İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın inkişafına Rusiya və Çin əngəli - avrokomissar nə demək istədi...

Brüssel Trampın mümkün addımlarına qarşı da hələ ötən ilin sentyabrından mübarizə planı hazırlamağa başlayıb

“Avropanın patent müraciətlərinin qlobal payı ABŞ və Çinlə bərabərdir, amma dünya dəyişir”. Bunu Davos İqtisadi Forumunda çıxışında Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen deyib. 

O bildirib ki, son 25 ildə Avropa öz böyüməsini sürətləndirmək üçün qlobal ticarətin yüksəlişinə, Rusiyadan gələn ucuz enerjiyə arxalanıb: “Əsrin növbəti rübündə böyüməmizi davam etdirmək üçün Avropa sürətini dəyişdirməlidir. Gələn həftə Avropa Komissiyası növbəti beş il üçün yol xəritəmizi, Rəqabət Qabiliyyətlilik Kompasımızı təqdim edəcək. Diqqət innovasiya boşluğunu aradan qaldırmaqla məhsuldarlığı artırmağa yönəlməlidir. Dekarbonizasiya və rəqabət qabiliyyəti üçün birgə planı qeyd etmək istəyirəm. Bacarıqlı işçi qüvvəsi çatışmazlığını və bürokratiyanı aradan qaldırmaq lazımdır. Bu, bütün avropalıların texnoloji dəyişikliklərdən faydalana bilməsini təmin etməklə, bunu daha sürətli, daha təmiz və daha ədalətli etmək strategiyasıdır. Bu strategiyanı dəstəkləyəcək üç əsasa toxunmaq istəyirəm. Birincisi, Avropanın dərin və likvid kapital bazarına ehtiyacı var. Avropa ev təsərrüfatlarının əmanətləri demək olar ki, 1,4- trilyon avroya çatır. Bu, ABŞ-da 800 milyard avrodan bir qədər çoxdur. Lakin Avropa şirkətləri bundan istifadə etmək və ehtiyac duyduqları maliyyəni toplamaq üçün mübarizə aparır. Daxili kapital bazarımız parçalanmış olduğundan hər il 300 milyard avroluq Avropa əmanətləri xaricə yatırılır. Bu, texnoloji startaplarımızın böyüməsini dayandıran və innovativ təmiz texnologiya sektorumuza mane olan əsas məsələdir. Bizim kapitalımız yoxdur. Bizdə əmanətləri investisiyalara çevirən səmərəli kapital bazarı yoxdur. Buna görə də biz Avropa Əmanət və İnvestisiya İttifaqı yaradacağıq. Biz Avropada edilən innovasiyaların və riskin inkişafı üçün daha çox kapital səfərbər edəcəyik. İkincisi, işi çox asanlaşdırmalıyıq. Böyük istedadlarımızın çoxu Avropa İttifaqını tərk edir, çünki onların şirkətlərini başqa yerlərdə böyütmək daha asandır. Çoxlu sayda firmalar lazımsız bürokratiyaya görə Avropaya sərmayə qoymağı dayandırır. Avropa səviyyəsində biz davamlı maliyyə və lazımi araşdırma qaydalarımızın geniş şəkildə sadələşdirilməsinə başlayacağıq. Bu gün Avropa vahid bazarında hələ də çoxlu milli maneələr var”.

Qeyd edək ki, komissiya prezidentinin çıxışı Avropa İttifaqı iqtisadiyyatında mövcud olan və son illərdə açıq nəzərə çarpan problemlərin rəsmi etirafıdır. Aydın məsələdir ki, Rusiyadan neft-qaz alışının dayandırılması Avropa iqtisadiyyatı üçün ciddi problemlər yaradıb. Bunun koronavirus pandemiyasının yaratdığı durğunluqdan sonraya təsadüf etməsi çətinlikləri daha çox artırdı. Pandemiyanın qlobal ticarət zəncirində yaratdığı qırılmalardan doğan qiymət artımlarını enerjidaşıyıcılarının kəskin bahalaşdırması sürətli inflyasiyaya çevirdi. Nəticədə Avropa İttifaqı bir tərəfdən inflyasiyanı önləmək üçün iqtisadiyyata pul axınını məhdudlaşdıran sərt monetar siyasətə keçdi, digər tərəfdən, əsasən sənayenin hesabına qaz istehlakını 45 faizə qədər azaltmaq məcburiyyətində qaldı. Bu iki amil birlik daxilində iqtisadi artım sürətini minimuma endirdi. 

Avropa İttifaqının Statistika İdarəsinin (Eurostat) yekun məlumatlarına əsasən, avrozona iqtisadiyyatı 2024-cü ilin üçüncü rübündə əvvəlki üç ayla müqayisədə cəmi 0,4 faiz artıb. Bu, son 2 ildə ən yüksək rüblük artımdır. İllik ifadədə avrozonanın ÜDM-in həcmi iyul-sentyabr aylarında 0,9 faiz artıb ki, bu da bazar gözləntiləri ilə üst-üstə düşüb.

İkinci rübdə Avrozona iqtisadiyyatı əvvəlki rüblə müqayisədə 0,2 faiz, illik müqayisədə isə 0,5 faiz genişlənib. 

Avrozonada istehlak xərcləri üçüncü rübdə əvvəlki üç ayla müqayisədə 0,7 faiz, dövlət xərcləri 0,5 faiz, ümumi əsas kapitalın formalaşması isə 2 faiz artıb. Bundan əlavə, ixracın həcmi 1,5 faiz azalıb, idxal 0,2 faiz artıb.

Avrozonanın ən böyük iqtisadiyyatına malik Almaniyanın ÜDM-i üçüncü rübdə əvvəlki rüblə müqayisədə 0,1% faiz artıb, illik müqayisədə isə 0,3 faizi azalıb, Fransanın ÜDM-i müvafiq olaraq 0,4 faiz və 1,2 faiz artıb, İtaliyanın ÜDM-i rüblük ifadədə dəyişməz qalıb və illik ifadədə isə 0,4 faiz artıb.

Aİ iqtisadiyyatı iyul-sentyabr aylarında ikinci rüblə müqayisədə 0,4 faiz, keçən ilin eyni dövrü ilə müqayisədə isə 1 faiz artıb.

Aİ üçün təhlükəli məqam sənayedə durğunluq, xüsusilə də Almaniya sənayesində qeydə alınan tənəzzüldür. Getdikcə daha çox beynəlxalq şirkət Avropadakı müəssisələrini daha əlverişli şərtlərin olduğu ərazilərə köçürür. 

Ötən ildən etibarən Aİ Çindən ucuz mallar idxalına qarşı addımlar atmağa başlayıb. Bura ilk növbədə rəsmi Pekinin dəstəyi sayəsində Avropa şirkətlərini qiymət rəqabətində udan Çin elektromobillərinin idxalına yüksək rüsumların tətbiqidir. Avropa Komissiyası bu yolla yerli elektromobil istehsalçılarını haqsız rəqabətin yaratdığı problemlərdən qorumağa çalışır. Çin isə qarşılığında alternativ enerji istehsalında istifadə olunan mühüm xammalların Avropaya ixracını çətinləşdirib. Pekinin bu addımının Avropada bərpa olunan mənbələrdən əldə edilən enerjinin bahalaşmasına, bununla da Aİ-nin yaşıl enerjiyə keçid prosesinin ləngiməsinə səbəb olacağı proqnozlaşdırılır. 

ABŞ-da Donald Trampın yenidən prezident olması növbəti 4 il üçün Aİ-yə daha bir ciddi başağrısı mənbəyi formalaşdırır. Məlumdur ki, seçkidən əvvəl və inaqurasiya mərasimində Tramp Avropanı hədələyib. O, ABŞ-la Aİ arasında ticarətdə birincinin zərərinə yaranan kəsirin bağlanması üçün Avropanın onlardan daha çox qaz və neft almasını zəruri hesab edir. Əks halda, Avropadan idxal olunan mallara əlavə rüsum etməklə hədələyir: “Mən Avropa İttifaqına dedim ki, o, ABŞ-la olan böyük ticarət kəsirini bizim neft və qazımızın alışını əhəmiyyətli dərəcədə artırmaqla doldurmalıdır. Əks halda, o, tam qüvvədə tariflərlə üzləşəcək”!

Brüssel Trampın mümkün addımlarına qarşı hələ ötən ilin sentyabrından mübarizə planı hazırlamağa başlayıb. Həmin vaxt Brüssel tərəfindən xüsusi işçi qrupun formalaşdırıldığı və ona Aİ-nin Trampın addımlarına cavab tədbirləri hazırlamaq tapşırıldığına dair məlumatlar yayılmışdı. “Politico” nəçrinin məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən dünən yaydığı məlumata görə, ABŞ prezidenti Donald Trampın Avropa mallarına gömrük rüsumları tətbiq etmək planları ilə bağlı Brüssel və London aylardır müxtəlif ssenarilərə hazırlaşır. Rəsmilər Trampı Avropa ixracatına rüsum tətbiq etməməyə inandırmağa ümid etdiklərini, lakin cavab rüsumları da daxil olmaqla, bütün tədbirləri görməyə hazır olduqlarını bildiriblər.

Bundan əlavə, Böyük Britaniyanın baş naziri Keir Starmer də daxil olmaqla, Avropa liderləri tez bir zamanda Ukraynaya dəstək yükünü öz çiyinlərinə götürməyə və gələcək razılaşmalar üzrə Trampla danışıqlara hazır olduqlarını nümayiş etdirmək üçün planlar hazırlayırlar.

AK prezidenti ilə eyni gündə Davos Forumundakı enerji sammitində çıxış edən Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek maraqlı fikir irəli sürüb. O qeyd edib ki, Avropa ABŞ-dan gələn tədarüklərə bel bağlamaqdansa, öz enerjiehtiyaclarını ödəyə bilməlidir. O, həmçinin prezident Donald Tramp administrasiyasının Ağ Evə gəlişindən sonra avropalıları bir yerdə olmağa çağırıb: “Enerji ehtiyatlarının siyasi məqsədlər üçün istifadə edilməsini gözlədiyimiz bir dünyada enerji asılılığı həmişə problemdir”.

Habek Trampın idxala rüsum tətbiq etmək planlarının ABŞ və Avropada inflyasiyanın artmasına və iqtisadi artımı zəiflədəcəyinə dair narahatlıqlarını ifadə edib. Nazir Trampın vəzifəyə gəldikdən dərhal sonra Paris iqlim sazişindən çıxmaqla bağlı sərəncam imzalamasını “dünya üçün ölümcül siqnal” adlandırıb. Habekin sözlərinə görə, söhbət “tarixi çöküşün başlanğıcından” gedir.

Habek Trampın hərəkətlərinə cavab olaraq qeyd edib ki, Avropa aşağı karbonlu inkişaf modelinə keçidi davam etdirməlidir.

Göründüyü kimi, Aİ hazırda öz iqtisadiyyatını qorumaq üçün 3 istiqamətdə mübarizə aparmaq məcburiyyətindədir. Bu mübarizənin əsas istiqamətlərini fon der Lyayen açıqlayıb. Görünən odur ki, mübarizə heç də asan olmayacaq və Avropa iqtisadiyyatının inkişaf perspektivlərinə ciddi təsir edəcək. Bu təsirlər Beynəlxalq Valyuta Fondu (BVF) avrozonada iqtisadi artıma dair proqnozlarından da hiss olunur. Fond bu il avrozona ölkələrində ÜDM artımı proqnozunu 1 faizə, 2026-cı ildə isə 1,4 faizə endirib. BVF-nin qlobal iqtisadi inkişaf perspektivləri ilə bağlı yanvar ayı üzrə yenilənmiş hesabatına əsasən 2024-cü ilin sonuna avrozona ölkələrinin ÜDM-in artım tempi 0,8 faiz təşkil edib. Eyni zamanda cari ilin proqnozu oktyabr ayı ilə müqayisədə 0,2 faiz bəndi, 2026-cı il gözləntisində isə 0,1 faiz bəndi azaldılıb. Bu azalmanı fond ekspertləri geosiyasi gərginlik və yüksək qeyri-müəyyənliklə əsaslandırırlar. 2026-cı il üçün proqnoz güclü daxili tələb, artan istehlak inamı və qeyri-müəyyənliyin müəyyən qədər azalması ilə şərtlənir.

BVF-nin hesabatına görə, Almaniyada bu il ÜDM artımının 0,3 faiz, 2026-cı ildə isə 1,1 faiz olacağı proqnozlaşdırılır. Fransa iqtisadiyyatının 2025-ci ildə 0,8 faiz, 2026-cı ildə 1,1 faiz, İtaliyanın ÜDM-nin 2025-ci ildə 0,7 faiz, 2026-cı ildə 0,9 faiz, İspaniyada isə cari ildə 2,3 faiz, 2026-cı ildə isə 1,8 faiz artacağı gözlənilir.

Trampın Ukraynaya yardımdan tamamilə imtina etməsi şəraitində Aİ üçün daha ağır maddi yük formalaşması gözlənilir. Çünki Brüssel ABŞ-dan kəsilən yardım həcmini Ukrayna üçün öz büdcəsindən təmin etməli olacaq.

Dünya SAKİT,

“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR