İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayağı ilə “səs verən” ermənilər – xilaskarsız qalan kapitulyant ölkə

Aylardır apardığı mübarizədə başı əməllicə “daşa” dəyən erməni radikal-revanşist müxalifəti “taym-aut” götürüb. Qərar gəlinib ki, Nikol Paşinyan iqtidarına qarşı “döyüş” payızda davam etdirilsin. Şüarlar yenə həmənki olacaq. Böyük ehtimalla, elə tərəfdarların sayı da. Yəni məhdud miqyasda. O da ən yaxşı halda. Niyə?

Ona görə ki, Güney Qafqazda, Ermənistan ətrafında cərəyan edən geosiyasi proseslər və şərtlər, o sırada Azərbaycanın Qərbdən ötrü, Avropadan ötrü orta və uzaq perspektiv üçün artan energetik və logistik önəmi kapitulyant ölkənin, mistik arzularla yaşayan müxalifətin getdikcə daha çox ziyanına işləməkdədir, nəinki xeyrinə.

Deməli, “müharibə partiyası”nın N.Paşinyanın “sülh partiyası”na qarşı payızda daha effektli mübarizəsindən danışmaq əbəsdir. Ona qədər isə əmək qabiliyyətli ermənilərin növbəti dalğası ölkəni tərk edib gedəcək. Sözsüz ki, buna həm də müxalifətin uğursuz “yaz hücumunun” ardınca “payız hücumu”nun da faydasız olacağına əminlik təkan verəcək. Yerdə qalan əhalini isə radikal-revanşistlərin aktivinə yazmaq mümkünsüz. Müşahidələr göstərir ki, bu kəsimin özəyini əsasən laqeyd, lakin yeni müharibədə maraqlı olmayanlar təşkil edir...

***

“Ermənistan vətəndaşları üçün son üç onillikdə siyasi mübarizənin ən yaxşı forması - “ayaqları ilə səs vermək”, başqa sözlə, mühacirət olub. Ona görə də vətəndaşların əksəriyyəti siyasi aksiyalarda iştirakdan yayınır”.

Musavat.com xəbər verir ki, bu fikri erməni mediasına müsahibəsində siyasi texnoloq Armen Bədəlyan söyləyib.

“Şübhəsiz ki, bu gün xalqın müəyyən hissəsinin etiraz aksiyalarında iştirakının səbəbləri var. “Artsax” problemi, Türkiyə ilə münasibətlərin normallaşması, təhlükəsizliyin təmin olunması ilə bağlı problemlər - bütün bu məsələlər bizim xeyrimizə çözülmür. Problem ondadır ki, milli ideyalar və şüarları yalnız Ermənistan əhalisinin cüzi bir hissəsi dəstəkləyir”, - deyə Bədəlyan qeyd edib.

Nəticədə, siyasi texnoloqun fikrincə, Ermənistan vətəndaşları bu və ya digər problemlə üzləşdikdə öz hüquqları uğrunda mübarizə aparmağa deyil, mühacirətə üstünlük verirlər. “Beləcə, Ermənistan cəmiyyətinin hakimiyyətə, ədalətsizliyə və bununla bağlı digər problemlərə qarşı mübarizə aparmasının əsas yolu məhz mühacirətdir”, - erməni siyasi texnoloq əlavə edib.

***

Öz növbəsində azərbaycanşünas-ekspert Tatevik Ayrapetyn mövcud reallıqlar fonunda Ermənistanın faktiki tək qaldığını, hətta İrana etibarlı güvəncin belə olmadığın etiraf edir.

Xatırladaq ki, az öncə Tehranda keçirilən “üçlü sammit”də İranın ali dini lideri Əli Xomeneyi Zəngəzur dəhlizini nəzərdə tutaraq, region ölkələrinin ərazi bütövlüyünün Tehran üçün “qırmızı xətt” olduğunu bildirib. Bənzər mövqe İranın digər rəsmi şəxslərinin dilindən də vaxtaşırı səslənib. Ayrapetyan isə deyir ki, “Ermənistanın ərazi bütövlüyü İrandan ötrü gerçəkdən də “qırmızı xət”dir, amma biz başa düşməliyik ki, İran Ermənistanın xilaskarı deyil və ilk növbədə öz maraqlarını güdür”.

“İranın ali dini lideri Əli Xameneyi Rusiya və Türkiyə prezidentləri ilə görüşdə bildirib ki, rəsmi Tehran Türkiyə və Azərbaycanın İran və Ermənistan sərhədini bağlamaq siyasətinə qarşı çıxacaq. Eyni zamanda Xameneyi Dağlıq Qarabağın Azərbaycana qaytarılmasından məmnunluğunu ifadə edib. Ardınca Xameneyinin bu açıqlamaları bir sıra digər iranlı ayətullahlar tərəfindən dəstəklənib. Xüsusilə Tehranın müvəqqəti imamı Əbu Terabifərd cümə xütbəsi zamanı Ermənistan-İran yolunun fəaliyyətinin pozulmasının yolverilməz olduğunu bildirib”, - Ayrapetyan vurğuılayıb.

Onun sözlərinə görə, İranın ruhani liderlərinin bu cür bəyanatları Azərbaycanda dərhal anti-İran əhvalı yaradıb: “Qonşu ölkədə əsl anti-İran kampaniyası başlayıb. Azərbaycanın ekspert və analitik ictimaiyyətinin nümayəndələri öz məqalələrində Tehranı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına mane olmamağa çağırırlar”.

Ayrapetyanın qənaətincə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın qoşunların “artsax”dan çıxarılmasına dair bir neçə gün qabaq verdiyi məlum bəyanat da Ermənistana qarşı Azərbaycan təbliğatını gücləndirib. O, düşünür ki, Bakı bu bəyanatdan yeni güc tətbiqi və Qarabağda antiterror əməliyyatının aparılmasına bəraət qazandırmaq üçün istifadə edə bilər.

“Bütün bunlar bir şeyi söyləməyə əsas verir: Bakının Ermənistanın ərazilərini işğal etmək niyyəti (?! – red.) ilə bağlı bəyanatları fonunda sülh illüziyaları ilə yaşamaq mümkün deyil və yanlışdır. Həm də aydındır ki, bu məsələdə Qərbdən dəstək gözləməyə dəymir. Qərb Bakıya qarşı heç bir sanksiya tətbiq etməyəcək. Bu baxımdan Nikol Paşinyan sülhün alternativinin yalnız sülh olduğu haqda bəyanatını anlamaq çətin deyil”, - deyə erməni azərbaycanşünas məyusluqla fikrini tamamlayıb.

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR