Onlayn ictimai-siyasi qəzet
Hüquqşünas: “Bu cinayət işinə görə Azərbaycana təsir göstərməyə çalışırlar”
Avropa İnsan Hüquqları Məhkəməsi Hüseyn Abdullayevlə bağlı onun vəkilinin müraciətinə əsasən qərar verib. Bu barədə onun vəkili və Avropa İnsan Hüquqları Məhkəməsində nümayəndəsi Cavad Cavadov Gununsesi.info-ya bildirib.
Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi 22631/24 saylı iş üzrə, 27 avqust 2024-cü ildə Məhkəmə Qaydalarının 39-cu maddəsinə Hüseyn Abdullayevlə bağlı qərar qəbul edib:
“Qərara əsasən, Azərbaycan hökuməti onunla bağlı zəruri və əsaslı tibbi müayinələr aparılması, buna uyğun ambulator və ya stasionar müalicə aparılması, onun sağlamlıq durumu ilə bağlı mütəmadi olaraq məhkəməyə məlumat verməlidir.
Eyni zamanda Məhkəmə Qaydalarının 41-ci maddəsinə əsasən, onun işinə prioritet qaydada baxılması qərara alınmışdır".
Xəyal Bəşirov
Avropa İnsan Hüquqları Məhkəməsinin bu qərarını şərh edən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Hüseyn Abdullayevlə bağlı məsələ bir müddətdir gündəmdədir: “6 illik cəzasını çəkdikdən sonra onun barəsində yeni cinayət işi başlanıb. Vəkilləri də onun barəsində yeni cinayət işi və həbs müddətinin uzadılması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ünvanlayıblar. Məhz bu müraciətlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində Hüseyn Abdullayevin vəkillərinin müraciətinə baxılması prosesi başlayıb. Səhv etmirəmsə, Hüseyn Abdullayevin üç, ya da dörd vəkili var. Vəkillər onun müalicə olunmasına şərait yaradılması üçün yerli məhkəməyə müraciət ediblər. Məhkəmə həmin vəsatətləri mətbuatdan bizə məlum olduğu qədər təmin etmişdi. Bununla bağlı vəkillərinin mövqeyi də var idi. Amma görünür ki, vəkilləri paralel şəkildə həm də Avropa İnsan Hüquqları Məhkəməsinə də müraciət ediblər. Nəzərə alaq ki, Azərbaycan Avropa Şurasının üzvüdür və Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasında fəaliyyət göstərir. Bu səbəbdən adıçəkilən məhkəməyə insan hüquq və azadlıqları ilə bağlı konvensiyanın tələblərinin pozulması ilə bağlı müraciət olunub. Yəni verilən məlumatlardan bu görünür. Avropa İnsan Hüquqları Məhkəməsində şikayətlərə baxılması reqlamenti var. Bu sənədin 41-ci maddəsinə əsasən, Hüseyn Abdullayevin işinə prioritet qaydada baxılması qərara alınıb. Sadə dillə desək, işə növbədənkənar baxılması qərarı verilib. Avropa Şurasının qurumlarından biri Avropa İnsan Hüquqları Məhkəməsi, digəri Avropa Şurası Parlament Assambleyasıdır. Nəzərə alaq ki, AŞ PA Avropa Şurasının siyasətini müəyyən edən əsas qurumlardan biridir. Onu da nəzərə alaq ki, bu ilin yanvarında AŞ PA-da Azərbaycan nümayəndə heyətinin mandatı müvəqqəti olaraq dondurulub. Azərbaycan da buna cavab olaraq prosesdə iştirakdan imtina edib. Yəni dediyim odur ki, Azərbaycanla Avropa Şurası arasında belə bir problem var. Belə vəziyyət isə şübhəsiz, Avropa İnsan Hüquqlar Məhkəməsinin də Azərbaycana münasibətinə, qərarlarına təsir göstərir”.
Hüquqşünas qeyd etdi ki, Azərbaycana Hüseyn Avdullayev işi ilə bağlı təsir göstərməyə çalışırlar: “Hüseyn Abdullayev Azərbaycan vətəndaşıdır və onun hüquqlarının qorunması ilə bağlı Azərbaycan tərəfi özü maraqlıdır. 6 il ərzində cəzaçəkmə müəssisəsində onun həyatı üçün hər hansı təhlükə olmayıb. İndi nə oldu qəfildən təhlükə yarandığı söhbəti ortaya atıldı? Deməli, burada əsas hədəf Azərbaycanı bəhanə ilə sıxışdırmaqdır. Avropa Şurasının orqanı olan həmin məhkəmə instansiyası Hüseyn Abdullayevin məsələsinə belə təcili qaydada baxmaq qərarını məhz Azərbaycana təsir göstərmək üçün verib. Burada əslində Hüseyn Abdullayevin qayğısına qalmaq məqsədi güdülmür. Əslində onları heç də Azərbaycan vətəndaşının, o cümlədən Hüseyn Abdullayevin sağlamlığı, həyatı maraqlandırmır”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ