Onlayn ictimai-siyasi qəzet
Astananın Xüsusi İstintaq Məhkəməsi Kuandık Bişimbayev barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilməsinə qərar verib.
Musavat.com xəbər verir ki, bu barədə "Radio Azattık" ("Azadlıq" radiosunun Qazaxıstan bölümü) məlumat yayıb.
Astana Polis İdarəsi Cinayət Məcəlləsinin 99-cu maddəsinin 1-ci hissəsi ilə cinayət işi açıb. Bu maddəyə əsasən, Bişimbayevi 15 ilə qədər həbs gözləyir.
Bişimbayev həyat yoldaşı Səltənət Nukenovanı qətlə yetirməkdə şübhəli bilinir. 31 yaşlı qadın şiddətli döyülmə nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, Kuandık Bişimbayev Qazaxıstanın keçmiş iqtisadiyyat naziridir. Sabiq nazir 2018-ci ilin martında korrupsiya ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. O, Qızılordada şüşə zavodunun tikintisinə ayrılan vəsaitdən bir milyard tenge (təxminən 2 milyon 150 min ABŞ dolları) oğurlamaqda ittiham olunub. 2019-cu ilin oktyabrında Bişimbayev şərti olaraq həbsdən azad edilib.
BMT-nin məlumatına görə, Qazaxıstanda hər il 400-ə yaxın qadın ərlərinin və partnyorlarının əli ilə öldürülür.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ