İnsanlara hürriyət, millətlərə istiqlal!

At-eşşək ətinin satışına son? - yeni tələb gəlir

İstehlakçılar artıq yalançı möhürlərdən xilas olmaq istəyirlər; yeni qərar qiymətə artırıcı təsir göstərə bilər 

Azərbaycanda ekspert qiymətləndirmələri əsasında ət məhsullarının icbari markalanması tətbiq ediləcək. Müvafiq sərəncamı baş nazir Əli Əsədov imzalayıb. 

Sərəncamda həmin ət məhsullarının satışına icazə verən ekspertiza rəyinin verilməsi qaydalarına dəyişiklik edilib. Bundan sonra hər hansı ət məhsullarının baytarlıq ştampları və markaları ilə etiketlənməsi ekspert rəyi əsasında məcburi olacaq. Qiymətləndirməni müəssisə və təşkilatların baytarlıq, istehsalat, nəzarət idarələrində çalışan və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçmiş mütəxəssislər həyata keçirəcəklər. 

Eyyub Hüseynov koronavirusa yoluxdu | Modern.az

Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, insanların baytarlara inamı illər öncə yox olub: “İllərlə möhürləri baytarlar yox, qəssablar özləri vurublar. İstehlakçılar artıq yalançı möhürlərdən xilas olmaq istəyirlər. Yeni qərardan sonra möhürlənmə dövlət orqanları tərəfindən aparılacaq. Düşünürəm ki, bu qərar küçələrdə ət kəsimi ilə bağlı mənfi halların, küçədə ət kəsiminin qarşısını ala bilər. Əgər möhürlənmə pulludursa, bu, ətlərin qiymətinə də təsir göstərə bilər. Möhürlər mərkəzləşdirilmiş qaydada kəsilən yerlərdə vurulacaq. Qəssablar kəsim yerləri üçün pul ödəyirlər. Nazirlər Kabinetinin 2014-cü ildə qəbul edilmiş 94 saylı qərarı da həyata keçirilərsə, biz ətləri yalnız dükanlarda qablaşdırılmış şəkildə görəcəyik. Həmin qərara görə, əmtəə bazarında satılan bütün mallar qablaşdırılmalıdır, üstündə buraxılma tarixi, son yararlılıq müddəti, hansı təsərrüfatda kəsilməsi göstərilməlidir. Lakin satışda bu qaydalara əməl edilərək satılan çox cüzi miqdarda ət var. Buna görə də istehlakçılar küçə ətlərinə üstünlük verirlər. Hazırda ölkədə dabaq xəstəliyi yayılıb. Əhali təhlükəli ətlərin onların evlərinə gəlib çıxa biləcəyindən xəbərsizdir. Ölkədə "leş mafiyası" 20 ildir ki, mövcuddur. Bu sahədə ən uğurlu işi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi gördü, 8 il öncə “Leş Tofiq”i və onun rəhbərlik etdiyi mütəşəkkil dəstənin üzvlərini ifşa etdi. DİN başqa qurumlardan fərqli olaraq, cərimə edib buraxmır, cinayət işi qaldırırlar, həbslər həyata keçirirlər. Təəssüf ki, satışda hələ də murdar ətlər var. Yeni qərardan sonra da murdar ətlərin satılacağını düşünürəm, möhürlənmiş ətlərin arasında satılma ehtimalı yox deyil. Əgər ictimai nəzarət güclü olarsa, bəlkə də murdar ətlərin satışının qarşısı alına bilər. Onu da qeyd edim ki, ölkədə heç bir ətin satışına qadağa yoxdur. Düşünürəm ki, ənənəvi olmayan heyvan ətlərinin satışı qadağan olunmalıdır. Qanunvericiliyə əsasən, satışda olan ətlərin üstündə yalnız tərkibi yazılmalıdır, lakin o əti də qarışdırıb satmaq olar. Hər bir halda hesab edirəm ki, yeni qərar ətin keyfiyyətinin yaxşılaşmasına və insanların təhlükəsiz ətdən istifadəsinə yol açacaq". 

Xalid Kərimli: Bu Naxçıvan üçün çox uğurlu mode...

Xalid Kərimli

İqtisadçı Xalid Kərimli hesab edir ki, yeni qərardan sonra murdar ətlərin, at-eşşək ətlərinin satışına son qoyulmayacaq. O, “Yeni Müsavat”a şərhində bildirdi ki, sözügedən qərar olmayanda da murdar ətlərin satışı qadağan idi: “Düşünürəm ki, bu qərar ət məhsullarının keyfiyyətinə heç bir təsir göstərməyəcək. Ətin qiymətinə gəlincə, bu qərar qiymətə artırıcı təsir göstərə bilər, çünki ətlərin möhürlənməsi sahibkarlar üçün müəyyən qədər artıq xərc deməkdir. Ümumiyyətlə,  bürokratik əngəllərlə inzibati problemlər sahibkarların işlərini çətinə salır. Markalanmamış məhsulların bazara çıxarılmaması bazara daha az məhsulun çıxmasına, yaxud müstəqillikdən əvvəlki illərdə olduğu kimi, əlaltından satışa  gətirib çıxara bilər”. 

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də bu günlərdə  ətin bahalaşmasına dair mətbuata açıqlama verib. Bildirilib ki, Azərbaycanda ətin qiyməti tənzimlənmədiyindən sahibkarlar qiymətləri sərbəst müəyyən edə bilərlər: “Müştərilər məhsulların arasından qiyməti və istehlak xassələri uyğun olan malı öz ehtiyacına görə seçərək ala bilər. Agentlik iri və xırdabuynuzlu heyvan əti bazarında konsentrasiya səviyyəsinin və təchizat zəncirinin mərhələləri üzrə qiymət əmələgəlmə mexanizminin müəyyənləşdirilməsi məqsədilə mütəmadi araşdırmalar aparır. Təhlil nəticəsində müvafiq bazarda bazarın rəqabət vəziyyətinə mənfi təsir edən amillər, o cümlədən hökmran mövqedən və bazar gücündən sui-istifadə, rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlər təsbit edilməyib, müvafiq bazarın çoxiştirakçılı və rəqabətli bazar strukturuna sahib olduğu müəyyən edilib. Müvafiq bazarda qiymətlərin dinamikasına təsir edən bir sıra amillər mövcuddur. Bunlara mövsümi faktorlar, tələbin anidən artması, yem qiymətlərində müşahidə olunan dəyişikliklər, örüş-otlaq sahələrinin azalması, ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi və təklifin azalması, iri və xırdabuynuzlu heyvan sayında azalma və s. aid edilə bilər. Tələb-təklif balansının dəyişməsi isə təchizat zəncirinin son mərhələsində qiymət dəyişikliyinə təsir edir. 

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda bütün növ ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 83,4% təşkil edib. Bu göstərici 2023-cü illə müqayisədə 1.9 faiz bəndi azalıb. 

“APA-Economics”in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, hesabat dövründə mal əti və ət məhsulları üzrə göstərici 88,5% olub. Bu isə əvvəlki ilin nəticəsindən (88,4%) 0,1 faiz bəndi çoxdur. 

Ən ciddi azalma quş əti üzrə qeydə alınıb. Belə ki, 2024-cü ildə göstərici 76,6% təşkil edib ki, bu da 2023-cü ildəki 81,7%-lə müqayisədə 5,1 faiz bəndi aşağıdır. Balıq və balıq məhsullarında isə artım müşahidə olunub - 2024-cü ildə 77,3%, əvvəlki il isə 75,4% idi (artım 1,9 faiz bəndi). 

Qeyd edək ki, bu dövrdə qoyun və keçi əti üzrə özünütəminetmə səviyyəsi 96,5%-ə yüksəlib (2023-cü ildə - 94,9%). 

Ötən il ölkədə ət istehsalı 386 min 323 ton, idxalı isə 78 min 453 ton təşkil edib. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2025

05 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR