Onlayn ictimai-siyasi qəzet
Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ankaradakı Anadolu Mədəniyətləri Müzeyinin müdiri Yusuf Kıraç ilə görüşüb, muzey sahəsində əlaqələrin genişləndirilməsi, Azərbaycan muzeyləri ilə əməkdaşlıq məsələləri müzakirə edib.
Musavat.com xəbər verir ki, muzeydə keçirilmiş görüşdə arxeologiya sahəsində Türkiyənin qədim və zəngin müzeyi olan Anadolu Mədəniyətləri Müzeyi ilə Azərbaycanın aparıcı muzeyləri arasında əməkdaşlıq, təcrübə mübadiləsi müzakirə edilib.
Anadolu Mədəniyətləri Müzeyində Azərbaycan və Türkiyənin arxeologiya sahəsində alimləri, tədqiqatçılarının görüşü, arxeoloji qazıntılar zamanı aşkar olunmuş qədim mədəniyyətlərə dair təqdimatın, birgə elmi konfransın keçirilməsi, mədəniyyətə dair elmi mübadilə proqramlarının reallaşdırılması barədə fikir mübadiləsi aparılıb, Anadolu Mədəniyətləri Müzeyinin qabaqcıl təcrübələrinin bölüşülməsi və qeyd olunan təkliflərə dair iş aparılması razılaşdırılıb.
Samir Abbasov Azərbaycanda son illər aparılan arxeoloji qazıntılar zamanı çoxlu maddi-mədəniyyət nümunələrinin aşkar edildiyini, ölkəmizin ərazisinin qədim insan yaşayış məskənlərinin, Kür-Araz, Xocalı-Gədəbəy və b. mədəniyyətlərin beşiyi olduğunu söyləyib.
Tərəflər iki ölkə muzey rəhbərlərinin qarşılıqlı səfərləri, Türkiyədə muzey fondlarının reyestri, onların tədqiqi sahəsində yeni yaradılmış onlayn Muzey inventar sisteminə Azərbaycan, Türk dövlətləri, İpək yolu üzrə dövlətlərin muzeylərinin qoşulmasına dair fikir mübadiləsi aparılıb, Azərbaycan muzeylərinin sözügedən sistemə qoşulmasına dair təkliflər dəyərləndirilib, bu sahədə birgə iş aparılması müzakirə olunub.
Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış MUES (Muzey Milli İnventar Sistemi) sisteminin əsas məqsədi bütün muzeylərdə olan əsərlər haqqında ətraflı məlumatların saxlanılacağı milli məlumat bankının yaradılması, süni intellekt vasitəsi ilə əsərlərə aid qazıntı sahələrindəki araşdırmalardan laboratoriya proseslərinə, özəl muzeylərdən kolleksiyaçı əməliyyatlarına qədər bir çox məlumatları bazaya daxil edərək, əsərlər və muzeylər üçün milli və standart metadata modelinin təmin edilməsi, qaçaqmalçılıq və saxta işlərin aşkarlanmasına yardım, zərər və risklərdən qorumaq və s. ibarətdir.
Sonda hər il milyonlarla insanın, turistin ziyarət etdiyi nüfuzlu Anadolu Mədəniyətləri Müzeyində Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlərin, təqdimatların keçirilməsi razılaşdırılıb və Müzey ziyarət olunub. Anadolu Mədəniyyətlər Muzeyində müxtəlif bölmələr, Türkiyə ərazisində arxeologiya sahəsində aparılan qazıntılar, tədqiqatların nəticəsində aşkar olunmuş eksponatlar, Anadolu ərazisindəki mədəniyyətlərə dair abidələrə baxış keçirilib.
Musavat.com
10 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ