəqqəti hökumət kabinəsində Ədliyyə naziri vəzifəsi X.Xasməmmədova tapşırıldı.
X.Xasməmmədov F.X.Xoyskinin başçılıq etdiyi III hökumət kabinəsində (26.12.1918 − 14.03.1919) Daxili İşlər naziri vəzifəsini icra etmişdir. O, bundan əvvəl Ədliyyə naziri vəzifəsində də çalışmışdır. Daxili İşlər naziri olaraq çalışdığı qısa müddətdə o, bütün bacarığını Azərbaycanda asayişin qorunmasına, dövlətin inkişafına sərf etmişdir. Onun bu dövrdə verdiyi əmrlər, sərəncamlar, göndərdiyi teleqramlar bu faktı təsdiq etməkdədir.
X.Xasməmmədovun 1918-1920-ci illərdəki fəaliyyətinin öyrənilməsində onun parlamentdəki çıxışları önəmli rol oynayır. Bu çıxışlarda onun dövlət quruculuğu sahəsində ciddi çalışmaları öz əksini tapır.
X.Xasməmmədovun parlamentdə ilk çıxışı 1919-cu ilin fevralın 4-də keçirilən 10-cu iclasda oldu. İclasa sədrliyi Həsən bəy Ağayev etdirdi. İclasın gündəliyinə 6 məsələ daxil edilmişdi: 1) Daxil olan kağızlar; 2) Məsai nazirinə sorğu; 3) Xariciyyə nazirinə sorğu; 4) Torpaq və sorğu komissiyaları intixabı; 5)Dəmiryol qulluqçularının halını yaxşılaşdırmaq üçün qanun layihəsi; 6) Ticarət nazirinə, bez, neft və buğda barəsində sorğu.
Parlamentdəki çıxışında X.Xasməmmədov sorğu məsələsinin əhəmiyyətini izah edirdi.X.Xasməmmədov sorğunun əhəmiyyətindən danışdıqdan sonra Azərbaycan hökumətinin əhalidən buğda və digər ərzaq yığması haqqında qanunu vermədiyini, bu işin yalnız türk əsgərləri Bakıda olarkən baş verdiyini qeyd etdi. O, bildirdi ki, türklər Azərbaycanı tərk edərkən qoyduqları əşyalar hərbiyyə və ərzaq sahələrinin nəzarətinə verilib. Bəzi yerlərdə isə daxiliyyə nəzarətində saxlanılır və bu da ,əsasən, arpa və buğdadan ibarətdir. X.Xasməmmədov yığılan buğda ilə bağlı Qubada, Göyçayda, Gəncədə müəyyən problemlər olduğundan oraya məmur göndərildiyini söylədi.
X.Xasməmmədov çıxışında neft məsələsinə də toxundu. Bir çox yerlərə külli miqdarda, qanunsuz olaraq neft aparıldığını (xüsusən Qazax bölgəsinə və oradan da Gürcüstana) qeyd etdi.
1919-cu ilin aprelin 3-də Parlamentin 19-cu iclası keçirildi. İclasda sədrlik edən H.Ağayev 41 nəfərin iclasda iştirak etdiyini söylədi.
İclasda müzakirə edilən bir məsələ də “daxiliyyə nəzarəti məmurlarının maaşlarının artırılması və bəzi məmurluqların təşkili” haqqında qanun layihəsi idi. Bu məsələ ilə bağlı əsas məruzəni doktor Musa bəy Rəfibəyov etdi. Məsələ ətrafında çıxış edənlərdən biri də hökumət üzvü X.Xasməmmədov oldu. Bu çıxışdan aydın olur ki, X.Xasməmmədov həm də qanunların yazılıb hazırlanmasında fəallıq göstərmişdir.
1920-ci ilin aprelində Azərbaycan bolşeviklər tərəfindən işğal edildi.
Bu hadisədən bir qədər əvvəl X.Xasməmmədov Türkiyəyə səfir təyin edilsə də, vəzifəsini icra etmək imkanı olmamışdı.Azərbaycan işğal edildikdən sonra o,Tiflisə getdi. 1920-ci ilin iyunun 19-da erməni daşnak partiyasının üzvləri Aram Erkanyan və Misak Kirakosyanın F.X.Xoyskiyə qarşı terror aktı zamanı X.Xasməmmədov da iki güllə ilə yaralanmış, lakin sağ qalmışdı. Bu qəsddə bolşeviklərin də iştirakı bəzi sənədlərdə qeyd olunmaqdadır. Bolşeviklər isə bu şəxsiyyətləri aradan götürüb Azərbaycandakı müqavimət hərəkatını zəiflətmək istəyirdi.
Tiflisdə qalmağın qeyri-mümkünlüyünü başa düşən X.Xasməmmədov Türkiyəyə,oradan Fransaya getməyə məcbur olmuşdu.
X. Xasməmmədovun mühacirətdə olduğu dövrə təsadüf edən ilk məktubu Əbdüləli bəy Əmircanova ünvanlanıb. Məktub 1921-ci ilin 23 mayında Parisdən yazılıb. Həmin məktubdan: “Hörmətli Əbdüləli bəy! Sizin may tarixli məktubunuza cavab olaraq bildirirəm ki, mənim sərəncamımda bizim həmyerlilərimizə − qaçqınlara kömək üçün heç bir maliyyə yoxdur. Parisdəki Sülh Konfransının nümayəndələri tərəfindən bir neçə adama müəyyən dotasiya verilir ki, onların da siyahısı bizim indiki konsulluqdadır.
Sizin xatırlatdığınız 25min frank, həqiqətən, bizim nümayəndəliyin dediyi F.B.Vəkilovun adına göndərilib. Bu pul Vəkilova və onun iki dostuna ödənilməsi, eləcə də, işin təşkil olunması üçün ayrılıb.
Hazırkı şəraitdə vəziyyətin dəyişdiyini nəzərə alıb yazılı şəkildə Vəkilovdan xahiş etmişəm ki, həmin pulun ikinci iş üçün nəzərdə tutulan hissəsi Azərbaycanın harasında qeydiyyatından asılı olmayaraq Anadoluda yaşayan qaçqınlara verilsin.
Bununla birgə təklif etmişəm ki, ona ayrılan pul yerlərdəki qaçqın təşkilatlarına verilsin. X.Xasməmmədov” .
X.Xasməmmədov eyni zamanda, M.Ə.Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Milli Mərkəzinin üzvü, İstanbul bölməsinin sədri olmuşdur.
X.Xasməmmədov mühacirətdə yaşadığı dövrdə keçirilən tədbirlərdə də fəallıq göstərirdi. 1930-cu ildə İstanbulda nəşr edilən “Odlu Yurd” məcmuəsi tərəfindən Azərbaycan Cümhuriyyətinin 12-ci ildönümü münasibəti ilə “Milli Azərbaycan gecəsi” təşkil olunmuşdu. X.Xasməmmədov mərasimdə açılış çıxışı etdi: “28 May tariximizdə ən şərəfli bir gündür, bu gün milli bayramımızdır. Bu münasibətlə, əziz vətəndaşlar, cümlənizi ürəkdən təbrik edirəm”.
Sonra o, Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalı faktını mərasim iştirakçılarına çatdırıb əlavə etdi: “Bu istila bizim üçün nə qədər böyük bir faciə olsa da, keçici bir hadisədir. İstilanın ilk günlərindən etibarən açılan və hələ də davam edən və gündən-günə şiddət kəsb edən milli mücadilə mənim inamımı çox qüvvətləndirir və canlandırır.Qurtuluşumuz mühəqqəqdir.İstiqlal eşqi ilə hazırlıqlı olan və bu yolda heç bir fədakarlığı əsirgəməyən bir millətin nəhayət hürriyyətinə yetişməməsi mümkün deyil”.
X.Xasməmmədovun mühacirətdə yaşayarkən Polşa rəsmiləri ilə də yazışmaları vardır.
Mühacirət həyatının ağır şərtləri daxilində mühacirlərarası ziddiyyətlər də yox deyildi. Odur ki, X.Xasməmmədovun M.Ə.Rəsulzadə ilə münasibətlərində müəyyən problemlər yaranırdı. Belə ki, 1927-ci ildə Türkiyədəki mühacirlərdən Ş.Rüstəmbəyli ilə birlikdə X.Xasməmmədovun Müsavatın idarəçiliyindən narazılığını bildirərək təşkilatı parçalamaq istəyi,paralel şəkildə üzv olduqları Milli Mərkəzin işinə önəm vermələri müsavatçılar tərəfindən narazılıqla qarşılanmış və 25 nəfər partiya üzvü tərəfindən ciddi xəbərdarlıq tədbiri görülmüşdü. Bundan sonra onlar təşkilatın fəaliyyətinə problem yaratmayacaqlarını bildirmişdilər.
1942-ci ilin iyununda Almaniya Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə Berlində “Adlon” otelində Qafqaz xalqlarının tanınmış siyasi xadimləri ilə birlikdə azərbaycanlılardan M.Ə.Rəsulzadə, M.Y.Mehdiyev, M.Vəkilli, X.Sultanov, X.Xasməmmədov və F.Əmircanın da iştirakı ilə konfrans keçirildi.X.Xasməmmədovun və F.Əmircanın bu konfranda iştirakında Nuru Paşanın ciddi rolu olmuşdu.
Qeyd edək ki, Fransa, İtaliya, Türkiyə, İsveçrə və Balkanlarda məskunlaşan tanınmış mühacirlərin bu görüşünün təşkilatçısı Almaniya Xarici İşlər Nazirliyinin əsas Şərq mütəxəssisi və Moskvadakı keçmiş səfiri olmuş Şulenberq idi. Onun mühacirlərlə olan bu tarixi görüşü isə “Adloniada” adlandırıldı.
“Adlon” otelində keçirilən konfransda Qafqazdan olan mühacirlər Qafqazın müstəqilliyinin Almaniya tərəfindən tanınması haqqında həmin ölkənin Xarici İşlər Nazirliyi təmsilçilərindən qeyri-rəsmi də olsa müsbət cavab ala bilmişdilər. Almaniyanın Şərq Nazirliyinin Qafqaz şöbəsinin rəisi Von Mendenin köməyi ilə Qafqaz xalqlarının təmsilçilərindən ibarət Milli komissiyaların yaranmasına da razılıq verilmişdi.
X.Xasməmmədov Türkiyədə yaşadığı dövrdə türk xanımı ilə ailə qurmuş və onların Rauf adlı bir övladı da olmuşdur. Ailə qurduqdan uzun müddət sonra dünyaya gələn və yeganə övlad olan Rauf Yekta (misilsiz, tayı-bərabəri olmayan mənasında-red) Qalatasaray liseyində təhsil alırdı. 1931-ci ilin martın əvvəllərində Rauf 12 yaşında dünyadan köçdü. Bu hadisə X.Xasməmmədovu bərk sarsıtdı.Onun övladının ölümü münasibəti ilə İstanbulda M.B.Məmmədzadənin redaktorluğu ilə çıxan “Bildiriş” qəzeti yazırdı: “İstanbulda Azərbaycan sabiq Milli hökuməti Ədliyyə vəkili Xəlil Xasməmməd bəy əfəndinin 12 yaşındakı oğlu − Qalatasaray liseyi tələbəsi Rauf bəy mübtəla olduğu xəstəlikdən qurtulmayaraq dünən vəfat etmişdir. Kədər-didə ailəsinə təziyətlərimizi bəyan eyləriz”.
Xəlil bəy ömrünün son illərini N. Yusifbəylinin kürəkəni olan Mirzə bəy Göygölün (Zəhra xanımın həyat yoldaşı) evində yaşadı.
X.Xasməmmədov 1947-ci ildə İstanbulda vəfat etmiş və Fəriköy məzarlığında dəfn olunmuşdur.
ŞƏRHLƏRŞƏRH YAZ