İnsanlara hürriyət, millətlərə istiqlal!

“Artsax”ı Rusiya dirildəcək? - ermənilər Ukraynada Qərbə məğlubiyyət arzulayır ki...

Revanşistlər və separatçılar ümid edir ki, Putin NATO üzərində qələbə qazansa, Moskva Bakıdan ermənilərin Qarabağa qayıdışını tələb edəcək: amma yuxularında görəcəklər...

Ermənistandakı revanşist çevrələr ümidlərini indi də Rusiyanın Ukraynadakı “qələbəsinə” bağlayıblar. Guya Qərb (NATO)-Rusiya qarşıdurmasından qalib ayrılan Moskva Güney Qafqazda ermənilərin xeyrinə ciddi addımlar atmağa başlayacaq. Erməni siyasi texnoloq Armen Badalyan bu xüsusda yazır: 

“ABŞ-ın maliyyə və hərbi-texniki yardımı olmadan Ukrayna cəmi bir neçə ay tab gətirə bilər. Artıq başlayan seçki kampaniyası fonunda isə yardımın kəsilmə ehtimalı yüksəkdir. Bu gün Ukraynanın öhdəsindəki hərbi potensial məhz bu qədər vaxta kifayət edəcək. Mərmilər, sadəcə, tükənəcək və rus ordusu irəliləyəcək. ABŞ-da prezident seçkisi noyabrda nəzərdə tutulsa da, seçki kampaniyası davam edir. Bu isə o deməkdir ki, tezliklə demokratlar (Bayden də Demokrat Partiyasındandır - red.) Ukrayna hayında olmayacaqlar”. Onun sözlərinə görə, Rusiyanın Ukraynadakı hərbi uğurları NATO üzərində qələbəsi demək olacaq və belə bir Rusiya ilə danışmaq hər kəs üçün çətin olacaq. 

“Bu vəziyyət şübhəsiz ki, Moskvanın Güney Qafqaz siyasətinə də təsir göstərəcək. "Artsax" məsələsi çoxlarının düşündüyü kimi, heç də bağlanmayıb. Buna sübut kimi Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Suriya və Qarabağda sülhün Rusiya ordusu tərəfindən təmin olunduğu barədə az öncəki açıqlamasını göstərmək olar. Şoyqunun Suriya və “artsax”ı eyni kontekstdə xatırlatması təsadüfi deyil və Moskva üçün onların əhəmiyyətini nümayiş etdirir. İnanıram ki, Ukraynada NATO üzərində qələbə olarsa, Moskva Bakıdan “artsax xalqı”nın öz vətəninə qayıtmasını təmin etməyi tələb edəcək. Üstəlik, həm “artsax”, həm də Laçın və Karvaçar (Kəlbəcər - red.) üçün xüsusi status şərti ilə. Və heç bir Türkiyə bu işdə Bakıya kömək edə bilməyəcək, çünki çoxları qalib Rusiyanın yanında dayanacaq. İlk növbədə də Çin və İran", - deyə erməni texnoloq “çəhrayı” arzularını dilə gətirib. Göründüyü kimi, Ermənistanda nəinki mifik “artsax”, hətta Laçın və Kəlbəcər üçün hansısa xüsusi statusu xəyal edənlər var - təbii ki, rusun əli ilə. Amma ermənilərin bu gözləntisinə hər hansı əsas varmı? Rusiya “val”ı dəyişə bilərmi? Ukraynada onun qələbəsi Cənubi Qafqaza necə təsir edəcək? Doğrudanmı hər şey Rusiyanın Ukrayna cəbhəsində nəticələrindən asılıdır? 

“Badalyan bunu yuxusunda görər. Qarabağda separatizmin kökünü kəsmişik və heç bir xarici qüvvə ərazilərimizdə yenidən bu toxumları səpə bilməz. Sadəcə, öz arzuları ilə danışan ermənilər var və onlara elə gəlir ki, Ukrayna müharibəsi bizim taleyimizi həll edir. Əvvəla, Azərbaycan Rusiya ilə yaxşı münasibətlərə malikdir, bir etimad mühiti formalaşıb, ikincisi, prezidentlər səviyyəsində şəxsi əlaqələr möhkəmdir, etibar var, Bakı Moskvanın əleyhinə strateji siyasət yürütmür, bax, buna görə hətta Rusiya bütün Ukraynanı götürsə, yenə Qarabağda hansısa separatizm başlatmayacaq”, - bu sözləri prezidentliyə namizədliyi irəli sürülən Fuad Əliyev “Yeni Müsavat”a bildirdi. Onun sözlərinə görə, Ukrayna böhranı uzun müddət davam edəcək və oradakı hadisələrin gedişatı Cənubi Qafqaza böyük ölçüdə təsir etməyəcək. F.Əliyev hesab edir ki, Xankəndidə separatçıların liderləri olmuş şəxslər həbsdədir, bundan sonra heç bir erməni separatçısı Laçın postuna yaxınlaşmağa cürət etməz: “Kim gəlib "artsax" ideyası uğrunda mübarizə aparacaq? Sonuncu gələn Vardanyan idi, milyardları da əlində, indi istintaq təcridxanasındadır. Əgər belə bir şəxs həbs olunubsa, sizcə, hansı separatçı erməni Xankəndinə gəlməyə cəhd edər? Yəni məsələnin həm pratiki, həm siyasi tərəfindən baxanda mümkün görünmür. Hətta Rusiya belə bir fikrə düşsə də, onu reallaşdırmaq imkanı yoxdur. Hazırda sülh danışıqları gedir və nə İrəvanın, nə Moskvanın gündəliyində “artsax” mövzusu haqda danışılmır. Ermənilərin qayıdışı məsələsi vaxtaşırı dilə gətirilir, onun da şərtlərini Azərbaycan rəsmi şəkildə açıqlayıb. Onsuz da ermənilər də qayıtmaq niyyətində deyillər. Məncə, Badalyan kimilər Qarabağdan köçmüş ermənilərn “başının altına yastıq qoyur” və onlara ümid verirlər". 

Emil SALAMOĞLU 
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR