Onlayn ictimai-siyasi qəzet
Sizi bilmirəm, erməni hərbçilərin sərhəddəki səngərimizə məktublu pisik göndərməsi mənə çox gülməli göründü.
Düzdür, məktubda söyüş və təhqiramiz rəsm var, amma düşmənin bu hala düşməsi ləzzət elədi.
Bu, acizliyin, çarəsizliyin, məğlubluğun, lap açığı, zorlanmışlıq sindromunun göstəricisidir, əziz soydaşlar. 44+1 günlük vurhavurdan sonra onların əlindən gələn budur: çəpərin o tərəfində, divarında dalında durub söyüş söymək...
Vaxt vardı, bizim üçün əziz günlərdə onlar Şuşada, Xankəndidə yeyib-içib şellənir, təmas xətlərindəki blindajlarında “Kalaşnikov”larını götürür, “ara, davay aziklərin bayramını təbrik edək” deyərək, hırıldaşa-hırıldaşa bizə tərəf işıqsaçan güllələr yağdırırdılar. İndi pişiyə qoyun şəkli çəkilmiş kağız bağlayıb göndərirlər. Yazıqlar...
Bu, bizə ünvanlanan “qoyun” təzəyini onlardan qabaq da yeyənlər olub və zamanında bu ifadəyə cırnamışıq, biz də çönüb onu deyənlərə “donuz”, “ayı”, “çaqqal” kimi epitetlər yapışdırmışıq. Bu, türkün sözü, mazilərdə qalan söhbətdir, artıq belə sataşmalara cırnamalı deyilik.
Erməni də bilir ki, noyabrın dumanlı, yağışlı, soyuq günlərində sıldırım qayalardan Şuşaya dırmaşmaq canavar işiydi. Əsl qoyunlar isə o zaman cəmdəyi Şuşaya qalxan və enən yollarda qalanlar idi. Necə boğazlandıqlarını bilməmişdilər. İndi bir dılğır erməni məğlubiyyət acısıyla bir qələt edirsə, bu, bizdə yalnız və yalnız gülüş doğura bilər.
Ancaq özlüyündə bu, bir əlamətdir. Mağmın günə qalmış düşmən bu gün səngərimizə məktub göndərir, daş atırsa, sabah güllə atacaq. Onlar həmişə belə edirlər, əvvəlcə sözlə sataşırlar, ağızlarının üstünə şillə aldılarsa, quzuya dönürlər, almadılarsa, şirə cuman çaqqal sürüsü kimi sağdan-soldan təpilirlər. Əldə 200 illik təcrübə var.
Bir şeyi dəqiq bilməliyik ki, onlar 2225-ci ildə, yəni 200 ildən sonra da belə edəcəklər, gücləri çatsa, bizi qırmaq istəyəcəklər, çatmasa, Elman Nəsirovun sözü olmasın, səngərdə əyilə-əyilə gəzəcək, hərdən başlarını qaldırıb söyəcək, sonra yenə tülkü kimi torpağa sinəcəklər.
1992-ci ilin yayında Qarabağda döyüşlər qızışanda döyüşçü dostlarımız yaranmış fasilədən istifadə edərək yarım günlüyə kəndə gəlir, çayxanada müharibə söhbətləri edirdilər. Danışırdılar ki, hər gün atışma gedir, ara sakitləşəndə isə ratsiya ilə söyüşürük. Uşaqlardan birinin dediyinə görə, Edilli-Tuğ tərəfdəki erməni hərbi hissəsində bir söyüşçü erməni olub, atışma səngiyən kimi, ratsiyanı götürür, bizə söyüş yağdırırmış. Vələdüzina bizim dili yaxşı bilirmiş deyə söz çatdırmaq olmurmuş. Axırda bizdən də bir söyüşçü-döyüşçü tapılıb.
Qardaşlar danışırdı ki, bu uşaq nəfəs almadan yarım saat ərzində söyüş söyməyi bacarır – həm indiyə qədər heç kəsin bilmədiyi söyüşlər söyür, həm də meyxanaçılar demişkən, təkrara yol vermir. Çox istedadlı və yaradıcı gəncdir, deyirdilər, yeni söyüşlər icad edir, çoxmərtəbəli də yox, göydələn söyüşlərlə düşmənin söyüş nöqtələrini susdurur. Erməni Armen o tərəfdə ratsiyanı götürən kimi, bu tərəfdə də Azəri çağırırlar ki, gəl, duet ortağın başlayıb.
Bu söyüşmə təxminən 3 həftə davam edib. Sonra Armen efirə çıxmayıb. Ona görə yox ki, ona güllə və ya qəlpə dəyib, gəbərib. Yox. Sadəcə, gədə efirə çıxmaqdan imtina edib ki, o azəri çox tərbiyəsizdir, etik qaydalara riayət eləmir. Nə etika, a txa? Sən ana söyüşü edəndə bilmirdin ki, Azər də söhbətə Eçmiədzindəki bakirə rahibələri qatacaq?
Müharibədə belə şeylər çox olur. Hamısı qarşılıqlı nifrətdəndir. Ancaq gərək ermənilər bu dörd ildə anlayaydılar ki, döyüşlə əldən verilən mövqeləri söyüşlə geri almaq mümkün deyil. Bir halda ki, döyüş qurtarıb, söyüşə, təhqirə də ehtiyac yoxdur. Bir deyərsən, beş cavab alarsan.
Ancaq belə anlaşılır ki, bizimkilər “qoyun”lu naməyə bu dəfə tələsik cavab verməyiblər, ağır taxtalı davranıblar. Bir baxımdan düz eləyiblər, amma bu işin sonrası da olacaq. Əgər qarşı səngərdən bizim səngərə tərəf daha bir pişik göndərilsə, gərək bizimkilər yazıq heyvana dəyməsinlər, amma pişiyi bizə tərəf göndərəni sağ qulağından sırğa yeri açsınlar (Trampınkından).
Çox qeyri-humanist təklif oldu, bilirəm. Amma yuxarıda dediyim kimi, tarixi təcrübə var. O vaxt Zori Balayanın “Ocaq” kitabını dərhal, respublika hökuməti səviyyəsində söndürsəydik və adamı tələb edib tutdursaydıq, bəlkə də sonrakı hadisələrin çoxu olmazdı. Ermənilər o cür yazılarla, orda-burda dalımızca söyməklə, qarğamaqla nəbzimizi yoxladılar, gördülər ki, puls yoxdur, üstümüzə gəldilər.
Ona görə də biz o tərəfə pişik göndərməli deyilik, namxuda, gözdən iti olan atıcılarımız var, onların pişiyini ağaca dırmaşdırmağı bacararlar.
28 Mart 2025
27 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ