İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Bolqarıstan əlaqələri ölkəmizə bunları qazandıracaq-ŞƏRH  


“Azərbaycanın Balkan regionu ölkələri ilə, o cümlədən Bolqarıstanla əməkdaşlığı dinamik şəkildə inkişaf edir. Bolqarıstanın da bir hissəsi olduğu Balkan regionu ölkəmizin xarici siyasətinin mühüm prioritet istiqamətlərindən birini təşkil edir”.

Millət vəkili Aydın Hüseynov Musavat.com-a bildirib ki, Balkan ölkələrinin liderləri tərəfindən Azərbaycanla əməkdaşlığa böyük maraq göstərilir. Millət vəkili qeyd edib ki, Azərbaycan-Bolqarıstan münasibətləri son illər yeni mərhələyə qədəm qoyub: “Azərbaycan Prezidentinin 2015-ci ildə bu ölkəyə səfəri zamanı imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə siyasi münasibətlər keyfiyyətcə yeni səciyyə qazanıb. Bu vacib sənədlə tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq aləmdə iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər. Birgə Bəyannaməyə əsasən Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis olunub.

İqtisadi əlaqələrin dinamikası da hər il artır. 2022-ci ildə Bolqarıstan Azərbaycanın 28-ci xarici ticarət tərəfdaşı olub. Həmin ildə iki ölkə arasında ticarət dövriyyəsi 325 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətimizin saldosu 259 milyon ABŞ dolları ilə Azərbaycanın xeyrinə olub. Azərbaycan Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru kəməri Balkan regionundan-Yunanıstan və Albaniyadan keçir. 2022-ci ildə Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsi qazın bu ölkəyə nəqlinə imkan verib, oktyabr ayında Azərbaycanın “Şahdəniz” yatağında hasil olunan 1 milyard kub metr təbii qaz Cənub Qaz Dəhlizinin sonuncu seqmenti Trans-Adriatik Boru kəməri vasitəsilə Yunanıstan-Bolqarıstan qaz interkonnektoru vasitəsilə Bolqarıstana çatdırılıb”.

aydin_huseynov098.jpg (71 KB)

Aydın Hüseynov Prezident İlham Əliyevin səfərinin sayca 5-ci olmasına diqqət çəkərək qeyd etdi ki, bu, iki ölkə arasında möhkəm əlaqələrin göstəricisidir: “Səfər çərçivəsində Bolqarıstanın “Bulgartransgaz”, Rumıniyanın “Transgaz”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycanın Dövlət Neft Şirkəti arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması Azərbaycanın enerji doktrinasının daha da möhkəmlənməsi və Avropanın enerji bazarında rolunun güclənməsi deməkdir. Hazırda Azərbaycan ilə Bolqarıstan arasında sıx münasibətlər mövcuddur. Bir sıra siyasi məsələlərdə iki ölkənin maraqlarının və mövqelərinin üst-üstə düşməsi münasibətlərin genişlənməsinə təkan verir. İlk növbədə, Bolqarıstanın xarici siyasətində Cənub-Şərqi Avropa ölkələri ilə iqtisadi və mədəni əməkdaşlığın inkişaf etdirilməsi, region dövlətlərinin Avroatlantik strukturlara inteqrasiyasının dəstəklənməsi xüsusi yer tutur. Bildiyimiz kimi, Qərbə inteqrasiya siyasəti həyata keçirən Azərbaycan bu istiqamətdə bir çox Avropa ölkələri ilə əməkdaşlıq edir. Avropa İttifaqı, Avropa Şurası, AŞPA, ATƏT kimi təşkilatlarla əlaqələrin genişləndirilməsində maraqlı olan Azərbaycan üçün Bolqarıstanla münasibətlər bu baxımdan faydalıdır. Eyni zamanda, Cənubi Qafqaz regionunda lider olan Azərbaycanla əməkdaşlıq Bolqarıstanın regionun iqtisadi həyatında aktiv yer alması üçün də şərait yaradır. İki ölkə arasındakı əlaqələrin genişlənməsində dövlət başçılarının və digər rəsmi şəxslərin qarşılıqlı səfərləri, səfərlər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan müqavilə və sazişlərin imzalanmasının böyük əhəmiyyəti var”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR