Onlayn ictimai-siyasi qəzet
Bir filoloji müşahidəmi oxucularla bölüşmək istəyirəm: Qarabağda ələ keçirilən, erməni milliyyətindən olan separatçıların Bakıda məhkəməsi gedir və milli jurnalistikamız bu prosesə ad qoymaqda çətinlik çəkir. Məsələn, son 1 həftədə fərqli-fərqli saytlarda, informasiya resurslarında rastlaşdığım ən azı 2 reportaj başlığını sizinlə bölüşürəm: “Vardanyangilin təcridxanadan fotoları”, “Arayikgilin məhkəməsində etiraflar”.
Amma bunlar təsadüfi başlıqlar deyil. Google daha əcaib mənzərəni önümüzə çıxarır. İnanmırsınızsa, “Arayikgil” yazıb axtarışa verin. “Araikgil Bakıda qalacaq”, “Arayikgil məhkəmədə Paşinyanın yalanını üzə çıxardı”, “Arayikgil ailələri ilə danışdı” və sairə.
Tragikomik durumdur. Çünki bizim ana dilimizdə “gil” şəkilçisi nəsil, soykök bildirən milli sonluqdur və yanılmıramsa, yalnız bizə məxsusdur. Necə ermənilərdə “yan”, gürcülərdə “dze”, ruslarda “ov” var. Yeni soyad inqilabı etmək istəsək biz bu “gil” şəkilçisini gözəl şəkildə istifadə edə bilərik, məsələn, Hüseynov olar Hüseyngil, Əliyev olar Əliyevgil və sairə. Onsuz bizdə el arasında nəsilləri, soy ağaclarını elə bu cür də adlandırıblar. “Kimlərdənsən” sualına “Filankəsgillərdən” deyiblər.
Bu baxımdan, erməni separatçılarına “gil” suffiksi yapışdırmaqla onları sanki doğmalaşdırır, əzizləyirik. Yanlış anlaşılmasın, mən “daha belə yazılmasın” demirəm. Sadəcə, müşahidəmi bölüşmək istədim. Dedim bəlkə kiməsə maraqlı olar.
Maraqlı işlərimiz isə çoxdur. Yazdıqca qurtarmır. Dünən mən memarlıq və inşaat üzrə əsas ali məktəbimizin rektorunun intervüsünə rast gəldim və onu oxumağa başlamamış gülməyim tutdu. Nəyə görə? Çünki rektorun kabinetində, müsahibə verərkən arxada yerləşən qurma kitab rəfini gördüm. O rəfi kim düzəldibsə, yüz faiz həmin universitetin məzunudur, çünki rəfdə dizayndan, yaraşıqdan əsər-əlamət yox idi. Əgər əsas memar və inşaat universitetimizin başçısında zövq budursa, başqalarından nə umasan? Bəlkə həm də buna görə müstəqillik dövrümüzdə memarlıq və inşaatı ilə zövq oxşayan, ürək açan, “bu, Azərbaycana məxsusdur!” deyə biləcəyimiz 1 dənə də abırlı bina yoxdur?
Yaramın közünü qoparmışkən... Bir-iki ay qabaq bir tanışla söhbətləşirdik, mövzu harfdansa fırlandı, gəldi Bakının şimal çıxışında tikilən göydələnlər kompleksinin üstünə. Köhnə sakinlərin bəlkə yadında olar, sovet vaxtı orfda mehmanxana tikilirdi, hətta skeleti də hazırlanmışdı, lakin SSRİ dağıldı, o konstruksiyanı da sökdülər və yerində indi beş-altı mənasız, standart “yeşik-binalar” qoyulub. Nəsə, tanış dedi ki, həmin binalarda evlər çox ucuzdur. Guya binaların altından su çıxırmış, hamı satıb gedir və sairə.
Nə dərəcədə düzgün söhbət idi, ya şayiə idi - xəbərim yoxdur. Ancaq mövzunun dalıyca tanışım elə bir “texniki əsaslandırma” apardı ki, əlim üzümdə qaldı. Deyir, oradan ona görə su çıxır ki, həmin binaların altından... çay axır. Yeraltı çay. Birbaşa. Bəs o çayı tanışım harada görüb, bu haqda sualıma aldığım cavab isə məncə şedevrdir: “Axı Yer düzdür, suyun üstündədir, həmin sulardır”.
Əvvəlcə elə bildim mənimlə məzələnir, nəsə pis zarafat eləmək qərarına gəlib. Sonra gördüm, yox, ciddidir. Hətta dünyanın kürə şəklində deyil, yastı olması haqda mübahisəyə girişdi, bunu da belə əsaslandırdı: “Əgər Yer kürə şəklində olsa çayların heç biri üzü aşağı axmazdı”.
Ən faciəvisi isə odur ki, bu yoldaşın Texniki Universitetimizi bitirdiyini bilirdim. Düzdür, deyəsən, sovet dövründə. Ancaq ora çoxmu dəyişib? İnanmıram.
Hərçənd indi kimlərsə gəlib deyər ki, ona qalsa mikrobların xəstəlik törətdiyinə inanmayan adamı ABŞ-da səhiyyə naziri qoyublar, buna nə sözün, o zaman mənim susmaqdan başqa çarəm olmaz.
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ