Onlayn ictimai-siyasi qəzet
Azərbaycana idxal olunan avtonəqliyyat vasitələri üçün “Avro-5” və daha yuxarı ekoloji standartların tətbiqi məsələsi araşdırılaraq təkliflər hazırlanacaq. Taksilərdə videokameralar quraşdırılacaq, avtomobillər “Avro-5” ekoloji standartına uyğun olacaq.
Bu, biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb.
Qeyd edilib ki, təkliflər İqtisadiyyat Nazirliyi (Azərbaycan Standartlaşdırma İnstitutu), Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən sentyabrın 1-dək hazırlanaraq Komissiyaya təqdim edilməlidir.
Bəs görəsən bu qərarlardan sonra ölkə daxilində “Avro-5” standartlarına uyğun olmayan maşınların aqibəti necə olacaq? Bu növə aid olan maşınlar kütləvi utilizasiyaya cəlb oluna bilərmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov bildirib ki, belə bir addım üçün xüsusi layihə hazırlanmalıdır:
“Bu növ maşınların idxalının qarşısı alına bilər, amma həmin bu standartlara uyğun olmayan nəqliyyat vasitələrini utilizasiya etmək üçün dövlətin xüsusi bir proqramı mövcud olmalıdır. Məsələn, standarta uyğun olmayan, amma bütün texniki göstəriciləri yerində olan hansısa nəqliyyat vasitəsini dövlət hansı adla məhdudlaşdıra bilər? Əgər təzminat ödəməklə və ya yenisi ilə əvəz etməklə utilizasiyaya cəlb ediləcəklə, bu sürücülər üçün sərfərli olar. Bunların hamısının həyata keçirilməsi üçün xüsusi layihə işlənib hazırlanmalı və qanunvericilikdə dəyişikliklər aparılmalıdır. İnkişaf etmiş, qabaqcıl dövlətlərdə bu kimi proqramlar tətbiq olunduqda mütləq şəkildə istifadəsi məhdudlaşdırılmış avtomobili yenisi ilə əvəz etmək üçün kifayət qədər güzəştli variantlar təklif edir. Əgər belə variantlar hazırki şəraitdə mümkün deyilsə, o zaman bu layihənin tətbiqi mümkün deyil”.
Ekspert hazırda ölkədə yüksək standartda istehsal olunan avtomobillər üçün yetərli bazanın olmamasını diqqətə çatdırıb:
“Hazırda ölkəmizdə “Avro-5” və daha yüksək standartlarda hazırlanmış avtomobillər üçün təəssüf ki, yetərincə baza yoxdur. İstər yanacaq, istərsə də ehtiyat hissələri baxımından bu belədir. Yanacaqlar bu növ maşınlar üçün nəzərdə tutulan keyfiyyətə cavab vermir, ehtiyat hissələri isə olduqca bahadır. Ən yaxşı halda, “Premium” yanacağımız var ki, bu kifayət qədər bahalı yanacaq növü sayılır. Ehtiyyat hissələri isə ya tapılmır, tapılanda isə olduqca yüksək qiymətə təklif olunur”.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ