Onlayn ictimai-siyasi qəzet
Avropa Mərkəzi Bankı (ECB) bu gün keçirdiyi iclasda hər üç əsas faiz dərəcəsini 25 baza bəndi azaltmaq barədə qərar qəbul edib.
Musavat.com ECB-nin açıqlamasına istinadən xəbər verir ki, indi depozit dərəcəsi 3,25 faiz, əsas yenidən maliyyələşdirmə əməliyyatları (MRO) dərəcəsi 3,4 faiz, marja kreditləşmə dərəcəsi isə 3,65 faiz təşkil edir.
Qərar analitiklərin və bazar iştirakçılarının gözləntiləri ilə üst-üstə düşüb.
Tənzimləyicinin açıqlamasında qeyd olunur ki, inflyasiya ilə bağlı daxil olan məlumatlar dezinflyasiya prosesinin gözləntilərə uyğun davam etdiyini göstərir. Uçot dərəcələrinin endirilməsi ilə bağlı qərar həmçinin avrozonada biznes fəallığı ilə bağlı mənfi məlumatlar nəzərə alınaraq qəbul edilib.
Belə ki, sentyabr ayında avrozonada istehlak qiymətləri illik ifadədə 1,7 faiz artıb. Bu isə o deməkdir ki, inflyasiya avqust ayındakə 2,2 faizlə müqayisədə azalaraq 2021-ci ilin aprelindən bəri ən aşağı səviyyəyə düşüb.
Eyni zamanda Avropa Mərkəzi Bankının rəhbərliyi hesab edir ki, istehlak qiymətlərinin artım tempi yaxın aylarda daha da sürətlənəcək, daha sonra isə növbəti il ərzində hədəf 2 faizlik səviyyəyə enəcək:
"ECB-nin İdarə Heyəti inflyasiyanın 2 faizlik ortamüddətli hədəfə vaxtında yavaşlamasına nail olmaq öhdəliyinə sadiqdir. Biz bu məqsədə nail olmaq üçün əsas dərəcələri kifayət qədər məhdudlaşdırıcı səviyyədə saxlayacağıq. Faizlərlə bağlı qərarlar, xüsusilə, daxil olan iqtisadi və maliyyə məlumatları əsasında inflyasiya proqnozunun qiymətləndirilməsinə və baza inflyasiyanın dinamikasına əsaslanacaq”.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ