İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı “erməni qullar”a viza verir

Ekspert: “Ermənilərin bu gün yaşadıqları viza eyforiyasını bir vaxt eynilə gürcülər yaşayırdı, sonda nə oldu?” 

Ermənistan mətbuatı, xüsusən də hakimiyyətin təbliğat maşını Aİ ölkələri XİN rəhbərlərinin Ermənistanla viza rejiminin liberallaşdırılması barədə dialoqun başlanmasını Paşinyan komandasının möhtəşəm nailiyyəti kimi təqdim etməkdədir.  

Viza liberallaşdırılması ilə bağlı danışıqların başlaması məsələsi isə Aİ-yə inteqrasiya proqramında fövqəladə uğur kimi xalqa sırınır. Viza rejiminin liberallaşdırılması məsələsi ekspertlərin və rəsmilərin sözlərinə görə, iki il ərzində və ya iki ildən sonra baş tuta bilər. Aİ Şurasının məlumatında qeyd edilir ki, Ermənistan vətəndaşları üçün viza öhdəliklərinin ləğvi imkanlarına yalnız standartlar tam şəkildə tətbiq edildikdən sonra baxılacaq. Bax erməni siyasətçilərinin, rəsmilərinin nəzərdən qaçırdığı maddə də budur. Söhbət hansı standartlardan gedir, bu standartların tam şəkildə tətbiq edilməsi üçün Ermənistana neçə il, neçə ay vaxt lazımdır? Əslində erməni cəmiyyəti və siyasi elitası məhz bu sualların cavabını tapmalı, onlar barədə xalqı məlumatlandırmalıdır. Yaranan mənzərə isə onu göstərir ki, eyforiyaya qapılan siyasilər artıq özlərini Aİ-nin tam hüquqlu üzvü sayırlar. Bu isə illüziyadan başqa bir şey deyil. Əslində Avropa ilə Ermənistan arasında viza liberallaşması üzrə dialoqun başlaması erməni cəmiyyəti üçün total ağır nəticələrə səbəb olacaq. İlk olaraq söyləmək lazımdır ki, viza rejiminin liberallaşdırılması Ermənistanın sürətlə boşalması ilə nəticələnəcək. Ermənistandakı işsizliyi, məmur özbaşınalığını, korrupsiyanı, iş yerlərinin hakim komandanın sülaləsi tərəfindən zəbt edilməsini, müharibədəki acı məğlubiyyətin vurduğu psixoloji sarsıntını da nəzərə alsaq, rəqəmlərin hansı qorxunc həddə çatacağını ehtimal etmək olar. Qısacası, Gürcüstandakı rəqəmlər Ermənistandakı rəqəmlərin kölgəsində qala bilər. 

Fikrət Yusifov.jpeg (199 KB)

Fikrət Yusifov

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, əslində biz bu fakta sevinməliyik: “Çünki Azərbaycan Ordusunun 44+1 gündə Qarabağ problemini uğurla həll etməsindən sonra erməni toplumunun böyük əksəriyyəti Ermənistanı mümkün qədər tez tərk edib, Avropa ölkələrinə, ABŞ-a getmək istəyir. Bu həm də tarix boyu köçəri həyatı yaşamağa adət etmiş bir xalq üçün bir sürpriz olacaq.  Əgər ermənilər Ermənistanı yaxşı gələcəyi olan bir dövlətə çevirmək istəyirlərsə, o halda bölgədə Azərbaycan və Türkiyə ilə dil tapmalıdılar. Bu bölgədə onların yaşaması və dövlətlərinin dövlətlər sırasında qalması üçün bu yeganə yoldur. Ermənilərin bu gün yaşadıqları viza eyforiyasını bir vaxt eynilə gürcülər  yaşayırdı. Bəs sonda nə oldu? Əgər nəzərə alsaq ki, gürcülərdən fərqli olaraq ermənilər nağıllara daha çox meylli xalqdır, o halda Paşinyan hakimiyyətinin yeni "vizasız Avropa" nağıllarının bu xalqda hansı eyforiya doğurduğunu yaxşı anlamaq olar. Qarşıda vizasız rejimi əldə etməyin şərtləri, qaydaları olacaq. Heç şübhəsiz, bu şərtlərin bəzilərini məğlub Ermənistan qonşularının razılığı olmadan reallaşdıra bilməyəcək, buna cəhd etdikdə isə bölgədə böyük bir qarşıdurma yaranmış olar ki, bundan da daha çox Ermənistan zərər görər. Bir sözlə, indi ermənilər onları ağır məğlubiyyətdən sonra sevindirə biləcək hər hansı bir “uğurun” axtarışındadılar və deyəsən, Qoca qitə ermənilərin bu zəif yerlərindən məharətlə yararlanmaqda qərarlıdır".

Sədrəddin Soltan: "İranın nüvəyə sahib olması Ön Asiyada faciəyə səbəb ola  bilər"

Sədrəddin Soltan

Orta Doğu Araşdırmaları Mərkəzinin sədri Sədrəddin Soltan da bizimlə söhbətdə dedi ki, son dövrlər Ermənistanda baş verən hadisələr bir-biri ilə bağlıdır: “İyulun 22-də Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində yardım paketinin ayrılmasını təsdiqləyib. Bildirilib ki, yardımın məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Eləcə də  Ermənistan vətəndaşları üçün Avropa İttifaqına səyahət vizası liberallaşdırıldı. ABŞ-ın Avropa komandanlığı "Eagle Partner2024" çərçivəsində Ermənistanla kütləvi iğtişaşlara qarşı birgə hərbi təlim keçirir. Bildirilib ki, bu təlim yüksək intensivlik şəraitində əməkdaşlıq etmək və birgə işləmək bacarığını nümayiş etdirir, eyni zamanda hazırlığı, cavabdehliyi və qarşılıqlı fəaliyyət qabiliyyətini artırır. Pentaqonun nümayəndəsi isə Ermənistan Müdafiə Nazirliyində oturub. ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Agentliyinin (USAID) başçısı Samanta Pauer də bugünlərdə Ermənistanda ikigünlük səfərdə olub. O, bu ölkədə baş nazir Nikol Paşinyan da daxil olmaqla, müxtəlif görüşlər keçirib. Səfərdən sonra yaydığı videomüraciətdə isə qeyd edib ki, ermənilərlə danışanda əsas diqqət müqavimətin qurulmasına, ərzaq təhlükəsizliyi, enerji dayanıqlılığının artırılmasına yönəlib. Onun sözlərinə görə, ABŞ-la Ermənistan arasında hər gün daha da güclənən müasir və davamlı tərəfdaşlıq nümunəsi yaranır. Qeyd etdiyim bu faktlar Ermənistanın yeni bir mərhələyə hazırlandığından xəbər verir. Hərbi sahədə kütləvi iğtişaşlara qarşı hazırlıq onu deməyə əsas verir ki, bu ölkədə gec-tez vətəndaş müharibəsi, yaxud kütləvi etiraz aksiyaları keçirilə bilər. Elə Avropa İttifaqının ayırdığı 10 milyon avro məbləğinin “böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinə” yönələcəyi də Ermənistan daxilində bir savaşın, qarşıdurmanın olacağı ehtimalını artırır. Çünki rəsmi İrəvanın özünü “dəli oğlan” kimi aparmasını Moskva hələ seyr edir. Rusiya rəsmiləri Ermənistana cızığından çıxmamaqla bağlı xəbərdarlıq edir.

Odur ki, iğtişaşlara qarşı hazırlıq, fövqəladə hallarda mülki sakinlərin müdafiəsinin təşkili və viza liberallaşdırılması məsələləri rebusa daha çox oxşayır. Bunlar biri-biri ilə bağlı məsələlərdir. Fikrimizcə, bu sıralanmanın açması belədir: Ermənistanda iğtişaşlar baş verəcəyi halda mülki əhalinin müdafiəsi məqsədilə viza verilərək ölkədən təxliyəsini təşkil etmək".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR