Onlayn ictimai-siyasi qəzet
Avropanın polad istehsalçıları Çindən gələn ucuz mal axınının dayandırılmasını tələb edirlər.
Musavat.com "Financial Times"a (FT) istinadən xəbər verir ki, onlar bu axının dayandırılması üçün Avropa İttifaqı rəsmilərinə müraciət ediblər.
Müraciətdə qeyd olunur ki, ucuz Çin poladının Aİ-yə idxalının artması onun qiymətlərinin istehsal maya dəyərindən aşağı düşməsinə səbəb olub. Avropalı metallurqların fikrincə, bu fonda Aİ zəif tələbat və yüksək enerji qiymətlərindən təsirlənən yerli istehsalçıların maraqlarını qorumaq üçün yeni polad tarif sistemi hazırlamalıdır.
Nəşr qeyd edir ki, Çin hazırda polad istehsalına görə birinci yerdədir. Çinin 2024-cü ildə 100 milyon tondan çox metal ixrac edəcəyi gözlənilir ki, bu da 2016-cı ildən bəri ən yüksək səviyyədir.
Sentyabrın 3-də İqlim Mühafizəsi üzrə Avropa Komissarı və Niderlandın keçmiş xarici işlər naziri Vopke Hoekstra Çindən gələn iqtisadi rəqabətin Avropa üçün ciddi problem yaratdığını bildirib. Onun sözlərinə görə, son on ildə Çin şirkətləri məhsulun aşağı qiymətləri ilə Avropanın günəş enerjisi bazarını "əldən salıb". Eyni zamanda Hoekstra qeyd edib ki, Aİ rəhbərliyi Çinlə əlaqələri kəsməyə yox, ticarət münasibətlərində tarazlığı bərpa etməyə çalışır. Avropa komissarının sözlərinə görə, bu məqsədlə Avropa idxalı şaxələndirməli, əsas sənayeləri inkişaf etdirməli və avtomobil sənayesi, bioyanacaq istehsalı və digər sektorlarda Çin subsidiyalarına qarşı durmalıdır.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ