Onlayn ictimai-siyasi qəzet
Dünyada süni intellekt üçün nəzərdə tutulan çiplərin əsas istehsalçısı NVIDIA-dır.
Musavat.com-un xəbərinə görə, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, AMD, Huawei, İntel və s. qurumlar da bu sektorda söz sahibi olmaq istəsələr də, qarşıya qoyulan vəzifələrin icrası baxımından NVIDIA məhsulları hələlik bazarda hökmranlıq edir:
“Məhz bu baxımdan NVIDIA qısa zamanda çox sürətlə inkişaf edib, bazar dəyəri dünyada ən yüksək səviyyəyə çatıb”.
Ekspert qeyd edib ki, NVIDIA çipləri yüksək performanslı hesablama və süni intellekt modellərinin, neyron şəbəkələrin təlimi üçün optimallaşdırılıb:
“Xüsusilə də big dataların analizi, elmi tədqiqatlarda və yüksək hesablama gücü tələb edən simulyasiyalarda, təhlükəszilik məqsədli simulyasiyalarda və modellərin hazırlanmasında əsas komponentdir.
Bütün dünyada bu çiplərin əldə edilməsi uğrunda amansız yarış gedir.
Həmçinin MDB ölkələri və Azərbaycan da süni intellekt infrastrukturunun, Superkompüter Mərkəzinin qurulması üçün bu çiplərdən əldə etməyə çalışır. Lakin məsələ ondadır ki, ABŞ hökuməti süni intellekt çiplərinin ixracına dair müəyyən məhdudiyyətlər tətbiq edir. Çin və Rusiya, həmçinin onlarla əlaqəli olan ölkələrə bu resursların satışı qadağandır.
Məqsəd süni intellekt texnologiyalarının ABŞ-ın müttəfiqləri arasında cəmləşdirilməsi və inkişaf etmiş texnologiyaların Çin və Rusiyanın əlinə keçməsinin qarşısını almaqdır. Tramp gələndən sonra bu qaydaların daha da sərtləşdiriləcəyi gözlənilir. Yalnız ABŞ-ın yaxın müttəfiqləri Amerikan çiplərinə məhdudiyyətsiz çıxış əldə edəcəklər.
Xatırlayıram ki, Qazaxıstan bir ildən çoxdur ki, öz ölkəsində süni intellekt infrastrukturu qurmaq, Superkompüter Mərkəzi yaratmaq üçün BƏƏ və süni intellekt sahəsində öndə gedən Presihgt şirkəti ilə əməkdaşlıq edir. Bu sahəyə böyük pullar ayrılıb.
Lakin hələlik görünən odur ki, çox çalışsalar da, NVIDIA-dan nəsə almaları haqında məlumat yoxdur. Layihənin icrasının ləngidiyi məlumdur. Çox güman ki, Qazaxıstanın Rusiyaya sanksiyalardan yayınmaq üçün kömək etdiyi iddiaları ona bu sahədə problem yaradıb.
Eyni situasiya bir çox digər region ölkələrində də müşahidə olunur”.
Osman Gündüzün sözlərinə görə, ABŞ-dan çip almaq məsələsində problemi olmayan Ermənistandır:
“NVIDIA bu ölkə ilə ciddi işbirliyindədir. Xeyli müddətdir ki, burada oturuşublar. Maraqlıdır ki, Ermənistanın Rusiya ilə iqtisadi bağlantıları, sanksiyalardan yayınmağa köməkliyi NVIDIA ilə əməkdaşlılğa mane olmur. Artıq bu ölkədə 2-ci Superkompüter Mərkəzinin açılçması haqqında müzakirələr gedir və real işlər də görünür.
Azərbaycanda süni intellekt sektorunda iki əsas qurum var, RİNN-in tabeliyində Aİ Lab və İN tabeliyində 4SİM. Bildiyim qədər, Aİ Lab xeyli müddət öncədən NVIDIA ilə müəyyən danışıqlarda olub. Lakin hələlik bu danışıqların uğurla nəticələndiyi görsənmir. Görünən odur ki, Aİ Lab da boş dayanmayıb, əsasən təhsil sahəsinə yönəlib və Aİ Academy formalaşdırıb.
Lakin son zamanlarda İqtisadiyyat Nazirliyi tərəfindən ölkədə hamının bəhrələnə biləcəyi bir Superkompüter Mərkəzinin yaradılmasına start verməsi haqqında məlumatlar daxil olur. Əgər ölkədə süni intellektin inkişafı üçün qurulacaq Superkompüter Mərkəzi söhbəti realdırsa, hansı ki bu sektora real maliyyə resursları ayrılıb, onda düşünmək olar ki, zəruri olan çiplərin alınması istiqamətində İN səviyyəsində uğurlu nəticələr əldə olunub. Qurum bunu reallaşdıra bilsə, düşünürəm ki, ölkədə süni intellekt sahəsində ciddi dönüş yarana bilər”.
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ