İnsanlara hürriyət, millətlərə istiqlal!

Anti-Azərbaycan şəbəkənin Avropadan total hücumu

İsveçrə, Belçika, Fransa parlamentlərində, eləcə də ABŞ Konqresində təxribatçı addımlarla sülh gündəliyi pozulur - Bakıdan çirkin kampaniyaya sərt reaksiya

Ötən həftəsonu Fransa Milli Assambleyasında ermənipərəst və anti-Azərbaycan ünsürlər tərəfindən yeni qətnamə layihəsi irəli sürülüb. “Yeni Müsavat” yazır ki, qətnamə layihəsində rəsmi Parisi və Avropa İttifaqını Azərbaycan üzərinə təzyiqi artırmağa çağırış edilir. Qətnamənin müəllifləri Fransa Milli Assambleyasındakı Sağ Respublikaçılar fraksiyasının rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye, eləcə də həmin dostluq qrupunun sədr müavini Aleksandr Martendir.

Qətnamə layihəsində  qeyd olunur ki, Fransa - Ermənistanın dostu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsində əsas oyunçu kimi - regionda sülhün təmin olunmasına yönəlmiş Ermənistanın səylərinə tarixi və siyasi dəstək verməlidir. Bu kontekstdə, demokratiya, insan haqları, təhlükəsizlik və inkişaf prinsiplərinə əsaslanan Fransa-Ermənistan strateji tərəfdaşlıq sənədinin imzalanmasının vacibliyi vurğulanır.

Qətnamə layihəsində  Azərbaycan tərəfindən saxlanılan erməni hərbi əsirlərin və digər şəxslərin (əslində terrorçuların-red.) dərhal azad olunması tələbi irəli sürülür. Həmçinin Azərbaycanda bu şəxslər üzərində keçirilən məhkəmə proseslərinin guya “qondarma” olduğu iddia edilir. Sənəddə Azərbaycan dövləti ilə bağlı əsassız iftira da irəli sürülüb.

“Belə görünür ki, Azərbaycanla Ermənistan arasında xüsusən Əbu-Dabi görüşündən sonra sülh gündəliyinin irəliləməsi müəyyən qüvvələrin maraqlarına heç bir halda cavab vermir. Onlar vəziyyəti yenidən gərginləşdirmək və sülh gündəliyinə xələl gətirmək xəttini seçiblər. İndiki məqamda Fransa Milli Assambleyasında irəli sürülmüş bu lüzumsuz qətnamə cəhdi də bu davranışın növbəti bariz nümunəsidir”. Milli Məclisin Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair bəyanatında belə deyilir.

Ölkəmizə qarşı atılan bu kimi addımlarda bir-biri ilə əlaqəli olan vahid bir şəbəkənin fəaliyyəti özünü aydın şəkildə büruzə verir. Müəyyən qüvvələrin maraqlarını reallaşdırmağa çalışan həmin şəbəkənin ayrı-ayrı ünsürləri İsveçrə, Belçika və Fransa parlamentlərində, eləcə də ABŞ Konqresində müxtəlif təxribatlar ortaya ataraq regiondakı sülh gündəliyini pozmağa çalışırlar.

Maraqlıdır ki, bu proses, Azərbaycana qarşı birtərəfli və qərəzli qətnamələr Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsselə və Fransaya səfərindən dərhal sonraya təsadüf edir.

 Arzuxan Əlizadə

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, istər ABŞ Konqresində, istərsə Fransa Milli Assambeleyasında irəli sürülən qanun layihələri, qətnamələr Vardanyan və digərlərinin xərclədiyi pulun əvəzidir: “Onlar özləri də gözəl bilirlər ki, hərbi canilərin azad edilməsi mümkün deyil və Azərbaycana təzyiq göstərməklə nəticə əldə oluna bilməz. Avropa ölkələrində separatçıların hansı aqibətlə üzləşdiyini özləri də bilirlər. Hazırda məhkəmə prosesi kifayət qədər açıq keçirilir və sübutlar təqdim olunur. Ona görə də erməni pullarının qarşılığı olaraq xidmət göstərirlər, çağırışlar səsləndirirlər. Azərbaycan qanunvericiliyi əsasında həmin şəxslərə hökm oxunacaq. Odur ki, bu qətnamə layihələrindən narahat olmağa dəyməz”.

A.Əlizadə qeyd etdi ki, Azərbaycan dost və düşmənini tanımaqdadır: “Erməni separatizminin başında dayananlardan Köçəryan, Sərkisyan hələ azadlıqda gəzir, onlar da mühakimə olunmalıdırlar. Bu məsələni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Həbsdə olanlarla bağlı məsələ aydındır və cəzalarını alacaqlar, yerdə qalan hərbi cinayətkarların cəzalandırılması üçün də addımlar atılmalıdır”.

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir” | Modern.az

Akif Nağı  

Azad Vətən Partiyasının sədri Akif Nağı  prosesin bir mərkəzdən idarə olunduğu qənaətindədir: “Planlı şəkildə həyata keçirilən prosesdir. Bununla da qondarma ittihamlarla Azərbaycana qarşı çıxış edirlər. Əsas siqnal da ABŞ Konqresindən gəldi. Bir tərəfdən Tramp administrasiyası Azərbaycanla xoş münasibətdə olduğunu göstərir, digər tərəfdən isə konqresmenlər təşəbbüslərlə çıxış edirlər. Belə təəssürat yaranır ki, Amerika hakimiyyətində müxtəlif istiqamətli fikirlər mövcuddur. Amma təbii ki, bu, belə deyil. Bu, razılaşdırılmış bir xətdir. Biz dəfələrlə görmüşük ki, ABŞ prezidentləri Konqresin və ya Senatın qəbul etdiyi qərarları guya müstəqil şəkildə verilmiş qərarlar kimi təqdim edir, bunları demokratiyanın göstəricisi kimi dəyərləndirirlər. Halbuki orada vahid və razılaşdırılmış bir siyasət mövcuddur”.

Partiya sədri qeyd etdi ki, Azərbaycanın uğurları görünür, bu da həmin qüvvələri qane etmir: “Azərbaycanın regiondakı gücü ilə hesablaşmaq məcburiyyətində qalırlar. Eyni zamanda, Azərbaycanın mövqeyinə zərbə vurmağa çalışırlar. O zaman ermənilər çox müəmmalı şəkildə regionu tərk etdilər, onlara heç bir təzyiq göstərilmədi. Həmin vaxt da biz bildirirdik ki, xaricdə müəyyən mərkəzlər var və onlar ermənilərin çıxışlarını təşkil edirlər, sonradan isə Azərbaycana qarşı istifadə edəcəklər. İndi də bu proses davam etdirilir. Əsas məqsəd Azərbaycanın nüfuzuna zərbə vurmaq, regionda mövqeyini zəiflətmək və təsir imkanlarını azaltmaqdır. Məqsəd məhz budur”.

A.Nağı dedi ki, Fransa da, təbii olaraq, anti-Azərbaycan mövqeyində dayanır, təəccüb doğurmur: “Fransa bu cür məqamlardan istifadə etməyi özünə borc bilir və fürsət düşən kimi də istifadə etməyə çalışır. Azərbaycan bunu nəzərə almalı və mövqeyini qəti şəkildə ortaya qoymalıdır. Bu xətt belə də davam etdirilməlidir. Bu gün Bakıda hərbi canilər üzərində məhkəmə prosesi gedir. Prosesin gedişində dəhşətli faktlar üzə çıxır. Ancaq dünya kar və kor vəziyyətində qalır. Ortaya çıxan faciələri görmək istəmirlər, əvəzində görünməyən, mövcud olmayan hadisələri şişirdib problemə çevirməyə çalışırlar. Azərbaycan səbirli şəkildə sübutlarını təqdim etməlidir. Bir istiqamət bundan ibarət olmalıdır. Geri qayıtmaq istəyən ermənilər məsələsində isə mənim mövqeyim budur: onların böyük əksəriyyəti törətdikləri cinayətlərə görə orada yaşamaq haqqını itiriblər”.

Bununla belə AVP sədri qeyd etdi ki, Azərbaycan humanist dövlətdir: “Buna baxmayaraq, əgər onlar Azərbaycanın qanunlarını tanıyarlarsa, müəyyən şərtlər daxilində geri qayıda bilərlər. Amma onlar özlərindən yeni qaydalar çıxarmasınlar. Onlar üçün niyə hansısa güzəştlər olmalıdır? Onlar üçün xüsusi təhlükəsizlik təminatı nəzərdə tutulmamalıdır. Hesab edirəm ki, Azərbaycan qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaq prosesini daim gündəmdə saxlamalıdır. Necə olur ki, Qarabağdan çıxan 15-20 min erməninin hüquqlarını qorumağa çalışırlar, amma 300 min azərbaycanlının doğma torpaqlarına qayıtmaq istəyini görmək istəmirlər? Bu səbəbdən Azərbaycan öz mövqeyini qəti şəkildə ortaya qoymalıdır və heç bir halda geri çəkilmək olmaz”.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsində Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR