Onlayn ictimai-siyasi qəzet
“Avropa Parlamentinin Azərbaycana qarşı münasibəti həmişə neqativ olub. Onlar daima yox yerdən bir motiv tapıb, Azərbaycan əleyhinə tənqid kampaniyası aparırlar. Vaxtaşırı bizi sanksiyalarla hədələyirlər”.
Bunu Musavat.com-a açıqlamasında politoloq Tofiq Abbasov Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi son qətnamədən danışarkən deyib. Onun sözlərinə görə faktiki olaraq bu qurum heç bir əsas olmadan subyekti dünya birliyi ilə qarşı-qarşıya qoyur.
“Onların Azərbaycan daxilində muzdluları var, vaxtaşırı heç bir fakt olmadan Azərbaycan dövlətinə şər atmağa xidmət edirlər. İddia edirlər ki, guya, biz söz azadlığını pozuruq, insanların haqlarına müdaxilələr edirik. Əslində Avropa parlamentinin özü həmişə Azərbaycanın daxili işlərinə qarşır, olmayan yerdən problemli vəziyyət yaradır. Bununla da Azərbaycanı dünya səhnəsində borclu çıxarmağa çalışır. Bu kampaniyanın başlanğıcı COP29 ərəfəsində qoyuldu.
Tofiq Abbasov
Belə bir tendesiyanı zorla gündəmə gətirirlər ki, Azərbaycanın adını hallandırsınlar, hakimiyyətə qarşı lazımsız iddialar irəli sürsünlər və bildirsinlər ki, guya, Azərbaycan hansısa demokratik normalardan yayınır. Bütün bu iddialarla bağlı bir söz demək olar: bu qətnamələrdə qərəz var.
Tək Avropa Parlamenti deyil, ABŞ-nin Azərbaycandakı səfirliyi də bəyanat verir ki, guya, ölkəmizdə jurnalistlərin haqqı pozulur, onlara təzyiqlər göstərilir. Halbuki təxribatyönlü fəaliyyət hər yerdə əlbəttə ki, qanunla tənzimlənir. Azərbaycan hakimiyyəti yeni nəsə icad etmir. Azərbaycan dövlətinin qanunvericiliyi var. Əgər kiminsə narazılığı varsa, onlar məhkəməyə müraciət edə bilər, haqq və hüququnu tanıtdıra bilər. Ölkəmizdə sosial şəbəkələr , müstəqil media qurumları var. Hamısının funkisyaları bəllidir, hər biri öz səviyyəsində fəaliyyətini davam etdirir.
Avropa Parlamenti və digərlərinin bir məqsədi var: Ölkəmizin adını ləkələmək. Bu, ənənə halını alıb. Azərbaycanının imicini bədnam etməyi hədəf qoyublar. Bununla da dövlətimizi dövrün anti-qəhrəmanına çevirmək istəyirlər. Bu, heç də uğurlu gediş deyil.
Cop29-da da şox əlləşdilər, nə qazandılar?! 44 günlük müharibədə qazandığımız qələbəni hələ də həzm edə bilmirlər. Nə etməli idik, dərdimizi dedik, dinləmədilər. Biz də özümüz özümüzə dərman olduq. BMT-nin TŞ-nın 4 qətnaməsinin həllini özümüz öz üzərimizə götürdük və bunları biz heç bir qanun norma və tələblərini pozmadan həyata keçirdik. Bu təzyiqlər, hədələr də ondan qaynaqlanır. Onları qəzəbləndirir ki, Azərbaycan niyə işğalçını yerinə otuzdurdu. Əlbəttə ki, bu siyasi sifarişdir və bayden administrasiyası, Fransa prezidenti Emmanuel Makron bu işdə xüsusi fəallıq göstərir.
Azərbaycanda hər kəs öz sözünü açıq şəkildə ifadə edir. Sosial şəbəkələr işləyir. Heç bir məhdudiyyət yoxdur.
Avropa Parlamentinə Azərbaycanda vəziyyət nə vaxtdan maraqlı olub? Əgər onlara Azərbaycandakı vəziyyət maraqlı olsaydı, torpaqlarımız işğal olunanda, bir milyona yaxın qaçqın və məcburi köçkün şəraitsiz çadır düşərgələrində yaşayanda azərbaycanlıları, onların hüquqlarını yada salardı. Ölkə daxilində öz milli qüvvələrimizdən düşmən düzəldirlər. Beynəlxalq səviyyədə isə Azərbaycanı bütün birliklərlə üz-üzə qoymağa çalışırlar. Amma atdıqları ox hədəfə dəymir”.
Şahanə Rəhimli
Musavat.com
19 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ