İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa tezliklə fəlakət məkanına çevriləcək: Qərb lideri nüvə savaşını niyə anons etdi

Qərbdə hesab edirlər ki, dünyanın gələcək taleyi qaranlıqdır, hazırda üçüncü dünya müharibəsindən narahat olmaq üçün isə artıq çox gecdir... Çünki bu savaş artıq başlayıb və inkaredilməz reallıqdır, indi əsas məsələ onun öz formatını dəyişərək, nüvə müharibəsinə çevrilməsini əngəlləməkdir...

Dünyada hərbi-siyasi təlatümlərin hökm sürdüyü mərhələ yaşanır. Mövcud situasiyanın bəşəriyyəti hansı fəlakətlərə doğru sürükləyə biləcəyi hazırda ciddi müzakirə mövzusudur. Hələlik cavabsız suallar həddin artıq çoxdur. Pessimist iddialar isə zaman keçdikcə, daha da artmaqdadır. Və belə vəziyyətin dünya üçün bütün sahələr üzrə dərin böhran vəd etdiyi də artıq şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, hazırda mövcud dünya düzəninin işlək olub-olmadığı da kifayət qədər ciddi suallara yol açmaqdadır. Bəzi Qərb siyasi ekspertləri hesab edirlər ki, ikinci dünya müharibəsindən sonra formalaşmış dünya düzəni öz funksionallığını sürətlə itirməyə başlayıb. Hətta bu dünya düzəninin artıq dağıldığını, əvəzindəsə, yenisinin hələ formalaşmadığını xüsusi olaraq, vurğulanlar da mövcuddur. Və onların fikrincə, indiyə mövcud olduğu düşünülən beynəlxalq siyasi idarəçilik sistemini artıq unutmaq lazımdır.

59ccd203f93033ad15819b1dd60c3a15.jpg (332 KB)

Ancaq nə qədər qəribə də olsa, yeni dünya düzəni barədə təsəvvürlər hələlik məhdud xarakter daşıyır. Yəni, beynəlxalq siyasi ekspertlər bundan sonra dünyanın necə idarə olunacağı barədə fikir yürütməkdə çətinlik çəkirlər. Əsas qənaətlər ondan ibraətdir ki, koronovirus pandeniyasının buraxdığı təsirlər, Ukrayna savaşı və Yaxın Şərqdə cərəyan edən proseslər yeni dünya düzənini forlaşmasında birbaşa iştirak edən əsas faktirlardır. Və bu səbəbdən də, indi bütün bu proseslərin sona çatmasını da gözləmək lazım gələcək.

Halbuki, Ukrayna savaşının və Yaxın Şərqdə cərəyan edən proseslərin inkişaf istiqamətləri qeyri-müəyyən xarakter daşıdığından olduqca ciddi narahatlıq da doğurur. Belə ki, hər iki münaqişə bölgəsi daha geniş ariala yayılma perspektivini qoruyub, saxlamaqdadır. Hətta bəzi Qərb ekspertləri Ukraynada və Yaxın Şərqdə davam edən savaşların qloballaşacağı təqdirdə, mütləq üçüncü dünya müharibəsinə səbəb olacağı qənaətindədirlər. Onalrın fikrincə, hazırda dünya bu iki “münaqişə ocağı” ucbatından üçüncü dünya savaşına keçid mərhələsini yaşayır. Və ən qısa zamanda, bəşəriyyətin bu problemdən yayındırılması olduqca vacibdir.

Xüsusilə də, Avropa mənanında bəzi dövlətlərin analitika və təhlil mərkəzləri “qoca qitə”ni yaxın illərdə böyük fəalkətlərin gözlədiyinə əmindirlər. Əsas qənaətlər ondan ibarətdir ki, xüsusilə də, əgər, Ukrayna savaşı qloballaşarsa, Avropa növbəti dünya müharibəsinin də əsas savaş poliqonuna çevrilə bilər. Əvvəlcə, Avropa ölkələri ilə Rusiya arasında savaş qaçılmaz olar. Daha sonrasa, Avropa ölkələrindən bəziləri Rusiyanın tərəfinə keçə bilərlər. Bu haldasa, qlobal savaşın daha çox Avropa ölkələri arasında davam edə biləcəyi qətiyyən istisna deyil.

41571fe4bc22b630e4d4f0cd7d3c575d.jpg (97 KB)

Maraqlıdır ki, bu qənaətdə olan Qərb ekspertləri ilə razılaşmayanlar da olmamış deyil. Belə ki, daha fərqli mövqedə olanlar indi üçüncü dünya savaşının nə başlayacağı barədə müzakirələr aparılmasını tamamilə yersiz hesab edirlər. Onların fikrincə, üçüncü dünya savaşı artıq başlayıb. Üstəlik, böyük sürətlə daha dağıdıcı mərhələyə doğru irəliləyir. Və bu səbəbdən də, üçüncü dünya savaşı barədə ehtimallar artıq çox gecikmiş iddialar kimi dəyərləndirilir.

Məsələ ondadır ki, Ukrayna savaşının təqdimatında məqsədyönlü şəkildə yanlışlığa yol verildiyi barədə qənaətlər mövcuddur. Belə ki, bu savaşın Ukrayna ərazisində üçüncü dünya müharibəsi kimi xarakterizə olunması daha doğru yanaşma hesab olunur. Çünki hazırda həmin savaş poliqonunda yalnız Ukrayna və Rusiya arasında müharbəsi getmir. Yəni, bu savaş dünyanın nəhəng hərbi-siyasi güc mərkəzlərini iki yerə bölüb. Bir tərəfdə Rusiya və ona səhnəarxasında bütün mümkün vasitələrlə dəstək verən Çin, İran, Şimali Koreya və gölgədə qalmağa üstünlük verən bəzi Şərq ölkələri dayanıb.

İkinci tərəfdəsə, Ukrayna ordusunu hərbi ehtiyaclarını maliyyələşdirən kollektiv Qərb mövqe tutub. Yəni, Ukraynada əslində, Rusiya və onun sənhəarxası müttəfiqləri ilə Qərb ölkələri müharibə aparır. Kremlin müttəfiqləri Rusiyaya silah-sursat dəstəyi verdiyi kimi, NATO ölkələri də Ukrayna ordusuna ən müasir hərbi texnika göndərir. Beləliklə də Qərb ölkələri və Şərq dövlətləri arasında müharibə davam edir. Üstəlik, son vaxtlar bəzi Qərb ölkələrinin hərbi texnika yardımına canlı qüvvə dəstəyinin əlavə oluna biləcəyi də qətiyyən istisna deyil.

1665217208.jpg (64 KB)

Hər halda, Fransa açıq şəkildə Ukraynaya hərbi kontingent göndərməyə hazır olduğunu bəyan etməyə başlayıb. Hətta rəsmi Parisin Ukraynaya göndərmək üçün 60 min nəfərlik hərbi kontingenti artıq hazırladığı barədə də müəyyən məlumatlar mövcuddur. Əgər, bu addım atılarsa, Qərb ölkələrinin Ukrayna savaşında birbaşa iştirakı rəsmiləşmiş olacaq. Sadəcə, rəsmi Paris bunu təkbaşına etməkdən çəkinir. Daha bir NATO ölkəsinin, xüsusilə də Almaniyanın Fransa ilə ortaq hərəkət etməsinə çalışır.

Onu da qeyd etmək lazımdır ki, ABŞ Fransanın Ukrayna ilə bağlı davranışlarından ciddi şəkildə narahatdır. Hətta rəsmi Parisin bu davranışlarının ABŞ-ın hərbi-siyasi dairələrində qəzəb qarışıq qıcıq yaratdığı barədə də məlumatlar mövcuddur. Ağ Evdə hesab edirlər ki, Fransanın ideyası bəzi NATO ölkələrinin Ukraynaya gizli şəkildə hərbi kontingent göndərməsini artıq ifşa edib. Yəni, bundan sonra bu reallığı gizlətmək qətiyyən mümkün olmayacaq. Və bu, üçüncü dünya müharibəsinin gizli mərhələdən, açıq fazaya keçməsi ilə nəticələnə bilər.

Polşanın baş naziri Donald Tusk bəyan edib ki, dünyanın gələcək taleyi qaranlıqdır və narahat olmaq üçün ciddi əsaslar mövcuddur. Hazırda üçüncü dünya müharibəsindən narahat olmaq üçün çox gecdir, çünki bu, artıq inkaredilməz reallıqdır. Ona görə də, indi əsas məsələ bu savaşın öz formatını dəyişərək, nüvə müharibəsinə çevrilməsinin qarşısını almaqdan ibarətdir. Əks halda, dünya, xüsusilə də, Avropa qitəsi insanların yaşaması üçün yararsız olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR