Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov bildirib ki, postsovet məkanında məhz Ümummilli Lider ölüm hökmünə moratorium qoyub və sonra onu ləğv edib.
Musavat.com-un xəbərinə əsasən, deputat ötən illərdə 70-dən artıq əfv fərmanının imzalandığını xüsusi vurğulayıb.
ABŞ konqresmenlərinin sanksiya təşəbbüsünə toxunan Siyavuş Novruzov maraqlı bir məqama toxunub:
“O insanlara qarşı sanksiya tətbiq olunması təklif edilir ki, onlar ləyaqətlə Azərbaycan dövlətinə və xalqına xidmət edirlər, o insanlar torpaqlarımızın azad olunmasında, Şuşanın, digər ərazilərimizin alınması uğrunda canı, qanı ilə mübarizə aparıblar. Burada oturanların böyük əksəriyyəti sanksiya siyahısına salınmış hakimləri tanımır. Belə olduğu təqdirdə ortaya bir məqam çıxır ki, bu gün Azərbaycandan donos verən şəxslər var”.
S.Novruzov qeyd edib ki, bir çox hallarda ev dəllalları, toyuq oğrularını, siyasi dəllalları “siyasi məhbus” kimi yazırlar:
“Həmçinin mənbəyi məlum olmayan pullar hesabına Azərbaycana qarşı çirkin təbliğat aparırlar. Biz bunları ifşa etməliyik ki, bunlar kimlərin adlarını sanksiya siyahısına salıblar və onları haradan tanıyırlar?
Bu gün insan hüquqları dünyada beynəlxalq hüququn prinsipi deyil, ayrı-ayrı dövlətlərin digər dövlətlərə qarşı öz məkrli niyyətlərini həyata keçirmək üçün əllərində alətə çevrilib. İnsan hüquqları ilə bağlı bu və ya digər formada Azərbaycan haqqında qərarlar qəbul edilir, sanksiyalar tətbiq edilməsi təklif edilir”.
Deputat onu da bildirib ki, həmin sanksiyalar heç bir əhəmiyyət daşımır:
“O insanlara qarşı bu addımlar atılır ki, onlar Şuşanın alınmasında canıyla, qanıyla iştirak ediblər. Ermənilərin intiqamını onlardan indi də belə almağa çalışırlar. Bu gün Azərbaycanı xəritədə tapa bilməyən Amerika konqresmeni, Fransada anasını, atasını tanımayan deputatlar Azərbaycanda hansısa hakimlərin adını bilir, onlara sanksiya tətbiq edilməsini tələb edir. Bu gün Azərbaycandan donos verən antimilli şura üzvləri, tiktoker Əli Kərimli özlərinin toyuq oğrularını siyasi məhbus kimi sırımağa çalışırlar. Digər tərəfdən, xaricdən maliyyə alıb Azərbaycan əleyhinə iş aparan jurnalistlər Azərbaycan dövlətinə qarşı qarayaxma ilə məşğuldur”.
E.Paşasoy,
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ