İnsanlara hürriyət, millətlərə istiqlal!

Avroparlamentdə Avropa-Azərbaycan münasibətlərini korlamaq istəyənlər kimlərdir - təhlil

Prezidentin sərt tənqidindən nəticə çıxarılacaqmı?; ekspert: “Avropa Parlamenti Avropa İttifaqının vahid siyasi mövqeyini ifadə etmir”

Prezident İlham Əliyev iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid Makalisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən avroparlamentin anti-Azərbaycan bəyanatlarını diqqətə çatdırıb, sərt tənqidlər səsləndirib.

Sitat: “Siz Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin dünənki səfəri haqqında yəqin məlumatlısınız. Bizim çox yaxşı müzakirələrimiz oldu. Bu, Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin əhəmiyyətini bir daha vurğulayır. Eyni zamanda Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə fəal şəkildə cəlb olunub. O, artıq Ermənistan və Azərbaycan rəhbərlərinin və özünün iştirakı ilə üç üçtərəfli görüşə ev sahibliyi edib. Beləliklə, bu, çox müsbət kontekstdir. Lakin bunu nəzərə alaraq, biz Avropa Parlamentinin hərəkətlərini başa düşə bilmirik”.

Dövlət başçısı söyləyib ki, Avropa Parlamenti Ermənistanla müqayisədə Azərbaycana qarşı çox aqressivdir: “Bəzən adama elə gəlir ki, bu qətnamələri Ermənistan parlamenti qəbul edir və ya ola bilsin, bəzi erməni lobbi qruplarının onların üzərində müəyyən təsiri var. Əks halda, bunu başa düşmək çox çətindir. Təəccübləndiyimi deyəndə mən məhz bunu nəzərdə tuturdum... Azərbaycanı heç vaxt etmədiyimiz məsələlərdə ittiham edən, Ermənistanın və ermənilərin ərazilərimizdə törətdiyinə göz yuman birtərəfli qətnamənin qəbul edilməsi tamamilə qəbulolunmazdır. Əfsuslar olsun, bu, baş verdi. Bilirəm ki, nümayəndə heyətinizin bir çox üzvləri həmin qətnamənin lehinə səs veriblər. Bu isə tamamilə əks-nəticə verən addımdır. Birincisi, bu, yalandır və uydurulmuş faktlara, böhtan və iftiralara əsaslanır. İkincisi, bu o qədər böyük əhəmiyyət kəsb etmir. Çünki siz yəqin bilirsiniz ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yaxşı tarixi var və xüsusilə hazırda əlaqələr çox uğurla inkişaf edir... Biz real dünyada yaşayırıq, bu, bizim seçimimiz deyil. Siz mənim mövqeyimi bilirsiniz. Mənim mövqeyim 2017-ci ildə sonuncu görüşümüzdən bəri dəyişməyib. Biz Avropa ilə yaxın münasibətlər qurmaq istəyirik və bizim bütün etdiklərimiz, o cümlədən indicə qeyd etdiyim əməkdaşlığın nəzərəçarpan əlamətləri bunu nümayiş etdirir. Lakin Avropa Parlamenti belə bir yol seçməyi düşünürsə, bu, onların seçimidir. Amma onlar parlamentin bəzi üzvlərinin cəhdlərinə baxmayaraq, Avropanı Azərbaycandan və Azərbaycanı Avropadan təcrid etməyin mümkün olmadığını bilməlidirlər”.

Azərbaycan Avropaya inteqrasiya siyasətinə sadiq olduğunu hər zaman nümayiş etdirib. Aİ də ölkəmizlə çoxşaxəli əlaqələr qurulmasında öz maraqlarını bildirir və real addımlar atılır. Ancaq görünən budur ki, Azərbaycanın Avropa ilə  yaxınlaşmasını əngəlləmək istəyən güclər daha çox avroparlamentdə cəmləşiblər. Bu faktlar ötənlərdə də təsdiqini tapıb ki, Avropa parlamentində erməni lobbisinin təsiri altına olan fraksiyalar var. Habelə, Rusiyaya gizli şəkildə bağlı olan solçu dairələr davamlı olaraq təxribat xarakterli addımlar atırlar. Qarşıdakı əməkdaşlıq platformalarında onları necə neytrallaşdırmaq, ifşa etmək və Avropa ilə yaxınlaşmada əngəl törətmək cəhdlərinin qarşısını almaq olar? Prezidentin sərt tənqidindən nəticə çıxarılacaqmı?

Anar Əliyev: "Azərbaycan torpaqları qaytaran kimi İran..."

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan dövləti və Avropa İttifaqı arasında çox ciddi və qarşılıqlı inama, etimada söykənən münasibətlər mövcuddur: “Xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra mövcud reallıqların dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi prosesində Avropa İttifaqı beynəlxalq institut olaraq çox mühüm rol oynamaqdadır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən 3 birbaşa görüş Avropa İttifaqının Azərbaycanda, Cənubi Qafqazda baş verən proseslərdə iştirakçı olmaq və reallıqların tələblərinə uyğun dövlətlər arasında münasibətlərin qurulmasında maraqlı olduğunu göstərir. Hesab edirəm ki, Şarl Mişelin Azərbaycan-Ermənistan münaqişəsi və onun tənzimlənməsi, münasibətlərin bərpa olunması və Cənubi Qafqazda sülh prosesinin əldə olunmasına marağı ilə yanaşı, həm də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin regiona səfəri zamanı səsləndirdiyi bir sıra fikirlər onu göstərir ki, Avropa İttifaqının ayrı-ayrı institutları səmimi münasibət sərgiləyirlər. Eyni zamanda Azərbaycanla münasibətlərin ruhuna uyğun Azərbaycanın dövlət müstəqilliyi və müstəqil xarici siyasətə hörmətinə uyğun münasibət göstərməyə çalışırlar. Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycanla Avropa İttifaqı arasında Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi ilə bağlı çox ciddi əməkdaşlıq mövcuddur. Bir neçə gün öncə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində yüksək strateji müttəfiqliyə əsaslanan memorandumun imzalanması bu münasibətləri bir üst səviyyəyə qaldıracaq. Bütün bunlar onu göstərir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı inam və etimada söykənən bir münasibət formalaşıb. Amma təəssüf ki, Avropa Parlamenti, eləcə də AŞ PA daim Azərbaycana qarşı qərəz nümayiş elətdirir. Mən bunu xüsusilə Avropa İttifaqının mövqeyindən daha çox, Avropa İttifaqında təmsil olunan ayrı-ayrı dövlətlərin siyasətləri ilə əlaqələndirirəm. Çünki bildiyimiz kimi, Avropa Parlamenti Avropa İttifaqına daxil olan dövlətlərin parlamentarilərindən təşkil olunub və Aİ-nin vahid siyasi mövqeyini ifadə etmir. Avropa Parlamentində səsləndirilən fikirlər, eləcə də AŞ PA-da səsləndirilən fikirlər həmin deputatların  təmsil olunduqları dövlətlərin və siyasi dairələrin siyasətinə uyğundur. Təsadüfi deyil ki, Azərbaycan əleyhinə qərəzli qərarların qəbul olunmasında Fransa, Hollandiya, Almaniya kimi dövlətlərin şovinist millətçi və solçu deputatları daim aktiv olublar. Bu da onu göstərir ki, əslində həmin deputatlar Avropa dəyərlərindən deyil, Avropa İttifaqının maraqlarından deyil, daha çox təmsil etdikləri ölkələr və siyasi qrupları, erməni lobbi təşkilatlarının təsiri altında davranırlar. Bir sıra Avropa dövlətləri heç də ali dəyərlər, demokratiya, insan hüquqlarını, beynəlxalq hüququn prinsiplərini deyil, məhz erməni lobbi, diaspor təşkilatlarından aldıqları maliyyəni, çirkli pulları düşünürlər. Məhz həmin maliyyənin əsasında erməni maraqlarına xidmət edərək Avropa İttifaqının dəyərlərini ayaqlar altına atan qərarlar qəbul olunmasına nail olurlar. Bundan isə Azərbaycan Prezidentinin dediyi kimi, Avropa İttifaqının nüfuzu zərər görür və görəcək”.

Ekspert vurğuladı ki, Azərbaycan Prezidentinin dəfələrlə səsləndirdiyi, dünya ölkələrinə, Avropa İttifaqı ölkələrinə, beynəlxalq institutlara müraciətində ifadə etdiyi fikirlər və tələblər Avropa siyasi təşkilatlarının, siyasətçilərinin, nəhayət, Cənubi Qafqazda baş verən proseslərə, Ermənistanla Azərbaycan arasında münasibətlərə, eyni zamanda postmünaqişə dövrünün diqtə etdiyi tələblərə uyğun davranış nümayiş elətdirmələrinə gətirib çıxaracaq. Azərbaycan Prezidentinin tənqidləri Avropa Parlamentində təsirsiz ötüşməyəcək və bundan sonra daha korrektə olunmuş fəaliyyətə, qərarların qəbul edilməsinə çalışacaqlar".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR