İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı erməniləri “sığallamağa” başladı

Qurumun diplomatı ermənilərin Qarabağdan gedişini “zorla köçürülmə” adlandırıb; Brüsselin dəstək məqsədi odur ki...

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionunda ölkələrin suverenliyi və yurisdiksiyası altında nəqliyyat əlaqələrinin bərpası strategiyasını dəstəkləyir. “Yeni Müsavat” xəbər verir ki, bunu İrəvanda keçirilən Ermənistan-Aİ Parlament Tərəfdaşlığı Komitəsinin sessiyasındakı çıxışında Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos deyib.

Diplomat xatırladıb ki, ötən ilin yayında Brüssel Avropa Sülh Fondu vasitəsilə Ermənistanı (hərbi cəhətdən) dəstəkləmək qərarı verib. “Ermənistan rəhbərliyini təhlükəsizlik dialoqlarına cəlb etmişik”, - Maraqos bildirib. Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası prosesinə toxunan səfir qeyd edib: “Sülh sazişi çərçivəsində qarşılıqlı məqbul həll yolları tapmağa çalışırıq. Həmçinin Aİ müvafiq ölkələrin suverenliyi və yurisdiksiyası altında regional nəqliyyat əlaqələrinin bərpası strategiyasını dəstəkləyir. Bu çərçivədə baxışımız (İrəvanın bununla bağlı) "Sülh qovşağı" konsepsiyasını əhatə edir". Ümumilikdə Ermənistanın müdafiəsinə yönəlmiş çıxışında Vasilis Maraqos Qarabağla bağlı Azərbaycanın əleyhinə təxribatçı açıqlama da verib. Avropalı diplomat ermənilərin Qarabağdan könüllü getmələrini “zorla köçürülmə” adlandıraraq qeyd edib ki, Aİ o zamandan Ermənistanın yanındadır. Toplantıda çıxış edən Ermənistan parlamentinin sədri Alen Simonyan, Aİ-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin həmsədri Nils Uşakovs və digər iştirakçılar da bu kontekstdə provokativ açıqlamaları ilə diqqət çəkiblər.

Aİ səfirinin açıqlaması növbəti dəfə Azərbaycana böhtan atmaqdan ibarətdir. BMT faktaraşdırıcı missiyası Qarabağa gələrək etnik təmizləməyə dair sübut aşkarlamamışdı. Videogörüntülər də arxivdə qalır - ermənilər bölgəni gülə-gülə, şokolad, peçenye yeyə-yeyə öz xoşu ilə tərk edirlər. Bəs səfir nəyə əsaslanır? Onların qovulmasına dair hansı sübutlar var? Fakt odur ki, Avropa Sülh Fondu Ermənistanı silahlandırır, Brüssel bölgəyə göndərdiyi “casus” şəbəkəsini yerləşdirməklə sərhədlərimizdə kəşfiyyat müşahidələri aparır. Bu cür addımlar və verilən bəyanatlar fonunda AB Bakıdan tərəfdaşlıq gözləyir. Əslində səfirin açıqlaması təəccüb doğurmur. Çünki qurumun sabiq baş diplomatı Cozef Borrel də belə cəfəng ittihamlar səsləndirirdi. Burada sözsüz ki, məqsəd Azərbaycana təzyiq, ermənilərin isə könlünü almaqdır. Yeri gəlmişkən, Aİ Qarabağdan gedən ermənilərə humanitar yardım da vəd edib.

Ehtiram Mehdiyev: “Xalqın saxta siyasətçilərə inamı qalmayıb”

 Ehtiram Mehdiyev

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev səfirin çıxışını daxili auditoriyaya hesablanmış gediş sayır: “Avropalı diplomat deyir ki, elə o gündən qurum Ermənistanın yanındadır. Bu bəyanat Bakı-Brüssel münasibətlərinə xələl gətirir. Avropalı siyasətçilər artıq özlərini yığışdırmalıdırlar. Ən azından ABŞ vitse-prezidenti Vensin "qoca qitə"ni çalxalayan çıxışını yada salsınlar. Məlum olur ki, demokratiya, insan haqları kimi dəyərləri elə ən çox Avropa gözdən salır. Ona görə də bizi ermənilərin hüquqlarını pozmaqda günahlandıranlar güzgüyə baxsınlar. Biz Qarabağda yaşayan ermənilərə vətəndaşlıq təklif etmişdik və bu məsələ çox deyilib. Hətta onların heç də hamısı Qarabağ sakinləri deyildi. Bir hissəsi Yaxın Şərq ölkələrindən gətirilib məskunlaşdırılmışdı, bir qismi Rusiya və Ermənistan vətəndaşlığı olanlar idi. Bu məsələdə çox ciddi araşdırma aparılmalıdır. Ermənilər haqda ucdantutma danışırlar ki, guya 120 min insan oranı tərk edib. Əvvəla, o qədər əhali olmayıb, ikincisi də, onların çoxu Ermənistan pasportu ilə yaşayırdılar. Əks təqdirdə, xaricə səfər edə bilməzdilər. Gedəndən sonra da əksəriyyəti Ermənistan vətəndaşlığını qəbul edib, bir hissəsi isə oradan da xaricə köçüb. O mənada, avropalı diplomat danışarkən məlumatlı olmalıdır".

Samir Əsədlinin namizədliyi qeydə alındı

 Samir Əsədli

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Aİ rəsmisinin açıqlamasını çirkin kampaniyanın davamı adlandırır: “Ermənilər özləri qayıtmaq istədiklərini demirlər. Bu müddətdə Qarabağdan getmiş 100 erməni bir araya gəlib tələb etməyib ki, bizi Xankəndiyə qaytarın. Onları buradan getməyə məcbur edən olmadı. Çünki sülhməramlılar da regionda idilər. Yəni qala, vətəndaşımız ola və yaşaya bilərdilər. Əgər diplomatın yaddaşı zəifdirsə, xatırlada bilərik ki, Xocalıda, Yevlaxda görüşlər oldu, reinteqrasiya prosesi başladıldı, dövlət proqram qəbul etdi. Bu necə zorla çıxarmaqdır ki, Prezident Administrasiyası erməniəsilli sakinlər üçün imtiyazları, sosial paketi, subsidiyaları elan etmişdi? Dövlət gözləyirdi ki, onlar qalacaqlar və ilk dövrlərdə işlə təmin olunmaq üçün hökumət dəstək verəcək. Sadəcə, imtina etdilər və çıxıb getdilər. Zorla o vaxt çıxarırlar ki, başına bombalar yağdırılır. Onlar üçün avtobuslar belə təşkil olunmuşdu. Yaxşı olardı ki, azərbaycanlıların Qarabağdan necə qovulduğu haqda sənədli-sübutlu kadrlara baxsın. Əfsus ki, Avropa İttifaqı işğala məruz qalan deyil, işğalçı ölkəyə bu şəkildə dəstəyini ifadə edir. Halbuki dağıdılmış ərazilərimizin bərpasına maliyyə yardımı ayırmalıydılar”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR