Onlayn ictimai-siyasi qəzet
Türkiyənin məğlubiyyətinin acı sirri...
Futbol üzrə Avropa çempionatı yekunlaşmaq üzrədir. 5-6 iyul tarixlərində baş tutan oyunlarla turnirin 1/4 final mərhələsi yekunlaşdı. Meydan sahibi Almaniya İspaniyaya məğlub olaraq, çempionatla vidalaşdı. Fransa Portuqaliya səddini keçdi.
İngiltərə İsveçrənin yolunu kəsdi. Hamımızı üzən son oyun isə, qardaş Türkiyə ilə Hollandiya yığmaları arasında keçirildi. “Ay-ulduzlular” əldə etdikləri böyük bir şansdan yararlana bilmədilər, yarımfinal biletini hollandlara hədiyyə etdilər. Oyunun 70-ci dəqiqəsinə qədər minimal hesabla öndə olan türk millisi qapısında 6 dəqiqəyə 2 top görərək, bütün türk dünyasını kədərə boğdu. Bu oyunun həm də ən böyük önəmi türkiyəli ulduz oyunçu Melih Demiralın bu qarşılaşmadan öncə Avstriya oyununda nümayiş etdirdiyi bozqurd işarəsinə görə 2 oyunluq cəzalandırılmasından yaranan situasiya idi. Bütün dünyanın diqqəti bu oyunda idi. Bu acı məğlubiyyətə əsas səbəbkar kimi, baş məşqçi Vinçenso Montella göstərilir və ona sərt təpkilər var. Xüsusilə onun oyun boyu müdafiəyə diqqət ayırması, faktiki komandasını rəqib qarşısına hücumçusuz çıxarması daha çox tənqid olunur. Bu oyunun bozqurd qalmaqalı fonunda önəmini italyan məşqçinin tam anlamadığı vurğulanır.
Avropa Çempionatında mübarizəni 1/4 finalda dayandıran Türkiyə millisinin ümumi qazancı bəlli olub.
“Ay-ulduzlular” ümumilikdə 15.25 milyon avro gəlir əldə ediblər.
Bu gəlirin 9.25 milyonu AVRO-2024-də iştiraka görədir.
Qardaş ölkə təmsilçisinin təkcə qələbəyə görə mükafatı 2 milyon avro olub.
Türkiyə millisi 1/8 finala yüksəldiyinə görə 1.5 milyon, 1/4 -ə çıxdığına görə isə 2.5 milyon avro qazanıb.
Məlumat üçün bildirək ki, bu gün Avropa Çempionatının ilk finalçısı məlum olacaq. İspaniya-Fransa cütünün qalibi adını finala yazdıracaq. Sabah isə İngiltərə-Niderland oyunu baş tutacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Türkiyənin məğlubiyyəti kimin şansını artırdı? Qarşıdakı oyunlarda hansı nəticələr gözlənilir?
Bu suallarla futbol ekspertlərinə müraciət etdik.
Şahin Diniyev
Şahin Diniyev: “Futbol proqnozları sevmir. Ancaq burada maraqlı bir cəhət var. Birinci səbətdə olan üç ölkə millisi çempion olmağa ən layiq komandalar idi. Bunlar İspaniya, Almaniya və Fransa idi. Erkən finalı biz yaşadıq. Almaniya və İspaniya qarşılaşdı, ev sahibi almanlar turnirlə vidalaşdılar. İndi ikinci bir final olacaq, Fransa və İspaniya arasında. Çox maraqlıdır ki, bu çempionatda 3 final olacaq, yəni son final oyununu nəzərdə tuturam. Püşkün 3 nəhəngi bir səbətə atması intriqanı bir az azaltdı. Əvvəldə qeyd etdiyim erkən final və olacaq yarımfinal oyunu finala layiq oyunlar sayılacaq. Futbolun həm də özəlliyi ondan ibarətdir ki, gözlənilməyən hallar olur. Düşünürəm ki, göstərdikləri oyunlara görə hər üç ölkə çempionluğu haqq edirdi. Bunlardan ikisinin şansları hələ qalmaqdadır. Düşünürəm ki, məlum səbətdən çıxan ölkələrdən biri çempion olacaq. Bu indi Fransamı, yaxud İspaniyamı olacaq, görəcəyik. Bu səbətdə yer alan millilərə tab gətirəcək ölkələr yox idi”.
Baş məşqçi Türkiyənin məğlubiyyətindən də danışdı: “Türkiyənin ikinci hissədə göstərdiyi oyun yarımfinala çıxmağı haqq edən komanda oyunu deyildi. Əgər bir komandada hücumçu yoxdursa, komandanın hücum potensialı azdırsa, bu halda təkcə müdafiə ilə finala getmək olmaz. Nəsə fikirləşməlisən, hücum etməyin yollarını axtarmalısan. Bir sözlə, öz xoşbəxtliyini rəqib qapısında axtarmalısan. Türkiyə ancaq müdafiə olunmaqla o yerə gedib çıxa bilməzdi. Burada indi qalır İngiltərə-Hollandiya və İspaniya-Fransa qarşılaşması. Mənə elə gəlir ki, burada indi cüzi üstünlük İspaniya tərəfdədir. Amma fransızların da yetərincə təcrübələri var. Futbol üzrə dünya və Avropa çempionatlarının final mərhələlərində kifayət qədər çoxsaylı oyunlar keçiriblər. Qalibiyyətləri kifayət qədər çoxdur. Komanda oyuna motivasiya oluna bilir. Taktiki gedişlərlə istənilən vaxt nəyisə dəyişə bilər. İngiltərə-Niderland oyununa gəldikdə, ingilislər praqmatik oyun oynayırlar. İngiltərənin şansları bir qədər çoxdur. Bu cütlüklərdən hansı finala çıxsa, sürpriz sayılmamalıdır. Şəxsən mən İspaniyanın çempion olmasını istərdim. Yaşlılarla gənclərin vəhdətindən qurulmuş bir komandadır. Gözəl oyun göstərir. Göstərdiyi parlaq oyuna görə ispanların tərəfində olacam, azarkeşlik edəcəm”.
Kənan Məstəliyev
Kənan Məstəliyev: “Çempion olmağa əsas namizədi müəyyənləşdirmək çətindir. Çünki hər birinin problemi, çatışmazlığı var. Xüsusilə Fransa və İngiltərənin oyunu heç bir ümid və zövq vermir. Həddindən artıq praqmatik oyun bu komandalara yaraşmır. Məşqçilərin nəticə qazanmaq üçün bu addımı atdıqlarını görürük, istəklərinə də nail olurlar. Amma bu metod bu dəfə də uğurlu olacaqmı, bilmək olmur. İngilislərin rəqibi nisbətən asandı, niderlandlılar Türkiyə ilə oyunda zəif nöqtələrini göstərdilər. Sautqeytin yetirmələri də ötən mərhələdə qələbəni yalnız oyunsonrası penaltilərlə qazana bilmişdilər. Hər iki tərəf yorğundu, turnir də xeyli vaxtdı davam edir, kimi gücü və əsəbləri çatsa, o da finala vəsiqə qazanacaq. Hər halda, bu cütdə İngiltərə favoritdi və bir addım öndədi.
Digər cütdə isə İspaniya var. Almaniya ilə matçda çox sayda vərəqə və zədə alıb heyətdə problemləri yaranmasaydı, əminliklə qələbəni onlara verərdim. İspanlar AÇ-də həm baxımlı, həm də effektiv futbol oynayan ən güclü komandadır. La Fuente gənclərlə təcrübəlilərin əla sintezini qurub, potensiallarında yaxşı istifadə edir. Fransa heyət olaraq çox güclü olsa da, tam formada olan ispanlar onları üstələyərdilər. Məsələ də ondadır ki, pireneylilərin belə demək olarsa, “bir qanadı sınıqdı”. Fransızlar bundan istifadə etməyə çalışacaqlar. Proqnoz versək, məhz onları finala yaxın görmək olar".
Natiq Muxtarlı
Natiq Muxtarlı: “Avropa çempionatının yarımfinalında sürpriz komanda varmı? Zənnimcə, yoxdur. Sürpriz komanda Türkiyə ola bilərdi, amma müdafiədəki ənənəvi problem - uşaq səhvləri buna imkan vermədi.
Avropa çempionatı göstərdi ki, burada uğur qazanmaq üçün ilk növbədə yaxşı müdafiə olunmağı bacarmalısan. İngiltərə, Fransa məhz yaxşı müdafiənin sayəsində yarımfinaldadır.
Türkiyə Niderlandla oyunda 60 dəqiqə ideal müdafiə olundu. Amma daha sonra elə kobud səhvlərə yol verildi ki...
Türkiyə ən azı Sloveniya kimi müdafiə olunmağı bacarsaydı, indi yarımfinalda idi və hətta finala adlamaq şansı da vardı.
Sloveniyanın hücum xətti effektiv deyil. Onlar Portuqaliya ilə oyunu penalti seriyalarına məhz yaxşı müdafiə olunmağın sayəsində daşıya bildilər.
Türkiyənin isə hücumu effektivdir. Yəni rahatlıqla qol vura bilirlər. Amma müdafiədə buraxılan kobud səhvlər bu iki xəttin balanslı işini heçə endirir.
Türkiyənin məğlubiyyəti Niderlandın şansını artırdı. İndi onlarda özünəinam artıb. Qarşılarında isə hücumda dişsiz olan İngiltərə var.
Niderlandın finala çıxmaq şansı yüksəkdir. Amma çempionluq şansları çox azdır. Mənə görə çempionatın əsas favoriti yenə də İspaniyadır. Sözsüz, Fransa İspaniya ilə qarşılaşmada ikinci mövqedə olacaq. Əsas məqsədləri qol buraxmamaq olacaq bu komandanın. İspaniya Fransanın müdafiə səddini keçə bilsə, artıq finalda hər şey daha asan olacaq. Rəqibin kim olmasından asılı olmayaraq. İstər İngiltərə olsun, istərsə də Niderland. Ona görə də İspaniya üçün ən vacib rəqib məhz Fransadır. Yəni İspaniya yarımfinal yox, final oyununa çıxacaq. Fransanın finala çıxması isə çempionluqla bağlı proqnozları dəyişdirəcək. Artıq İngiltərə və ya Niderlandın da şansı yaranacaq. Böyük ehtimalla, İngiltərə də, Niderland da, İspaniya-Fransa yarımfinalında ikincilərə azarkeşlik edəcəklər".
Ceyhun Rzayev
Mövzunu Globalinfo.az-a şərh edən idman jurnalisti Ceyhun Rzayev Türkiyə millisinin builki Avropa Çempionatındakı çıxışını normal nəticə hesab etdiyini bildirib. O, komandanın qrupda qalmadığını, 1/4 finala qədər irəlilədiyini, 1/2 finalın bir addımlığında dayandığını qeyd edib: “Baş məşqçi Vinçenso Montella çox tənqid olunur, xüsusən Türkiyədəki idman jurnalistləri, şərhçilər tərəfindən. Mən o baxımdan bu tənqidlərə qatılıram ki, komanda bu çempionatda nominal mərkəz hücumçusu olmadan oynadı. Heyətdə təcrübəli Cenk Tostun ola-ola, gah yarımmüdafiəçi Barış Alper Yılmazı, gah da Arda Güləri mərkəz hücumçusu mövqeyində sınadı. Məsələn, yalnız Fatih Terim deyil, istənilən türk məşqçi olsa idi, yəqin ki, ənənəvi sxemdə davam edəcəkdi, beləliklə də hər kəs öz mövqeyində oynayacaqdı. Montellanın isə futbola baxışı fərqlidir. Mərkəz hücumçusunu oynatmadı, yarımmüdafiəçiləri onların yerinə gətirdi”.
C.Rzayevin fikrincə, bu çempionatda Türkiyə millisi yaradıcılıq baxımından hücumda qol vəziyyətləri yaratmaqda sıxıntı yaşayıb: “Məsələn, Avstriya ilə oyunda hər iki qol standart vəziyyətdən vuruldu. Ondan başqa demək olar ki, qol vəziyyəti yox idi. Sadəcə, artırılan vaxtda Barış Alperin təkbətəki var idi. Baxsaq görərik ki, komanda 90 dəqiqə ərzində oyundan epizod yarada bilmədi. Sırf standart vəziyyətlərdən iki qol vurdu. Dünənki oyunda da Niderlanda qarşı həddən artıq ultra müdafiə taktikası seçmişdi. Aşkar görünür ki, bu komandanın əslində potensialı var. Lakin Montella yox, başqası, tutaq ki, Fatih Terim olsa idi, bəlkə komanda 1/2 finala çıxa bilərdi. Amma çıxmaya da bilərdi. Çünki futbolda, ümumiyyətlə, hansısa bir uğurun konkret formulu yoxdur”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ