Onlayn ictimai-siyasi qəzet
Avropa Parlamenti Gürcüstanda 26 oktyabrda keçirilən parlament seçkilərinin nəticələrini tanımamaq qərarına gəlib.
Musavat.com xarici KİV-ə istinadən bildirir ki, parlament seçkilərin legitimliyinin ciddi qanun pozuntuları ilə zərər gördüyünü qeyd edərək, beynəlxalq ictimaiyyətin bu nəticələri qəbul etməməli olduğunu vurğulayıb.
Qəbul edilən qətnamədə deyilir: "Seçkilərin nəticələrini tanımaq mümkün deyil. Buna görə də Avropa Parlamenti bu seçkiləri rədd edir və onların bir il ərzində yenidən keçirilməsini tələb edir. Təkrar seçkilər daha yaxşı seçki mühiti, müstəqil və qərəzsiz seçki idarəçiliyi ilə beynəlxalq nəzarət altında keçirilməli, şəffaf və ədalətli proses təmin olunmalıdır".
Qətnamənin lehinə 444 deputat səs verib, 72-si əleyhinə, 82-si isə bitərəf qalıb.
Avropa Parlamenti, həmçinin "Gürcü Arzusu" partiyasının liderlərinə, o cümlədən Bidzina İvanişvili, İrakli Kobaxidze, Şalva Papuvaşvili, İrakli Qaribaşvili və Kaxa Kaladze qarşı sanksiyalar tətbiq edilməsini tələb edib. Bu çağırış Gürcüstanın daxili siyasətində və Avropa ilə münasibətlərində ciddi gərginliklər yarada bilər.
Avropa Parlamenti Gürcüstan hökumətini demokratik standartlara əməl etməyə və seçki prosesindəki qüsurları aradan qaldırmağa çağırıb. Bu qərar Gürcüstanın Avropa İttifaqı ilə yaxınlaşmaq istəyinə mənfi təsir göstərə bilər.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ