Onlayn ictimai-siyasi qəzet
Avropa Şurası Nazirlər Komitəsinin hazırkı sədrindən önəmli mesajlar
Yanvarın 27-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası başlayıb. Teodor Russopulos yenidən AŞ PA-nın prezidenti vəzifəsinə seçilib. Erməni Arusyak Julhakyan qurumun vitse-prezidenti vəzifəsinə təsdiqlənib.
Müzakirə olunması gözlənilən məsələlər arasında bir il əvvəl səs hüququndan məhrum edilmiş Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin aqibəti məsələsi də var. Məlumdur ki, (AŞ PA) ötən il yanvarın 24-də Azərbaycan nümayəndə heyətinin 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib.
Qərar dörd əsas səbəbə əsaslanaraq Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması şəklində qəbul edilib. Bu səbəblər arasında 2023-cü ildə Azərbaycanın AŞ PA məruzəçilərinin Laçın dəhlizinə daxil olmasına icazə verməməsi, insan hüquqlarının pozulmasının davam etməsi, siyasi məhbusların sayının artması və AŞ PA-nı 7 fevral prezident seçkilərini qiymətləndirməyə dəvət etməkdən imtinası vardı. Sənədin 76 deputat lehinə, 10 deputat əleyhinə səs verib, 4 deputat bitərəf qalıb. Yalnız Ukrayna və Türkiyənin nümayəndələri Azərbaycanı dəstəkləyib, qətnamənin əleyhinə çıxış ediblər.
Yanvarın 27-də Avropa Şurası Nazirlər Komitəsinin hazırkı sədri, Lüksemburqun xarici işlər naziri Ksavye Bettel Avropa Şurasının fəaliyyət planı çərçivəsində Azərbaycanla əməkdaşlığın bərpasından məmnunluğunu bildirib.
“Nazirlər Komitəsi Assambleyanın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini tanımamaq barədə qərarından sonra dayandırılmış Azərbaycan üzrə fəaliyyət planı çərçivəsində əməkdaşlığın bərpasını alqışlayır”, - o, Avropa Şurası Parlament Assambleyasının Strasburq sessiyasında çıxış edərkən bildirib.
“Biz dialoq üçün platforma olaraq qalmalıyıq və ümid edirik ki, Assambleya və Azərbaycan parlament nümayəndə heyətləri tezliklə əlaqələrin bərpası üçün ümumi dil tapacaqlar”, - Bettel əlavə edib.
“Azərbaycanı AŞ PA-dan uzaqlaşdırmaq yanlış qərar idi”. “Report”un Fransa bürosu xəbər verir ki, qış sessiyası zamanı Macarıstandan olan deputat Nemeth Zsolt deyib. Deputat bildirib ki, üzv dövlətləri itirmək AŞ PA-nın maraqlarına cavab vermir. “Bu gün Gürcüstanın nümayəndə heyətinin qurumdakı iştirakını məhdudlaşdırmağı müzakirə edirik. AŞ PA apardığı siyasətə yenidən baxmalıdır. Bundan əvvəl də Azərbaycanın nümayəndə heyəti qurumdan uzaqlaşdırıldı. Bu, yanlış verilmiş bir qərar idi. Biz üzv dövlətləri itirmək əvəzinə, onlarla danışıqları davam etdirməliyik”, - o qeyd edib.
Vüqar İskəndərov
Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Avropa institutları bir növ xristian klubuna dönüb: “Həm Avropa Şurası Parlament Assambleyası, həm Avropa İttifaqı, həm də Avropa Parlamenti özlərinin yürütdüyü xarici siyasətdə bunu açıq-aşkar büruzə verirlər”.
Deputat gərginliyin çıxış yollarını da göstərib: “2024-cü ildə qəbul olunmuş qərarlar, qanunların hər biri öz qanuni qüvvəsini itirməli, onun əsassız olduğu bildirilməli və Azərbaycan tərəfi rəsmi şəkildə AŞ PA-nın iclasına dəvət edilməlidir. Bütün qeyd etdiyimiz nüanslar hələlik mövcud deyil. Bu səbəbdən Azərbaycan nümayəndə heyəti AŞ PA-da təmsil olunmayacaq. Təbii olaraq, əgər hansısa fraksiyalar və deputatlar Azərbaycan nümayəndə heyətinin budəfəki iclaslarda iştirakını, təmsilçiliyi məsələsini qaldırsalar, müzakirələr ola bilər. Əsasən burada siyasi qərarın verilməsi vacibdir. AŞ PA bu siyasi iradəni göstərməlidir, Azərbaycana münasibətdə haqsız mövqeyini bildirməlidir və rəsmi olaraq Azərbaycanı AŞ PA-ya dəvət etməlidir”.
Hikmət Babaoğlu
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu “Turan”a bildirib ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin mandatının ləğv olunması təşəbbüsü heç bir halda nə AŞ PA-nın nizamnaməsi, nə də insan hüquqları ilə bağlı deyil: “Bu, Azərbaycana qarşı təzyiq məsələsidir və Qərbin bir sıra islamofob mərkəzləri tərəfindən idarə olunur”.
Azərbaycanın AŞ PA-da mövcud olub-olmaması məsələsinə gəldikdə, komitə üzvünün fikrincə, belə bir təşkilat varsa, Azərbaycan bu təşkilatla əməkdaşlıq etməyə daima hazırdır və həmişə də hazır olacaq: “Əgər insan hüquqları ilə bağlı Avropa məkanında məsələlərin bir növ koordinatoru rolunda çıxış edən bu təşkilat səmimi olarsa, Azərbaycan onunla əməkdaşlığa həmişə maraqlıdır. Amma məsələ ondadır ki, insan hüquqları Azərbaycan üçün AŞ PA-nın məsələsi deyil, insan hüquqların qorunması Azərbaycan üçün konstitusion məsələdir. Bizim Konstitusiyamızda AŞPA-lı da, AŞPA-sız da insan və vətəndaş hüquqlarını qorumaq norma kimi göstərilib. Ona görə də bizim AŞ PA-da olub-olmadığımız insan hüquqlarında heç bir rol oynamayacaq”.
Şəhla Cəlilza
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə isə məsələyə “Yeni Müsavat”da belə şərh verib: “Aydındır ki, Gürcüstan azad xarici siyasətinə görə Avropa siyasi elitası tərəfindən cəzalandırılır. Bu, birmənalıdır. Artıq Gürcüstan dövlət rəsmiləri üçün Avropaya vizasız səyahət rejimi də ləğv olundu. Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili ölkəsi üçün Avropa istiqamətində tarixi proseslərin yaşandığı bu günlərdə Macarıstanda səfərdə idi. Ölkənin parlament nümayəndə heyətinin ilk rəsmi səfərinin Avropa ölkəsinə olması, həmçinin bu səfərin AŞ PA-nın 2025-ci ildəki qış sessiyasının başlanması ilə eyni günlərə "təsadüf etməsi" simvolikdir. Yəni gürcü xalqının Avropa arzusu, Qərb xəyalı hələ də yaşayır. Sadəcə olaraq, onlar real siyasət aparırlar. Çünki Avro və NATO-inteqrasiya siyasətlərinin nə ilə nəticələndiyini 2008-ci ildə acı şəkildə yaşayıblar. Avropa 2008-ci ildə etdiyi kimi, indi də Ukraynada yaşanan dəhşətli müharibə fonunda Gürcüstana heç bir təhlükəsizlik təminatı verə bilməz. Odur ki, Gürcüstan Rusiya ilə münasibətlərin normallaşması və eyni zamanda Avrointeqrasiya prosesinin 2028-ci ilədək təxirə salınması ilə orta yolu seçmək qərarı aldı. Bu, həm də Avropa siyasətçilərinin qeyri-legitim, qeyri-hüquqi davranışlarına bir dövlət reaksiyası idi. Aİ-nin 8 dövlətinin (Almaniya, Fransa, Polşa, Litva, Latviya, Estoniya, İsveç, Finlandiya) parlament rəsmiləri Tiflisə gəlib eks-prezident Zurabişvili ilə birgə insanları inqilaba səsləyəndə, 13 xarici işlər naziri gürcü xalqına birgə müraciət ünvanlayanda, orada ikinci “Maydan”ı formalaşdırmağa və Gürcüstanı yeni regional savaşın və böhranın içərisinə çəkməyə çalışanda qətiyyən gürcü xalqının maraqları barədə düşünmürdülər axı. Gürcü xalqı Avropaya inteqrasiyanı vətəndaş müharibəsi, xarici müdaxilə və qanda boğulmaq olaraq xəyal etmir. Odur ki, Aİ azad birlik olaraq üzv və üzv olmaq istəyən dövlətlərin milli maraqlarına, legitim seçimlərinə hörmətlə yanaşdığı müddətcə öz dəyərlərini qoruya bilər. Hazırda isə biz bu dəyərlərin deqradasiyasını görürük. Azərbaycan nümayəndə heyətinin də növbəti il üçün fəaliyyətinin dondurulması qərarının qüvvədə qalacağını ehtimal edə bilərik. Həm Gürcüstan, həm də Azərbaycan barədə müzakirə və yekun qərar 29 yanvar tarixində veriləcək. Bu fonda biz həm Gürcüstan, həm Azərbaycanın Avropanın ayrı-ayrı dövlətləri ilə strateji sazişlər imzaladığını, dünyanın müxtəlif ölkələri ilə əməkdaşlığın dərinləşdirildiyini görürük. Həm Azərbaycan, həm də Gürcüstanın Şərq-Qərb dəhlizi üzrə Çinlə artan iqtisadi əməkdaşlığı, Şimal-Cənub dəhlizinin inkişaf etdirilməsi üçün isə AŞ PA sessiyası ilə yenə eyni günlərə təsadüf edən vaxtda Gürcüstanın BƏƏ-dən 6 milyard dollar investisiya sazişini qazanması onu göstərir ki, Cənubi Qafqaz ölkələri, o cümlədən bu regionda marağı olan qonşu dövlətlər, həmçinin Çin regionu Qərb maraqlarının diqtə olunduğu coğrafiya olmağa imkan verməyəcəklər".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
25 Fevral 2025
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ