Onlayn ictimai-siyasi qəzet
Ölkəmiz Avrasiya regionunda Rusiyadan sonra ikinci ən böyük investora çevrilib
Azərbaycan Avrasiya regionuna investisiya yatırımlarına görə 2016-cı ildə tutduğu dördüncü yerdən 2024-cü ilin birinci yarısında ikinci yerə yüksələrək, Rusiyadan sonra ikinci ən böyük investora çevrilib. “Yeni Müsavat” xəbər verir ki, bu məlumat Avrasiya İnkişaf Bankının (EDB) 2024-cü il üzrə hesabatında yer alıb.
Hesabatda qeyd olunur ki, Azərbaycan son 8 ildə Avrasiya regionu ölkələrinə investisiyaları iki dəfəyə yaxın artırıb: “2024-cü ilin birinci yarısının sonunda Azərbaycanın qarşılıqlı birbaşa xarici investisiyaları ölkə ÜDM-nin 6,58 faizini təşkil etdiyi halda, Rusiyada bu göstərici 4,15 faizdir. Beləliklə, Azərbaycanda qarşılıqlı birbaşa xarici investisiyaların payı artmaqda davam edir, bu da onu investisiya fəaliyyətində əhəmiyyətli regional oyunçu edir”.
Nəzərdən keçirilən dövr ərzində Azərbaycanın Avrasiya regionuna toplanmış birbaşa xarici investisiyalarının həcmi təxminən iki dəfə - 1,7 milyarddan 3,1 milyard ABŞ dollarına qədər artıb. 2024-cü ilin birinci yarısının sonuna Azərbaycan investorları Avrasiya regionunda 43 layihə həyata keçirib, 1 layihənin orta dəyəri 84 milyon ABŞ dolları təşkil edir.
Azərbaycan şirkətlərinin neft-qazdan sonra investisiya yatırdığı əsas sektorlar nəqliyyat (711 milyon ABŞ dolları) və telekommunikasiya (709 milyon ABŞ dolları) sektorlarıdır. Hesabatda bildirilir ki, azərbaycanlı investorlar anbar təsərrüfatı sahəsində 411 milyon ABŞ dolları dəyərində dörd layihə həyata keçirir və bu, Avrasiya regionu ölkələri arasında maksimal göstəricidir. Sonrakı yerdə Qazaxıstan (376 milyon dollar) və Rusiya (246 milyon dollar) gəlir.
Hesabatdan aydın olur ki, Azərbaycanın Avrasiya regionunda ən çox investisiya yatırdığı ölkələr Ukrayna, Gürcüstan və Qırğızıstandır. Ukrayna və Gürcüstanda əsas investor qismində SOCAR çıxış edib. Qırğızıstanda isə özəl şirkətdir. Belə ki, 2023-cü ilin oktyabrından Azərbaycan şirkəti Qırğız Respublikasında İssık-Kul gölünün sahilində parkı olan beşulduzlu hotelin tikintisinə başlayıb: “Kara Oy kəndi yaxınlığında 17 hektardan çox ərazidə həyata keçirilən layihənin dəyəri 8-10 milyard Qırğız somu (112 milyon ABŞ dollarından çox) məbləğində qiymətləndirilir”.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin birinci yarısında Ermənistanda toplanmış birbaşa xarici investisiyaların həcmi 37 milyon dollardan 841 milyon dollara yüksəlib, ölkə regionda 10 investisiya layihəsi həyata keçirir.
Azərbaycanın 2022-ci ildən etibarən yığılmış qarşılıqlı xarici birbaşa investisiyalarının həcmi 1 faiz azalıb ki, bu da 2023-cü ildə ölkənin əsas investor olan SOCAR tərəfindən Cənubi Qafqaz Boru Kəməri Şirkətində 10 faiz payın satışı ilə bağlıdır.
Hesabata görə, 2016-cı ildən 2024-cü ilin birinci yarısına qədər olan dövrü əhatə edən dövr ərzində cəlb olunmuş investisiyaların həcmi Cənubi Qafqaz ölkələri arasında belə bölünüb: Azərbaycan 5,82 milyard dollar, Ermənistan 3,68 milyard dollar, Gürcüstan isə 2,86 milyard dollar cəlb edib. Eyni zamanda 3,11 milyard dollar investisiya alan Rusiya Avrasiya regionuna yatırdığı 38,27 milyard dollar investisiya ilə regionun ən böyük investoru olaraq qalır.
Yığılmış qarşılıqlı birbaşa sərmayələrin ümumi həcminin 46,1 milyard dollara çatdığı bütün Avrasiya regionu üzrə ən çox investisiya alanlar Qazaxıstan (10,4 milyard), Özbəkistan (10,2 milyard) və Azərbaycan (5,8 milyard) olub. Bu üç ölkə bütün qarşılıqlı xarici birbaşa investisiyaların təxminən 60 faizini cəlb edib.
Maraqlıdır ki, yığılan qarşılıqlı investisiyaların 68 faizi özəl şirkətlərin payına düşür. Sənaye baxımından liderlər xammal sektoru (35,6 faiz), emal sənayesi (15,2 faiz) və nəqliyyat və logistika sektorudur (11,6 faiz). Aqrar-sənaye kompleksinə investisiyalar 2016-cı ildən bəri orta illik 6,7 faiz sabit artım nümayiş etdirərək xüsusilə dinamik inkişaf edir.
Azərbaycan 2016-cı ildən bəri region ölkələri arasında xarici birbaşa investisiya cəlbinə görə ən yüksək artım tempini nümayiş etdirib. Bu dövrdə regiondan cəlb edilmiş xarici birbaşa investisiyaların 89,5 faizi və ya 5,2 miloyard dolları xammal sektorun cəlb olunan investisiyalardır. Hazırda ölkədə 20 investisiya layihəsi həyata keçirilir və bir layihəyə düşən investisiya regionda ən yüksək olmaqla 264 milyon dollar təşkil edib.
Azərbaycanda qarşılıqlı xarici birbaşa investisiyaların artımı 2012-ci ildən 2023-cü ilə qədər təxminən 25 milyard dollar sərmayə qoyulmuş "Şahdəniz" layihəsinə böyük investisiyalar tərəfindən dəstəklənib. 2022-ci ildə Petronasla müqavilədən sonra Rusiyanın "LUKoil" şirkəti 1,45 milyard dollar ödəyərək “Şahdəniz”dəki payını 20 faizə çatdırıb.
Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi tədiyə balansından aydın olur ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4.5 milyard dollar, xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1.4 milyard dollar olub. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 79.3 faiz təşkil edib. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 0.8 milyard dollar kəsir yaranıb. Qiymətləndirmələrə görə, qeyri neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 2.7 faiz artaraq 0.9 milyard dollar təşkil edib.
Doqquz ayda xarici ölkələrə yönəldilmiş birbaşa investisiyaların 97 milyon dolları Gürcüstana, 79, 3 milyon dolları Özbəkistana, 27,4 milyon dolları Rusiyaya, 26,8 milyon dolları Qırğızıstana, 8,3 milyon dolları Qazaxıstana, 4,6 milyon dolları Ukraynaya yatırılıb.
Hesabat dövründə Azərbaycana yatırılan xarici birbaşa investisiyalarda Rusiyanın payı 3 dəfədən çox azalmaqla, 98 milyon dollar, Gürcüstanın payı 31 milyon dollar, Qazaxıstanın payı 9,3 milyon dollar, Qırğızıstanın payı isə 2,2 milyon dollar təşkil edib.
Ümumilikdə ötən il Azərbaycan iqtisadiyyatına ümumi kapital qoyuluşunda azalma qeydə alınıb. Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala 15 milyard 910,3 milyon manat məbləğində investisiya yatırılıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz azalma deməkdir. Hesabat dövründə neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 9,0 faiz, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 1,1 faiz azalıb.
İnvestisiyanın 8 milyard 138,8 milyon manatı və ya 51,2 faizi məhsul istehsalı sahələrinə, 5 milyard 617,8 milyon manatı (35,3 faizi) xidmət sahələrinə, 2 milyard 153,7 milyon manatı (13,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 13 milyard 66,5 milyon manatını və ya 82,1 faizini daxili investisiyalar təşkil edib.
İnvestisiyaların 11 milyard 434,8 milyon manatı və ya 71,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
EDB-nin və AMB-nin hesabatından aydın olur ki, Azərbaycan iqtisadiyyatına yatırılan xarici birbaşa investisiyalarda xammal - yəni neft-qaz sektorunun payı çox yüksək olaraq qalır. Ölkəyə gələn investisiyaların 80 faizi bilavasitə bu sektorda həyata keçirilən layihələrə yatırılır. Azərbaycandan xaricə yönəldilən investisiyalarda isə neft və qeyri-neft sektoru arasında balans var. Son illərdə ağırlıq qeyri-neft sektoruna investisiyalara doğru sürətlə dəyişir. Azərbaycan şirkətləri Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Gürcüstanda çoxsaylı qeyri-neft layihələri həyata keçirirlər.
Eldəniz Əmirov
Açıqlanan göstəricilər həm də onu göstərir ki, uzun illər boyu ölkənin qeyri-neft sektorunun xarici investorlar üçün cəlbedici hala gətirilməsi məqsədilə həyata keçirilən tədbirlərin real təsiri çox cüzidir. İqtisadçı Eldəniz Əmirovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycana cəlb olunan xarici investisiyaların strukturunda neft-qaz sektorunun kəskin üstün paya malik olması AMB-nin açıqladığı tədiyə balansında da əksini tapıb: “Eyni zamanda 2024-cü ildə Azərbaycanın qeyri-neft ixracının azalması da müşahidə olunur. Bunun səbəblərindən biri kimi məhz qeyri-neft-qaa sektoruna xarici investisiyaların azalması çıxış edir. Neft-qaz sektoruna investisiyaların artmasında ölkənin neft hasilat həcmlərinin stabil saxlanması üçün yatırılan investisiyalarla bağlıdır. Bununla bağlı Prezident İlham Əliyev də bir neçə dəfə açıqlama verərək neft hasilatının stabilləşməsi üçün zəruri investisiyaların yatırılması məqsədilə xarici şirkətlərlə müzakirələr aparıldığını və konkret işlər müəyyənləşdirildiyini bildirib. Məhz bu müzakirələrdən sonra sektora yatırımlarda artımlar qeydə alınır”.
Ekspertə görə, qeyri-neft sektoruna xarici investisiyaların çoxalması üçün zəruri investisiya mühiti olmalıdır: “Bu baxımdan, Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyaların daha sürətli axını üçün müəyyən işlər görülməlidir. Xarici investorların bir ölkəyə investisiya yatırması üçün əsas şərtlər siyasi sabitlik və hökumətlərin həyata keçirdiyi stimullaşdırıcı tədbirlərdir. Digər bir məsələ güvən məsələsidir. Digər şərtlər arasında şəffaflıq, infrastrukturun olması, ümumi iqtisadi siyasətin investisiya mühiti üçün əlverişliliyidir. Bu şərtlərin bir çoxu Azərbaycanda var - siyasi sabitlik var, infrastruktur bir çox sahələrdə əlverişlidir. Bunların qarşılığında qeyri-neft sektoruna xarici investisiyaların az olması göstərir ki, başqa istiqamətlərdə müəyyən problemlər var. Düşünürəm ki, xarici investorların qeyri-neft sektoruna daha həvəslə gəlməsi üçün bürokratik əngəllər xeyli azaldılmalı, vergi qanunvericiliyində stabillik təmin olunmalı (vergi qanunvericiliyində çox tez-tez və əhəmiyyətli dəyişiklikləri heç bir investor sevmir, onlar hər sahədə olduğu kimi, vergi sahəsində də sabitliyi sevirlər), rəqabət mühiti daha da təkmilləşdirilməlidir. Bu şərtlər təmin olunarsa, biz qısa müddətdə ölkəmizdə qeyri-xammal istiqamətli investisiyaların artımını görə bilərik”.
Dünya SAKİT,
“Yeni Müsavat”
09 Yanvar 2025
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ