İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstraliyada 16 yaşdan kiçiklərin sosial şəbəkələrdən istifadəsi yasaqlandı

Avstraliya Senatı (parlamentin yuxarı palatası) 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunu təsdiqləyib,

Musavat.com “Qardian”a istinadla xəbər verir ki, belə bir məhdudiyyətin qəbul edilməsi planı hələ sentyabr ayından məlum idi.

34 senator qadağanın lehinə, 19 senator əleyhinə səs verib.

Qəbul edilən qanun sosial şəbəkələrə sahib olan şirkətlərə 16 yaşdan kiçik istifadəçilərə giriş icazəsi verməyi qadağan edir. Qanun pozuntusu edən şirkətlərə 50 milyon Avstraliya dollarına (32,5 milyon ABŞ dolları) qədər cərimə tətbiq ediləcək.

Sənəddə hansı platformaların qadağan olunacağı bildirilmir. Avstraliyanın rabitə naziri Mişel Rouland bunun TikTok, Instagram, X, Facebook, Reddit, Snapchat-a aid olacağını söyləyib. Nazir bildirib ki, “YouTube” “vacib” maarifləndirici məqsəd daşıdığına görə yasaqlanmış platformalara daxil edilməyəcək.

İstifadəçinin yaşının dəqiq necə müəyyən ediləcəyi hələlik məlum deyil. Avstraliya hökuməti növbəti altı ay ərzində bir neçə texnologiyanı sınaqdan keçirməyi planlaşdırır. Qanun bir ildən sonra qüvvəyə minəcək.

Avstraliyanın baş naziri Entoni Albanese qanunun zəruriliyini izah edərək, deyib ki, “sosial medianın populyarlığının artması ilə gənc avstraliyalıların psixi sağlamlığına zərər vurması arasında aydın səbəb-nəticə əlaqəsi var. “Mən istəyirəm ki, uşaqlar öz cihazlarından uzaqlaşıb futbol meydançalarına, hovuzlara və tennis kortlarına çıxsınlar. İstəyirik ki, onlar real insanlarla real təcrübə keçirsinlər”, - o, hələ sentyabrda bu barədə belə demişdi.

BBC News qeyd edir ki, hakimiyyətin qərarı bir çox valideyn təşkilatları tərəfindən dəstəklənib. Alimlər, siyasətçilər və insan haqları təşkilatları isə qanunu tənqid ediblər. Onlar deyirlər ki, qadağa indiki formada əks nəticə verə, yeniyetmələri internetdən gizli şəkildə istifadə etməyə sövq edə bilər. Yeniyetmələrin özlərini təcrid olunmuş saya biləcəkləri də güman olunur. Bir çoxları həmçinin qanunun qəbulu prosesinin çox tələsik olmasından və istifadəçilərin yaşlarını yoxlamağa başladıqları təqdirdə sosial şəbəkələrin dəyərli şəxsi məlumatlar əldə edə biləcəyindən narahatdırlar.

Google və Shapchat əvvəllər bu qanunu təfərrüatların olmamasına görə tənqid etmişdilər və Meta (Facebook və Instagram-ın sahibi) bunun "effektiv olmadığını" və uşaqların təhlükəsizliyini qorumaq məqsədinə kömək etməyəcəyini bəyan etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR