İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayının yüz oyunu və ya nasistlər nasizmə qarşı? – BMT-də absurd bir qətnamə qəbil edilib

Xəbər lentlərində “BMT Baş Assambleyası nasizmlə mübarizə ilə bağlı Rusiyanın hazırladığı qətnaməni qəbul edib, ABŞ və Ukrayna buna qarşı çıxıb” məzmunlu informasiyanı oxuyanda adam istər-istəməz təkrar oxumalı olur: görəsən, gözü onu aldatmayıb ki.

Bu, ona görə belədir ki, hazırda bütün dünya Rusiyanın yeni başlatdığı neonasizm dalğası ilə mübarizə aparır, onun sunamiyə çevrilərək regionu, daha sonra dünyanı basmasının qarşısını almaq istəyir. İndi necə olur ki, Rusiya həm nasizm siyasəti yeridəcək, həm də onunla mübarizə aparacaq?

Amma gerçəklik bundan ibarətdir ki, həqiqətən də BMT Baş Assambleyası Rusiya Federasiyasının hazırladığı neonasizmə qarşı mübarizə ilə bağlı qətnaməni qəbul edib.

Rusiyanın təqdim etdiyi layihədə nasizmin, neonasizmin və irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bununla bağlı dözümsüzlüyün genişlənməsinə kömək edən digər praktikaların tərənnümü ilə mübarizə nəzərdə tutulub. Qətnaməyə 49 ölkə, o cümlədən Ukrayna, ABŞ, Kanada və Yaponiya etiraz edib.

Eyni zamanda, sənədi 118 ölkə dəstəkləyib, 14 ölkə bitərəf qalıb.

O da məlum olur ki, Rusiya bu qətnaməni Çin, Şimali Koreya, Ermənistan, Zimbabve və Cənubi Afrika Respublikası da daxil olmaqla onlarla ölkə ilə birlikdə hazırlayıb.

Əcəb “müttəfiqlər dəstəsidir”: Çin, Şimali Koreya, Ermənistan, Zimbabve və CAR...

Hazırda Çin uyğurlara qarşı yeritdiyi nasizm siyasətinə görə dünyanın dilində-ağzındadır. Şimali Koreyada yaşayan etnik qruplar tam assimlyasiya olunublar, monolit xalqa çevriliblər və hamısı hakim partiyanın ətrafında qamış çitəməsi kimi birləşiblər. Ermənistan necə bir nasist ölkə olduğunu bütün postsovet ölkələri hələ ötən əsrin 60-cı illərindən bilirdi. Məhz bunun sayəsində bu dövlət monoetnik ölkəyə çevrilib. CAR vaxtilə dünyada aparteid rejiminin törətdiyi qəddarlıqlarla tanınırdı. O vaxt “ağlar” “qaralar”a zülm edirdi, sonralar “qaralar” hakimiyyətə gəldilər və “ağlar”ı sıxışdırmağa başladılar. Öz qəddar millətçiləri ilə dünyada hələ ölkənin Rodeziya olduğu vaxtdan məşhur olan Zimbabve də onlar kimi...

İndi işə baxın ki, özləri dünyanın ən qatı nasist ölkələri olduğu halda bu dövlətlər nasizmə, iqrçiliyə qarşı mübarizə aparacaqmış.

Ancaq müəlliflər qətnamə layihəsinə elə bir bənd də salıblar ki, ona qarşı çıxmaq mümkün deyil. Qətnamədə ölkələrə tövsiyə edilir ki, İİ dünya müharibəsinin tarixinə və nəticələrinə yenidən baxılmasının, insanlıq əleyhinə cinayətlərin və müharibə cinayətlərinin inkar edilməsinin qarşısını almaq üçün beynəlxalq insan hüquqları öhdəliklərinə uyğun olaraq tədbirlər görsünlər.

Rusiyanın belə bir qətnamə hazırlamasının motivləri dərində deyil. Bu dövlət hələ 10 il öncədən Ukraynaya qarşı aqressiyasını neonasizm kükrəyişi ilə əsasladırmağa çalışır. Guya ki, Ukraynada millətçilik dalğası baş qaldırıb və bu, ölkədə yaşayan rusların təhlükəsizliyinə təhdiddir, ona görə də Moskva öz soydaşlarını qorumağa mükəlləfdir.

Ümumiyyətlə, bu siyasət Rusiyada hələ 100 il öncədən yeridilir. Rusiya işğal etdiyi ölkələrdə başlayan milli-azadlıq hərəkatlarının hamısını tarixən məhz “millətçi qüvvələr” kimi damğalayıb. Azərbaycanın müstəqil yaşamasına çalışan azərbaycanlılar, Gürcüstanın müstəqil dövlət olmasını istəyən gürcülər, Ermənistanın müstqilliyinin tərəfdaırı olan ermənilər, Orta Asiyada müstəqillik uğrunda vuruşan qüvvələr, hamısı “millətçilər” kimi cəzalandırılıb.

Əslində isə ən qatı millətçilik başqa ölkələrə hücum edərək, onları əsarət altına almaq, istismar etmək, adət-ənənələrini dəyişdirmək, assimlyasiyaya məruz qoymaqdır. Rusiyanın dövlət təfəkkürü isə əksinə, buna müqavimət göstərənləri “millətçi” sayır. Belə bir paradoks.

Fəqət qətnamənin qəbuluna qarşı çıxan ölkələr, xüsusilə də, Avstraliya, Yaponiya və Ukrayna sənədə Rusiyanın eqoist məqsədlərini təsdiq edən yeni düzəlişin daxil edilməsində israr ediblər. Bu ölkələrin nümayəndələrinin fikrincə, Rusiya qətnamədən yararlanaraq “neonasizmi ləğv etmək məqsədi ilə Ukraynaya qarşı ərazi təcavüzünə haqq qazandırmaq istəyir”.

Ancaq Belarus, Çin, Şimali Koreya və Misir də daxil olmaqla bir qrup ölkə təklif olunan düzəlişi dəstəkləməyib. Ona görə də düzəlişin qəbul edilməsində israr edən ölkələr son nəticədə qətnamənin əleyhinə səs veriblər.

Bir sözlə, BMT Baş Assambleyasının qəbul etdiyi son qətnamənin əsas müəllifinə və sənədin məzmununa diqqət edəndə adamın yadına bir atalar sözü düşür: “Ayının yüz oyunu var bir armudun başında”.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR