Onlayn ictimai-siyasi qəzet
Valideynlər çox vaxt immuniteti zəif olan uşaqlara həkim məsləhəti olmadan müxtəlif dərman preparatları, vitaminlər verirlər.
Həkim təyinatı olmadan uşaqlara verilən dərman vasitələrinin gələcəkdə onlara hər hansı mənfi təsiri ola bilərmi?
“Orqanizmə daxil olan hər bir əlavə dərmanın zərəri var. Çünki dərmanlar yad maddədirlər və bir istiqamətdə kömək etsələr də, digər sistemin işini müəyyən dərəcədə pozurlar”.
Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Tərlan Əyyubov nazirliyin rəsmi instaqram səhifəsində izləyici suallarını cavablandırarkən deyib.
T.Əyyubov qeyd edib ki, dərman vasitələri yalnız həkim təyinatı ilə və mütləq göstərişə əsasən təyin edilməlidir:
“Məsələn, bir çoxları virus infeksiyalarında antibiotik verirlər. Birincisi, antibiotik virusa təsir etmir. Antibiotik, adından məlum olduğu kimi (anti- əks, bios – həyat, canlı), yəni həyata, canlıya qarşı deməkdir. Viruslar isə canlı deyillər. Bundan başqa antibiotik bakteriyalara hansı mexanizmlə təsir edirlərsə, bizim qanımızda tez-tez bölünən hüceyrələrə (limfositlərə - viruslarla mübarizə aparan hüceyrələr) də eyni cür təsir edirlər. Nəticədə virus xəstəliyi zamanı viruslarla mübarizə aparan limfositləri zədələmiş oluruq”.
Pediatr həmçinin bildirib ki, bəzən virus infeksiyaları zamanı hormonal spreylərdən istifadə olunur:
“Qətiyyən olmaz. Həmçinin, yuxarı və ya aşağı tənəffüs yolu xəstəliklərində inqalyasiyalardan istifadə edirlər. Bu da yolverilməzdir. Bir daha vurğulamaq istəyirəm ki, hər bir xəstəliyin əlamətinin yaranma mexanizmi, səbəbi var. Bunlar müxtəlifdir. Ona görə də, müalicə tədbirləri də bu mexanizm və törədiciləri əsas tutaraq lakonik şəkildə aparılmalıdır. Əks halda, “qaş düzəltdiyimiz yerdə, gözü vurub çıxara bilərik”.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ