Onlayn ictimai-siyasi qəzet
Avropada qaz qiymətləri sürətlə bahalaşır. Artıq London birjasında 1000 kubmetr qazın Niderland qovşağında (TTF) təhvil verilməklə satış qiyməti 550 dollara yüksəlib. Bir aydır ki, Avropada qazın qiyməti davamlı artım nümayiş etdirir və artıq ötən ilin eyni dövründəki səviyyəni aşmağa müvəffəq olub.
Qiymətlər niyə artır? Enerji məsələləri üzrə ekspert İlham Şaban hesab edir ki, əsas iki səbəb var: “Birincisi, klimatik faktorlarla əlaqəlidir. Bu ilin payız-qış mövsümündə Avropada isitmə dövrü ötən illə müqayisədə 10 gün tez başladı və dekabr ayı Rusiya istisna olmaqla Şimal yarımkürəsində daha soyuq keçir, yəni enerjiyə tələbat da ona müvafiq artır. Nəticədə, dekabrın əvvəlinə yeraltı qaz anbarlarında saxlanılan ehtiyatlar artıq 85 faiz həddindən aşağı düşüb. Hesab edilir ki, əgər bu tempdə anbarlardan mavi yanacağın götürülməsi davam edərsə, onda isitmə dövrünün sonuna (adətən martın İİİ ongünlüyü) ehtiyatlar minimal səviyyədə ola bilər. Nəticədə yaz-yay dövrü üçün ehtiyatların aktiv toplanma dövründə qiymətlər bundan da baha ola bilər. Ona görə də treyderlər (qaz ticartçiləri) birjada uzunmüddətli fyuçerslərin sifariş həcmlərini get-gedə artırırlar ki, bu da bazarda tələbi təklifdən daha çox edir və qiymət də artır”.
Ekspertə görə, Avropada qaz qiymətlərini artıran başqa bir səbəb isə siyasətdən qaynaqlanır: “Avropa Parlamenti hökumətə (Avropa Komissiyasına) daha çox təzyiq edir ki, Rusiya qazından yaxa qurtarsın. AK 2022-ci ilin sonunda Rusiya qazından tam imtina tarixini 2027-ci ilədək göstərmişdi. Amma bu il Rusiyadan qaz alışı 15 faiz artdı və parlamentdəki siyasilər bunu təşvişlə qarşıladılar. Ona görə də Rusiya qazına qarşı yeni-yeni baryerlər gündəmə gətirilir. Bunlardan biri də Ukrayna üzərindən Avropaya qaz nəqlinin 1 yanvar 2025-ci ildən tam dayandrılmasıdır (bu marşrutla Avropa bu il 15 milyard kubmetrə yaxın Rusiyadan qaz idxal edir).
Rusiya qazının əvəzlənmsi isə əsasən ABŞ-dan idxal edilən maye qaz hesabına həyata keçirilir.
Necə deyərlər, Avropa bir tərəfdən Rusiyanın qaz asılılığından qurtulmaq siyasətini gerçəkləşdirir, digər tərəfdən isə Amerika enerjisindən asılılığı sürətləndirir. Kim güclüdür, bazarlarda söz sahibi də odur - keçdiyimiz tarix hər zaman bunu göstərib. Ona görə də malımızı stabil, uzun müddətli satmaq istəyiriksə, satış bazarlarımızla daim işləməliyik, hər müştəri uğrunda çarpışmalıyıq, gülməyi və güldürməyi bacarmalıyıq, təbii ki, özünün sərt üzünü göstərməyi də arada bir xatırlatmaq şərti ilə - kapitalın hökmran olduğu bazarların tələbi belədir”.
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ