İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa qadağan etdi, Azərbaycanda isə... - Uşaqlarla bağlı təhlükə

Məşhur qəlyanaltı brendi “Lay’s” kartof çipslərini ölümcül riski səbəbindən geri çağırdı; uşaqların sevdiyi qida məhsulu ilə bağlı dövlət qurumu hərəkətə keçdi

Məşhur qəlyanaltı brendi “Lay’s” istehsal etdiyi kartof çipslərini ölümcül allergik reaksiya riski səbəbindən geri çağırmaq qərarına gəlib. Bu barədə ABŞ Qida və Dərman İdarəsindən (FDA) bəyan edilib. Bildirilib ki, məhsulun etiketində göstərilməyən süd tərkibli komponentlərin olması səbəbindən ən yüksək - “I sinif” risk səviyyəsi elan edib. Bu kateqoriya o deməkdir ki, marka məhsulları həyati təhlükə yaradan allergik reaksiyalara səbəb ola bilər.

Məlumata görə, əslində geriçağırma prosesi 2024-cü ilin dekabrından başlayıb. “Lay’s”in ana şirkəti “Frito-Lay” Oreqon və Vaşinqton ştatlarında satışa çıxarılan 6000-dən çox çips paketində süd komponenti aşkar edildiyini bildirib. Bu səhv isə südə allergiyası olan insanların sağlamlığı üçün ciddi risklər daşıyır. Ona görə də FDA hazırkı geriçağırma səviyyəsini “I sinif” kateqoriyasına yüksəldib.

“Frito-Lay”dən isə baş verənlərlə bağlı bildirilib ki, hazırda geri çağırılan məhsullarla bağlı heç bir allergik reaksiya şikayəti alınmayıb. Lakin məhsullar mümkün sağlamlıq riskləri səbəbindən ehtiyat tədbiri olaraq bazarlardan yığışdırılır.

Xatırladaq ki, bir neçə gün öncə “The Coca-Cola” qida nəhənginin törəmə şirkəti olan “Coca-Cola Europacific Partners Belgium” Belçika, Böyük Britaniya, Lüksemburq, Niderland, Fransa və Almaniya bazarlarından məhsullarını kütləvi şəkildə geri çağırıldığını elan edib. Buna səbəb məhsulların tərkibində xloratların miqdarının yüksək olması göstərilib.

Azərbaycanda da çipsi uşaq və gənclərin sevdiyi qida məhsuludur. O zaman ölkəmizdə onun qadağası, geri çağırılması mümkündürmü?

Mütəxəssislər bildirir ki, dünyada milyonlarla insanın gündəlik qida rasionuna daxil olan Coca-Cola kimi qazlı içkilər və çipslər əslində insan sağlamlığı üçün ciddi təhlükələr yaradır. Ən çox uşaqlar və gənclər tərəfindən istehlak edilən bu məhsulların uzunmüddətli istifadəsi bir çox xəstəliklərin əsas səbəbi hesab olunur. Məsələn, qeyd olunur ki, çipslərin yüksək temperaturda qızardılması zamanı akrilamid adlı kanserogen (xərçəng yaradan) maddə yaranır. Akrilamid beyində və daxili orqanlarda mutasiyalara səbəb ola bilər. Həmçinin çipslərin tərkibindəki süni əlavələr, trans yağlar və konservantlar orqanizmdə hormonal balansı poza bilər. Bu isə xüsusilə kişilərdə sperma keyfiyyətinin azalmasına, qadınlarda isə menstrual problemlərə və sonsuzluğa səbəb ola bilər.

Bundan başqa, çipslərdə yüksək miqdarda doymuş yağ və natrium (duz) var. Bu maddələr qan təzyiqini yüksəldir və damarların tutulmasına səbəb olaraq infarkt və insult riskini artırır. Tərkibində mədə üçün ağır olan yağlar və kimyəvi qatqılar da var ki, bu maddələr dəqastrit, reflü, mədə xorası kimi problemləri dərinləşdirir və həzm sisteminə zərər vurur.

Coca-Cola və digər bu kimi qazlı içkilərin zərərlərinə gəldikdə, qeyd olunur ki, onların tərkibindəki fosfor turşusu bədəndəki kalsiumun azalmasına səbəb olur. Bu, osteoporoz (sümük əriməsi) və dişlərin zəifləməsinə gətirib çıxarır.

Coca-Cola yüksək miqdarda fruktoza siropu ilə şirinləşdirilir. Bu maddə qaraciyərdə piylənməyə və böyrəklərin normal işləməsinin pozulmasına səbəb ola bilər. Bundan başqa, Coca-Cola-nın tərkibində böyük miqdarda şəkər var. Daimi istehlak edilərsə, qanda şəkər səviyyəsi normadan kənara çıxır və insulin müqaviməti yaranır. Bu da piylənmə və II tip diabetin əsas səbəblərindən biridir.

Coca-Cola və digər qazlı içkilərin tərkibindəki kofein beyində dopamin səviyyəsini artırır və insanı bu içkilərdən asılı vəziyyətə salır. Bu, xüsusilə uşaqlarda və gənclərdə psixoloji və nevroloji problemlərə səbəb ola bilər. Beləliklə, çipslər və qazlı içkilər qısa müddətli zövq versə də, uzunmüddətli istifadəsi sağlamlıq üçün ciddi problemlərə gətirib çıxarır. Xüsusilə uşaqlar və gənclər üçün bu məhsullardan uzaq durmağın vacib olduğu deyilir.

Mövzu ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirilib: “Lay’s” kartof çipslərinin sağlamlığa yaratdığı risk iddialarına görə ABŞ-də bəzi məhsul partiyalarının geri çağrılması ilə bağlı mediada yayılan məlumatlarla əlaqədar bildiririk ki, qeyd olunan məhsul partiyaları ölkəmizə idxal edilməyib. Həmçinin qeyd edirik ki, xarici mediada və müvafiq təşkilatlar tərəfindən yayılan bu cür məlumatlar Agentliyin mütəxəssisləri tərəfindən mütəmadi şəkildə təhlil olunaraq, qida təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görülür".

Eyyub Hüseynov: “İcra Hakimiyyətinin göstərişi mağaza sahibinin hüququnun  pozulmasıdır” - VİDEO - Oxu.az

Eyyub Hüseynov 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə qeyd edib: "Yayılan məlumatdan göründüyü kimi, həm Coca-Cola, həm də çipslə bağlı problemlər müəyyən partiya məhsulları ilə əlaqədardır. Lakin istehlakçı hüquqlarını qoruyan beynəlxalq təşkilatlar, o cümlədən Azad İstehlakçılar Birliyi olaraq bildiririk ki, ümumiyyətlə, bu brend altında istehsal olunan bütün məhsullar istehlakçılar üçün zərərlidir. Bu məhsulların tərkibində asılılıq yaradan maddələr mövcuddur, çipslərdə turşuluq və digər zərərli komponentlər var. İstehlakçı hüquqlarını qoruyan beynəlxalq təşkilatlar dünyada insanları Coca-Cola və çips kimi məhsullardan mümkün qədər uzaq tutmaq üçün fəaliyyət göstərirlər. Lakin bu şirkətlər olduqca böyük vergi ödəyiciləridir və yerləşdikləri hər bir ölkədə iri iqtisadi oyunçulara çevrilirlər. Bu səbəbdən hökumətlər onları öz ərazilərindən çıxarmaqdan çəkinir və ya bunu istəmirlər, çünki dövlət büdcəsinə və xəzinəyə vəsait lazımdır.

Bu məsələlər həm Avropada, həm də Amerikada istehlakçılar üçün ciddi problemlər yaradır. Qeyd etdiyim kimi, bu məhsullar müəyyən siyasi və iqtisadi dairələrlə də əlaqəlidir. Azərbaycan İstehlakçılar Birliyi olaraq biz bildiririk ki, yalnız bəzi partiyalar deyil, ümumiyyətlə, bu brendin bütün məhsulları insan sağlamlığı üçün təhlükəlidir. İnsanlar bu məhsullardan mütləq uzaq durmalıdır. Ən narahatverici məsələlərdən biri də odur ki, dünyada ən geniş yayılmış fast-food şəbəkələrindən biri olan dünyada ən böyük ərazisi olan KFC Azərbaycandadır. Bu, ciddi narahatlıq doğuran bir haldır".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR