İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa qazdan imtinanı sürətləndirir - Azərbaycanın reaksiyası...

Ekspert: “Biz qazın emal məhsullarını satmağa hədəflənməliyik”

Arxada qoymaqda olduğumuz 2023-cü il qlobal səviyyədə alternativ enerjiyə keçid üçün həlledici qərarların qəbulu ilə yadda qaldı. İlin son ayında Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasının (COP28) yekun sənədində ilk dəfə olaraq ölkələri iqlim dəyişikliyinin ən pis təsirlərinin qarşısını almaq üçün qalıq yanacaqlardan uzaqlaşmağa sövq edəcək çağırış əksini tapıb. Qlobal “Stocktake” Sazişi kimi tanınan sənəd ilk dəfə olaraq builki danışıqlarda bir çox ölkələrin əsas tələbi olan qalıq yanacaqların istifadəsinə birbaşa toxunur. Sənəd ölkələri “kritik on illikdə” qalıq yanacaqdan uzaqlaşmağa çağırır.

Növbəti belə tədbir gələn il Bakıda keçiriləcək. Gözlənilir ki, həmin tədbirdə qalıq yanacaqlardan istifadəni məhdudlaşdıran bəzi qərarlar alınsın.

Avropada artıq alternativ mənbələrdən enerji təminatına keçidlə bağlı konkret öhdəliklər götürürlər. Almaniya, Hollandiya və Fransa da daxil olmaqla, yeddi ölkə dekabrın 19-da 2035-ci ilə qədər CO2 (karbon qazı) tullantılı elektrik stansiyalarını enerji təchizatı sistemlərindən ləğv etmək öhdəliyi götürüb.  Avropa İttifaqı (Aİ) üzrə elektrik enerjisi istehsalının təxminən yarısı ümumilikdə bu ölkələrin payına düşür. Onların arasında ən böyük paya isə Avropanın iki ən böyük enerji istehsalçısı Almaniya və Fransa malikdir.

Karbon tullantısız elektrik istehsalı öhdəliyini üzərinə Avropa İttifaqı üzvləri Avstriya, Belçika, Fransa, Almaniya, Lüksemburq və Niderland, o cümlədən Aİ üzvü olmayan İsveçrə götürüb. Birgə bəyanatda ölkələr bildiriblər ki, Aİ-nin mövcud iqlim tədbirləri, ehtimal ki, Avropanı 2040-cı ilə qədər CO2-dən azad enerji sektoruna doğru istiqamətləndirəcək. Birlikdə daha sürətli hərəkət etməyə razılaşan ölkələr, böyük həcmdə aşağı karbonlu enerjini şəbəkəyə inteqrasiya etmək və onun ölkə sərhədləri boyunca axmasını təmin etmək üçün kifayət qədər şəbəkələr və enerji anbarı qurduqlarına əmin olmaq üçün infrastrukturu birgə planlaşdırmağa kömək edəcəklərini bəyan ediblər.

Niderlandın müvəqqəti energetika naziri Rob Jetten “bizim ölkələr bir-biri ilə sıx şəkildə inteqrasiya olunmuş elektrik sisteminə malikdir və bəzi ərazilərdə dəniz enerjisi potensialından faydalanmaq imkanı mövcuddur” fikrini səsləndirib.

Avropa Ətraf Mühit Agentliyinin məlumatlarına görə, ümumilikdə 2022-ci ildə Aİ elektrik enerjisinin 41 faizini bərpa olunan mənbələrdən əldə edib. Lakin enerji istehsalının CO2 intensivliyi ölkələr arasında əhəmiyyətli dərəcədə fərqlidir. Məsələn, Avstriya artıq elektrik enerjisinin dörddə üçündən çoxunu (75 faizini) bərpa olunan enerji mənbələrindən alır, Fransa isə elektrik enerjisinin istehsalında təxminən 70 faiz CO2 emissiyası olmayan nüvə enerjisindən istifadə edir. Amma bununla yanaşı, Polşa elektrik enerjisi generasiyasında kömürdən intensiv istehlaka görə Aİ ölkələri arasında karbon emissiyasının çoxluğuna görə öncül ölkə olaraq qalır.

“Ember” analitik mərkəzi tərəfindən modelləşdirmə bütün Avropanın enerji sektorunu 2035-ci ilə qədər demək olar ki, karbonsuzlaşdırmanın mümkün olacağını, külək və günəşin həmin tarixə qədər elektrik enerjisinin 80 faizə qədərini istehsal edəcəyini, kömür və qazın elektrik istehsalında böyük ehtimalla aradan qaldırılacağını təxmin edir.

“Ember”in hesablamalarına əsasən, bu məqsədə çatmaq üçün bərpa olunan enerji mənbələrinə və şəbəkələrə 750 milyard avroya qədər ilkin investisiyalar tələb olunacaq, lakin 2035-ci ilə qədər ölkələr mədən yanacaqları üçün çox azaldılmış qanun layihəsi sayəsində cari planlarla müqayisədə ümumilikdə pula qənaət etmiş olacaqlar.

Qeyd edək ki, Avropa Birliyi ölkələrində 2022-ci ildə enerji istehlakının 23 faizi bərpaolunan enerjinin payına düşüb. 2021-ci illə müqayisədə bu enerji mənbəyinin payı 1.1 faiz bəndi artıb.

Avropa Birliyi ölkələri arasında bərpaolunan enerji istehlakının ən yüksək payı İsveç (66 faiz), Finlandiya (47.9 faiz) və Latviyada (43.3 faiz), ən aşağı payı İrlandiya (13.1 faiz), Malta (13.4 faiz) və Belçikada (13.8 faiz) qeydə alınıb.

Göründüyü kimi, Avropanın hətta ortamüddətli vadidə ənənəvi enerjidaşıyıcılarının istehlakını kəskin azaltmaq planları sürətlə reallaşır. Bu isə Avropa bazarına hədəflənən bir sıra satıcılar, o cümlədən Azərbaycan üçün çətinliklər yaradır. 2022-ci ildə Avropa Komissiyası ilə 2027-ci ilədək Aİ-yə təbii qaz tədarükünün ikiqat artırılmasını nəzərdə tutan memorandum imzalansa da, hələlik heç bir ölkə ilə əlavə həcmlərin alışına dair uzunmüddətli müqavilə imzalanmayıb. Artıq Qərb mətbuatı da Avropa İttifaqında Azərbaycandan, yaxud digər mənbələrdən uzunmüddətli müqavilələlərlə qaz alışına maraq olmadığına dair məlumatlar intensivləşməkdədir. Uzunmüddətli müqavilələr olmadığı halda isə Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizinin genişləndirilməsi planlarını reallaşdırmaq mümkün deyil.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirir ki, hazırda Avropanın 10-dan çox ölkəsinin Azərbaycan qazına olan ümümi tələbatı illik 30 milyard kubmetrdən çoxdur və bu layihələr əlavə tədarükün mühüm mənbələri qismindədir. Onun sözlərinə görə, söhbət iyulda istismara verilən, indiyədək 453 milyon kubmetr qaz və 171 min ton kondensatın hasil edildiyi “Abşeron” yatağı, həmçinin işlənmədə olan “Qarabağ”, “Ümid” (Mərhələ-II), “Babək” və “Azəri-Çıraq-Günəşli” dərin qaz layihələrindən gedir.

Rəsmi mətbuatda dərc olunan məqaləsində Şahbazov vurğulayıb ki, enerji böhranı dövründə Azərbaycan Avropanın enerji təchizatını şaxələndirən ölkə, enerji təhlükəsizliyinin təminatında etibarlı strateji tərəfdaş olub: “2022-ci ildə Avropaya qaz tədarükü 40% artımla 11.4 milyard kubmetrə çatdırıldı. Ümumiyyətlə, TANAP və TAP istismara veriləndən indiyə kimi Türkiyə 24.3 milyard kubmetr, Avropa isə 28.7 milyard kubmetr Azərbaycan qazı ilə təchiz edilib”.

Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana tədarükünə 2020-ci il dekabrın 31-də, Rumıniyaya isə 2023-cü il yanvarın 1-dən başlanılıb. 2023-cü ilin sonunadək Macarıstana, 2024-cü ildə isə Serbiyaya qaz tədarükünə başlanılacaq.

Bundan başqa, Azərbaycan qazı Türkiyə (TANAP və Cənubi Qafqaz boru kəməri (CQBK) ilə) və Gürcüstana (CQBK və Qazıməmməd-Qazax qaz kəməri ilə) da ixrac edilir.

Nazirin dediklərindən də aydın olur ki, Azərbaycan Avropaya əlavə qaz tədarükü planlarını Şərqi Avropa, Balkanlar istiqamətinə yönəldib. Lakin bu planların reallaşması üçün həmin ölkələrlə uzunmüddətli alqı-satqı müqavilələri imzalanmalıdır. Qərbi Avropanın karbonsuz enerji istehsalında irəliyə doğru atdığı hər addım Şərqi Avropanın da enerji təminatında müsbət irəliləyiş deməkdir. Bu şəraitdə əsas ümidlər Avropa sənayesinin hazırkı durğunluqdan çıxması nəticəsində təbii qaza olan tələbatın artmasınadır.

Bu qış da havaların mülayim keçməsi Avropada qaz təminatı ilə bağlı arxayınlığı artırıb. “Gas Infrastructure Europe”un məlumatına görə, dekabrın 25-də Aİ ölkələrindəki yeraltı qaz 126 milyon kubmetr götürülüb, onlara 146 milyon kubmetr qaz vurulub. Bu, qış dövründə nadir rast gəlinən haldır: anbarlardan istehlak doldurulmadan azad olub.

Avropada istilik mövsümü 2023-cü il noyabrın 7-də (son payız-qış mövsümündən bir həftə əvvəl) başlayıb və həmin andan etibarən Aİ ölkələri anbarlardan 15,66 milyard kubmetr qaz istifadə edib. Beləliklə, anbarlardan istifadənin başladığı 49-cu gündə ümumi qazın götürülməsi ötən beş il ərzində bu günə olan orta göstəricidən 7 faiz çoxdur.

Hazırda Avropanın anbarları 87,08 faiz doludur (son beş il ərzində bu tarix üçün orta göstəricidən 12,13 faiz bəndi yüksək), onlarda 95,96 milyard kubmetr qaz var.

Külək enerjisinin Aİ elektrik enerjisi istehsalındakı payı dekabr ayında rekord həddə çataraq 23 faizə yüksəlib.

Noyabr ayı ilə müqayisədə maye qaz terminallarından Avropa qaz ötürmə sisteminə LNG daxilolmaları azalıb. Hazırda maye qazın yenidən qazlaşdırılması və onun Avropa boru kəmərlərinə vurulması gücü maksimumun 52 faizi ilə yüklənib.

Bütün bunlar Avropada qazın qiymətinin ucuzlaşmasına səbəb olub. Noyabrda Avropada qazın orta alış qiyməti 1 min kubmetr üçün 513 dollar təşkil edib, dekabrda isə 411 dollara yaxındır.

İlham Şaban: “Neftin qiyməti bu səbəblərə görə bahalaşır” - 20.12.2020,  Sputnik Azərbaycan

 İlham Şaban

Enerji məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, Azərbaycan üçün region ölkələrində qazı satmaq kommersiya baxımından daha cəlbedici ola bilər: “Avropaya isə təbii qazdan alınan məhsullar, hidrogen və "yaşıl enerji" ixrac etmək kimi imkanlar açılır. Amma biz ilk növbədə gərək SOCAR-ın hayhayı gedib, vayvayı qalmış, 63 ildir ki, istismarda olan (23 il əvvəl istismar müddəti bitib) Qaradağ Qaz Emalı zavodunun əvəzində müasir bir emal müəssisəsi ərsəyə gətirək, özü də tez - maksimum 3 ilə... Bunun nəticəsində ölkənin həm qazancı artar, həm də daxili bazara keyfiyyətli (professional dildə desək, qurudulmuş qaz) mavi yanacaq yönəltməklə onun istehlakını daha qənaətcil etmək olar (istilikverimliyin artımı hesabına)".

Ekspert bildirir ki, havaların necə keçməsinin qaz bazarına böyük təsiri var: “Bu qış da Avropada proqnoz edildiyi kimi sərt keçmir, nəticədə qazın hərrac qiymətləri 400 dollardan aşağıdır... Bu qiymət bizi tam qane edir, elə avropalıları da”...

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR