İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev: "Dünyadakı həqiqəti söyləyən, cəsarətli dostlarımızı müdafiə etməliyik"

Bildiyiniz kimi, Azərbaycan ərazi bütövlüyünü, suverenliyini və konstitusion quruluşunu tam bərpa etdikdən sonra, həm daxildə görünməmiş dərəcədə siyasi həmrəyliyə və milli birliyə nail oldu, həm də, regionda güc balansını öz xeyrinə dəyişərək sözün əsl mənasında “orta güc”ə sahib olan bir dövlətə çevrildi. Hazırda Prezident İlham Əliyevin liderliyində Azərbaycan siyasi müstəqilliyinin ən qüdrətli və güclü dövrünü yaşayır.

Lakin dövlətimizin güclənməsindən, onun tamamilə milli və müstəqil siyasət yürütməsindən narahat olan və bütün vasitələrlə bu siyasətin qarşısını almağa çalışan bəzi Qərb ölkələri hər keçən gün müxtəlif bəhanələrdən və qurama ittihamlardan istifadə edərək ölkəmizə qarşı siyasi təzyiqi artırmağa çalışırlar.

Artıq bu dairələr Azərbaycana daxildən müdaxilə edə bilmirlər, çünki bir sıra marginal qruplar istisna olmaqla onların daxildəki bütün rıçaqları və xüsusilə, “QHT” adı altında ölkəmizin siyasi müstəqilliynə və iç işlərinə qarışmaq imkanları sıfıra bərabərdir.

Azərbaycan dövlətinin vaxtında atdığı addımlar və Milli Məclisin qəbul etdiyi müvafiq qanunvericilik aktları ölkə QHT-lərinin fəaliyyətində şəffaflıq və hesabatlıqla bağlı boşluqları və problemləri həll etdiyindən, indi, onlar yalnız bizə xaricdən təsir etməyə çalışırlar.

Necə ki, bu gün ABŞ və Avropa İttifaqı Gürcüstanın daxili işlərinə kobud şəkildə müdaxilə edib Parlamentin “Xarici təsirlərin şəffaflığı və hesabatlığı” haqqında qəbul etmək istədiyi qanun layihəsinin heç bir legitim səbəb olmadan qarşısını almaq istəyirlər. Ancaq indi bu dairərlər fərqli bir taktika seçərək Azərbaycanın dostlarını, Azərbaycan haqqında həqiqəti söyləyən siyasətçiləri və deputatları hədəfə alıblar.
Məqsəd isə birdir: Azərbaycanın haqlı mövqeyini müdafiə edən istənilən şəxsi qaralamaqla, şantaj etməklə, heç bir əsas olmadan “korrupsiya”da günahlandırmaqla onları ölkəmiz haqqında bir cümlə də olsun müsbət fikir söyləməkdən çəkindirməkdir.
Təəssüf ki, bəzi dostlarımıza bu şantaj kampaniyası təsirsiz ötüşməyib.
Bu günlərdə isə biz ABŞ Konqresində Azərbaycanla dostluq qrupunun həmsədri olan Henri Kuelyara qarşı qondarma rüşvət ittihamlarının yenidən gündəmə gətirilməsini, yəni, eyni taktikanı müşahidə edirik. Çünki cənab Kuelyar Vətən müharibəsi ərəfəsində və sonrakı illərdə Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş və ABŞ Konqresindən Qarabağ separatçılarına verdiyi birbaşa maliyyə yardımını dayandırmağı tələb etmişdir.
Məhz, bundan sonra ona qarşı erməni lobbisinin sifarişi ilə total hücümlar və “araşdırmalar” başladıldı, hətta, 2022-ci ildə də onun evində axtarış aparıldı, lakin bu ittihamlara dair heç bir sübut və ya dəlil tapılmadı.
Bundan sonra isə Kuelyarı qorxutmaq məqsədilə ona qarşı sui-qəsd cəhdi oldu və maraqlıdır ki, indiyə kimi bu sui-qəsdi törədənin kimliyi və ya onun cəzalandırılması üçün görülən hüquqi tədbirlər barədə ictimaiyyətə məlumat verilməyib.
Bu bir daha onu göstərir ki, erməni lobbisi və ermənilərin əlində alətə çevrilən korrupsioner siyasətçilər tərəfindən Azərbaycanın bütün dostlarına, ölkəmizin haqq işini müdafiə edənlərə qarşı “əcinnə ovu” davam edir və onları susdurmaq üçün vizdansızcasına bu cür çirkin metodlardan istifadə olunur.
Bu gün Milli Məclisin dünyanın 103 parlamenti ilə birgə işçi və ya dostluq qrupu fəaliyyət göstərir və onların hər biri bu, məkrli planın və çirkin kampaniyanın hədəfinə çevrilə bilərlər.
Hesab edirəm ki, biz həqiqəti söyləyən dostlarımızı və bu kimi cəsarətli insanları müdafiə etməli, onları tək qoymamalı, şantaj və qarayaxma kampaniyasının öz məqsədinə çatmasına imkan verməməliyik.

Bu baxımdan, siyasi mənsubiyyətindən asılı olmayaraq dövlətini sevən hər bir jurnalistdən xahişim odur ki, erməni lobbisini yaydığı bu cür böhtan xarakterli məlumatları dərhal tirajlamasınlar, onları işıqlandıran zaman daha diqqətli olsunlar və məsələnin əsl mahiyyətinə vara bilsinlər.
Bura həm də Qarabağ üzərində öz suverenliyini bərpa etdiyi, erməni separatizminin kökünü kəsdiyi üçün ölkəmizi cəzalandırmaq məqsədi daşıyan və Azərbaycanın yüksək çinli hərbiçiləri də daxil olmaqla 44 məmuruna qarşı sanksiyaları ehtiva edən bir qrup ABŞ konqresmeni tərəfindən irəli sürülən qanun layihəsi təşəbbüsünü də əlavə etsək (bizim üçün müqəddəs olan və Vətən müharibəsini simvolizə edən 44 rəqəmindən istifadə olunması da təsadüfi deyil), əminliklə deyə bilərik ki, bütün bu addımlar ölkəmizə qarşı təzyiq məqsədi güdür.
Lakin onlar da bilsinlər ki, bu cür cür cılız metodlara əl atmağın heç bir nəticəsi olmayacaq və Azərbaycan öz müstəqil və milli siyasətindən bir adım da olsun geri çəkilməyəcək.

Azay Quliyev, millət vəkili

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR