Onlayn ictimai-siyasi qəzet
“AŞPA-nın bu addımı ilk və son deyil. Bu məsələlərdə müxtəlif siyasi bəhanələr gətirilə bilər. Amma heç kimə sirr deyil ki, Azərbaycanla Qərbin münasibətlərinin kəskinləşməsinin əsas səbəbi dövlətimizin ərazi bütövlüyünü bərpa etdikdən sonra yürütdüyü siyasətlə bağlıdır”.
Bu fikirləri Musavat.com-a Ağ Partiya başqanı TurAbbaslıal bildirib.
O əlavə edib ki, bu, əsasən Zəngəzur dəhlizinin açılmasını tələb etməsi, Qarabağın statusunun birdəfəlik ləğv olunması, Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişaf etməsi və Azərbaycanın regionda, ümumiyyətlə, dünyada əvvəlkindən daha müstəqil siyasət yürütməsi ilə bağlıdır. Qərb eyni zamanda, Cənubi Qafqazda özünün daha səmimi, daha etibarlı hesab etdiyi müttəfiqi olan Ermənistana görə bizim üzərimizə gəlir. Sirr deyil, Fransa prezidenti özü də etiraf etmişdi ki, Qarabağın mövqeyini Paşinyandan daha çox qoruyub. Bu da siyasətin tərkib hissəsidir. Birdən-birə Avropa Şurasının yadına düşür ki, Azərbaycanda siyasi məhbuslar var, Azərbaycanda media azadlığı və digər çatışmazlıqlar var?! Bunların hamısı bəhanədir. Bunların əsas səbəbi ermənilərin Qarabağdan “zorla köçürülməsidir”. Halbuki hər kəsə məlumdur ki, ermənilər könüllü şəkildə Qarabağı tərk ediblər. Çünki yaşamaq istəmirdilər. Amma həmin AŞPA 30 il ərzində bir dəfə də olsun Ermənistanı qınamadı. Dolayısı ilə ikili, üçlü standartlar davam edir”.
Tural Abbaslı əlavə edib ki, Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin addımını müsbət qiymətləndirir: “Azərbaycanın duruşu dik olmalıdır. Bu, iqtidar məsələsi də deyil. Daxildə bunu Avropa Şurasının iqtidara münasibəti kimi təqdim etməyə çalışırlar. Bu, belə deyil. Bu, əslində Azərbaycana sərgilənən münasibətdir. Bu, Azərbaycanın dövlət maraqlarına qarşı nümayiş etdirilən davranışdır. Biz də dövlət maraqlarını hər şeydən üstün tutmalıyıq. Yəni Avropa öz iç üzünü əvvəlki kimi nümayiş etdirdi. Azərbaycan da haqlı mövqeyindən çəkinməli deyil. Ermənistan və onun havadarlarına güzəşt etməli deyil. Biz də, Ağ Partiya olaraq həmişə Azərbaycanın dövlət maraqları və dövlətçiliyin yanında olmuşuq, olacağıq”.
Afaq Mirayiq,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ