Onlayn ictimai-siyasi qəzet
“Siz bilirsiniz ki, mənim atam kimdir?”
Bu sözləri aldığı məhsuldan şikayət edən müştəriyə cavab olaraq deyiblər.
Bəli, düz eşitdiniz. Məhsuldan edilən şikayətə verilən cavabdır.
Vətəndaşın şikayəti “elitemen_az” və “garderobcik.az” instaqram səhifəsi vasitəsilə elektron ticarətlə məşğul olanlardandır. Özlərinin dediyinə görə, bu səhifə daha çox bahalı markaların outlet mallarını təklif edir.
Musavat.com-a müraciət edən vətəndaş bildirib ki, adı çəkilən səhifədən “BOSS” markasına məxsus ayaqqabı sifariş edib.
Sifarişdən əvvəl müştəri aldığı məhsulun həqiqətən də orijinal olub-olmamasını dəqiqləşdirmək üçün səhifə ilə əlaqə saxlayıb. Müştərini əmin ediblər ki, sifariş edilən məhsul orijinaldır və məhz Avropa şəhərlərində outlet mağazalardan alınır.
Buna inan müştəri məhsulu sifariş verib və ilkin olaraq da ödənişin 50 faizini edib. Məhsul Bakıya çatanda isə qalan məbləği ödəyib məhsulu alan müştəri tam fərqli mənzərə ilə rastlaşıb. Məhsul nə orijinal olub, nə də fotoda olanla eyni.
“Məhsulun etiketləri və bağlamadakı sənədlər Çin dilində yazılıb. Orijinallıqdan da söhbət gedə bilməz. Bildiyimiz, yeraltı bazarlarda gördüyümüz Çin məhsullarından biridir. Hətta məhsulun üzərindəki “BOSS” etiketinin bir hissəsi görünmürdü. Bizim səhifədə görüb, sifariş verdiyimiz ayaqqabı ilə də fərqli bir şey idi”, - deyən müştərinin şikayəti tək məhsuldan yox, həm də sifarişi çatdıran səhifənin narazılığa verdiyi cavabdandır.
Müştəri sifariş etdiyi məhsuldan narazılığını bildirdikdə verilən reaksiya maraqlı olub:
“Onlayn məhsul sifariş verəndə bu cür problemlərlə rastlaşmaq olar. Lakin problemin həlli hər zaman müştərinin xeyrinə həll edilməlidir. Amma aldığımız cavab belə oldu ki, biz problemli müştəriyik, hətda xəstəyik. Xanım dedi ki, onu çox narahat edirik.
Telefonda müştərinin suallarını cavablandıran xanım səhifəni şəxsən özünün idarə etdiyini və cavabdeh şəxs olduğunu söyləyib. Müştərinin şikayəti və çoxsaylı suallarından bezən xanım “Siz bilirsiniz, mənim atam kimdir? Atama desəm, bilirsiniz sizə nə edrə?” deyərək narahat edilməməsini tələb edib.
Şikayətlərinin nəzərə alınmasını tələb edən müştəri xanımdan rəhbərlikdən kiminləsə danışmaq istədiyini bildirəndə xanım satıcı rəhbər özü olduğunu deyib. Atasının mobil telefonunu da vermək istəmədiyini bildirib:
“Xanımdan atasının mobil nömrəsini istədik ki, şikayətimizi ona edək. Bəlkə atası bu problemi dinləyər və əlac edər. Amma xanım nömrəni vermədi və onu narahat etməməyimizi istədi. Sonra da bizi bloka atdı”.
Müştəri onu da qeyd edib ki, o, məhsulu qaytarıb və ödədiyi pulunu geri ala bilib. Lakin ailə üzvü olan digər müştəri etdiyi sifarişləri ləğv edib, pulunun qaytarılmasını istəsə də, ona bunun mümkün olmadığı bildirilib.
Belə olan halda vətəndaş üzləşdiyi problemin həllinə necə nail olmalıdır?
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Musavat.com-a açıqlamasında deyib ki, Azərbaycanda hökumətin istehlakçılarla bağlı siyasəti bərbad vəziyyətdədir:
“İstehlakçıların hüquqlarının qorunması, elektron ticarətlə bağlı qanunlar qəbul olunub. Lakin qanunu icra edən dövlət qurumu heç bir iş görmür. Vətəndaş bunu bilməlidir. Hökumətin birtərəfli- biznesin inikşafı siyasəti ona gətirib çıxarıb ki, hər gün onlarla, yüzlərlə şikayətlər yaranır. Şikayətlər onlayn ticarətdəndir. Lakin onların şikayətlərinin həllinə nail olmaq olmur. İstehlakçıların hüquqları var. Amma hüquqlarının qorunması təmin edilmir. Bizə müraciət edən vətəndaşlara kömək etməyə çalışırıq. Hazırda onlayn alış-verişdən narazılıq, şikayətlər geniş vüsət alıb”.
Qanunda bu hallara qarşı hansı tədbirlər nəzərdə tutulur?
Vəkil Sadiq Əfəndiyev Musavat.com-a açıqlamasında bildirib ki, vətəndaş narazıdırsa, məhsul qaytarılmalıdır və ya yenisi ilə dəyişdirilməlidir:
“Problem müştərinin xeyrinə həll edilməlidir. Əlavə xərclər çıxacaqsa, bu da sifarişi icra edən səhifə, mağaza tərəfindən qarşılanmalıdır. Bu, mülki qanunverciliklə tənzimlənməlidir. Sifarişçinin məhsulu qaytarmaq hüququ var. Lakin rəsmi şirkətlərdən alınanda müqavilə şərtləri olur. Rəsmi olmayan səhifələrdən sifarişlər ediləndə sifarişçi hüquqlarının bərpasında çətinlik çəkir.
Müştəri məhsulu aldığını sübut etməlidir. Sonra da sifariş verdiyi məhsulla, əldə etdiyi məhsulun fərqini müşahidə edirsə, qarşı tərəfə qarşı iddia qaldıra bilər”.
İlkin Muradov
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ